Prezident İlham Əliyevin media baxışı: fundamentallıq, etimad və nüfuz

02.10.2026

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Dünya müxtəlif qütblərə ayrılsa da...

Prezident İlham Əliyev Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) “Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusundakı Media Forumunun iştirakçılarına müraciətində son dərəcə vacib məqamlara toxundu. O məqamlar ki, özündə birmənalı konseptuallıq təbiətini daşıyır.

İlk növbədə, dövlətimizin başçısının “etibarlı məlumat yalnız peşəkar jurnalistikanın deyil, bütövlükdə, informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir” fikrinin üzərində dayanaq. Hesab edirik ki, belə yanaşma özlüyündə məsuliyyət çağırışıdır. Söhbət qloballaşan və qütbləşmiş dünyada informasiya amilinə həssas yanaşmanın vacibliyinə dair çağırışdan gedir. Əlbəttə, Prezident İlham Əliyev müraciətində digər konseptual fikirlər də açıqladı ki, yazımız həmin fikirlərin təhlilini aparmaq məramından qaynaqlanır.

İnformasiya artıq əvvəlki dəyər deyil

Məlumdur ki, hazırkı dünya düzənində media artıq yalnız informasiyanın çatdırılması vasitəsi deyil, müasir dünyanın siyasi, ictimai və mənəvi münasibətlər sisteminə təsir göstərən mühüm strateji alətdir. Mövcud reallıqda onun yaydığı etibarlı informasiya isə dövlətlərarası münasibətlərdə etimadın, cəmiyyətlərarası dialoqun və beynəlxalq əməkdaşlığın mühüm dayaqlarındandır.

Fikrimizi izah etmək üçün bildirək ki, XXI əsrin üçüncü onilliyində dünya əvvəlki dövrlərlə müqayisədə daha sürətli dəyişir. Geosiyasi rəqabətin kəskinləşməsi, yeni təhlükəsizlik çağırışlarının meydana çıxması, rəqəmsal texnologiyaların həyatın bütün sahələrinə nüfuzu və informasiya axınlarının görünməmiş sürətlə artması qlobal münasibətlər sisteminin mahiyyətini dəyişdirir. Axı hazırda hansısa hadisənin siyasi, iqtisadi və ya diplomatik nəticələri yalnız həmin hadisənin özündən deyil, onun təqdimatından, hansı informasiya çərçivəsində ictimaiyyətə çatdırılmasından asılıdır. Prezident İlham Əliyev müraciətində məhz bu reallığa diqqət çəkir. Ona görə diqqət çəkir ki, qütbləşən dünyada qarşıdurmaların dərinləşməsinin səbəblərindən biri də informasiya məkanında etimad böhranının genişlənməsidir.

İnformasiya – görünməyən cəbhə

Bəli, müasir dünyamızda informasiya artıq siyasi qərarların qəbuluna, ictimai davranışa, ölkələrin beynəlxalq imicinə, hətta dövlətlərarası münasibətlərin istiqamətinə təsir göstərə bilən güc faktoruna çevrilib. Dövlətimizin başçısının da vurğuladığı kimi, fərqli maraqların və baxışların toqquşduğu rəqəmsal əsrdə yayılan istənilən məlumat cəmiyyətlərarası və dövlətlərarası münasibətlərə təsir potensialına malikdir. Bu fikir, əslində, çağdaş dünyanın fundamental paradoksunu ifadə edir. Paradoks isə budur: informasiya texnologiyaları insanları bir-birinə əvvəlkindən daha çox yaxınlaşdırdığı halda, yanlış və manipulyativ informasiya onları əvvəlkindən daha sürətlə qarşı-qarşıya da gətirir.

Məsələ ondadır ki, bir neçə saniyədə yayılan saxta xəbər bəzən onun təkzibindən milyonlarla insanın xəbər tutmasından daha sürətlidir. Məhz belə bir şəraitdə informasiya məsuliyyəti artıq yalnız jurnalistin və ya redaksiyanın peşə etikası məsələsi deyil, dövlətlərarası münasibətlərin, ictimai sabitliyin və beynəlxalq təhlükəsizliyin mühüm komponentidir. Prezident İlham Əliyevin lap əvvəldə üzərində dayandığımız fikri elə bu məqamın mükəmməl ifadəsidir. Məhz buna görədir ki, dövlətimizin başçısı medianı ictimai rəyin formalaşdırılmasına, qarşılıqlı etimad və anlaşmaya, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərən qüvvə kimi qiymətləndirir. Ölkəmizin lideri fikirləri ilə həmçinin dezinformasiyanı etimad böhranını dərinləşdirən amil kimi göstərir.

Dezinformasiya və ya etimadsızlıq

Heç şübhəsiz, bu gün qlobal informasiya məkanının qarşısında dayanan ən ciddi problemlərdən biri məhz dezinformasiyadır. Problem ondadır ki, dezinformasiya yalnız yanlış bilgi deyil, həm də bilərəkdən, məqsədli şəkildə yayılması təmin edilən yalandır və ona görə çox təhlükəlidir. Axı həqiqətə bənzər şəkildə göstərilən yanlışlıq ictimai şüurda real hadisə haqqında saxta təsəvvür formalaşdırır.

Nəticədə insanlar yalnız ayrı-ayrı xəbərlərə deyil, bütövlükdə informasiya məkanına etibarlarını itirə bilirlər və bu, daha təhlükəlidir. Bir anlğa inam və etimad hissindən məhrum duruma düşmüş cəmiyyətləri təsəvvürə gətirək. Eləcə də həmin cəmiyyətlərin zombilərdən fərqlənməyən, bəşəri hisslərdən uzaq insanlarını. Həqiqətən, dəhşətli mənzərədir.

Deməli, informasiya məkanında etimad itdikdə, həqiqətlə yalan arasındakı sərhəd də ictimai şüur üçün bir növ bulanıqlaşır. Süni intellektin sürətli inkişafı isə mənzərəni daha da dramatikləşdirir. Habelə, deepfake texnologiyaları, saxta audio və videolar, avtomatik yaradılan mətnlər və manipulyativ rəqəmsal materiallar informasiya mühitində həqiqətin identifikasiyasını çətinləşdirir.

Bunlara görədir ki, Prezident İlham Əliyev süni intellekt texnologiyalarından sui-istifadənin, saxta informasiya və materialların hazırlanmasının ictimai etimada birbaşa təsir göstərdiyini xüsusi vurğulayır. Belə nəticə hasil olur ki, texnoloji inkişaf hələ tərəqqinin tam göstəricisi deyil. Yəni, əsas məsələ texnologiyalardan hansı məqsədlərlə və hansı məsuliyyət çərçivəsində yararlanmadır. Yeri gəlmişkən, Media və Yayım Şurasının təşkilatçılığı ilə keçirilmiş “Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusundakı Bakı Forumunun ayrı-ayrı panellərində mövcud məqam, kifayət qədər, ətraflı və dolğun təhlil edildi.

Sosial media və məsuliyyət

Məlum olduğu kimi, ənənəvi media modelində informasiyanın hazırlanması və yayılması müəyyən peşəkar filtrlərdən keçir. Redaktor, jurnalist, xəbər agentliyi və redaksiya məsuliyyəti prosesin əsas mexanizmlərini təşkil edir. Rəqəmsal platformalar isə bu sistemi kökündən dəyişib. Hazırda istənilən sosial media istifadəçisi informasiya istehsalçısına və yayıcısına çevrilə bilər. Bir smartfonla çəkilən görüntünün dünyanın ən böyük media qurumlarının yayım sürətindən daha tez qlobal auditoriyaya çatması mümkündür.

Əlbəttə, hazırkı vəziyyət informasiya azadlığı baxımından böyük imkanlar deməkdir. Lakin mövcud durum, eyni zamanda, yeni məsuliyyət doğurur. Buna görə də Prezident İlham Əliyev sosial media və rəqəmsal platformaların informasiya məkanında rolunun sürətlə böyüməsi fonunda hesabatlılıq və məsuliyyət amilini qabardır. Dövlətimizin başçısı informasiya imkanlarının genişləndikcə məsuliyyətin genişləndirilməsinin çağırışını səsləndirir. Yəqin razılaşarsınız ki, cəmiyyətlərin məlumatlandırılmasına deyil, manipulyasiyaya, insanları çaşdırmağa yönəlmiş texnoloji imkanlar heç kəsə lazım deyil. Həm də o səbəbdən lazım deyil ki, texnoloji imkanların cəmiyyətləri təhdid ampluası bütövlükdə milli və beynəlxalq təhlükəsizlik baxımından son dərəcə zərərlidir.

Etibarlı informasiya – milli və beynəlxalq təhlükəsizlik

Əminliklə deyə bilərik ki, Prezident İlham Əliyev məxsusi yanaşması ilə media məsələsinə ənənəvi baxışdan daha geniş perspektiv təqdim edir. Bu təqdimatda önə sağlam informasiya ekosistemi çıxır. O ekosistem ki, yaradılması bir qurumun və ya bir peşə qrupunun vəzifəsi ola bilməz. Ona görə də dövlətimizin başçısı dövlət orqanlarının, media subyektlərinin, rəqəmsal platformaların, jurnalistlərin, tədqiqatçıların həmrəyliyi amilini vurğulayır.

Qeyd edək ki, sadalanan institutların əməkdaşlığının əsas müştərək məqsədi informasiya üzərində inzibati nəzarət yaratmaq deyil, etibarlı informasiyanın istehsalı, yoxlanılması və yayılması üçün məsuliyyətli mühit formalaşdırmaqdır. Prezident İlham Əliyevin müraciətinin konseptual mahiyyətinin göstəricilərindən biri də sənədin bu mühit naminə çağırış məqsədi daşımasıdır.

Media savadlılığı və ya ictimai immunitet

Aydındır ki, dezinformasiyaya qarşı mübarizədə yalnız saxta xəbərlərin təkzibi ilə kifayətlənmək yetərsizdir. Çünki bəzən təkzib gecikir, bəzən isə necə deyərlər, iş-işdən keçmir olur. Əvvəldə də bildirdik ki, dezinformasiyanın yayım sürətinin onun təkzibi sürətinə qeyri-adekvatlıq təbiəti var. Deməli, cəmiyyət özü də informasiya manipulyasiyasını tanımaq qabiliyyətinə malik olmalıdır. Bunun yolu isə “Media haqqında” Azərbaycan Respublikasının Qanununda da əksini tapmış “Media savadlılığı” anlayışının dərkindən keçir.

Bəli, tam qətiyyətlə demək olar ki, məhz media savadlılığı müasir vətəndaş cəmiyyətinin əsas bacarıqlarından birinə çevrilməlidir. Hər bir şəxs informasiyanın mənbəyini, müəllifini, məqsədini, kontekstini və doğrulanma imkanlarını qiymətləndirməyi bacarmalıdır. İnformasiya immunitetini formalaşdıran da bu bacarıqdır. Ona görə də Prezident İlham Əliyev müraciətində media savadlılığının artırılmasını və yeni texnologiyaların məsuliyyətli tətbiqini etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtləri kimi göstərir. Nəzərə alaq ki, bu baxış xüsusilə gənc nəslin davranışı baxımından mühüm əhəmiyyətə malikdir. Çünki rəqəmsal platformalarda böyüyən nəsil üçün informasiya artıq ayrıca xəbər yox, gündəlik həyatın ayrılmaz tərkib hissəsidir.

Azərbaycanın dünyaya mesajı

Sonda onu da deyək ki, AQEM Media Forumunun məhz Bakıda keçirilməsi xüsusi siyasi və diplomatik məna daşıyır. Axı Azərbaycanın AQEM-də sədrliyi dövründə təşkilatın institusional imkanlarının gücləndirilməsi, praktiki əməkdaşlığın genişləndirilməsi və üzv dövlətlər arasında qarşılıqlı əlaqələrin intensivləşdirilməsi istiqamətində tədbirlər həyata keçirilib və bu, ölkəmizin çoxtərəfli diplomatiya xətti ilə uzlaşır.

Qütbləşmiş dünyada ən böyük ehtiyac isə yeni informasiya divarlarının tikilməsi deyil, etibarlı informasiya körpülərinin qurulmasıdır. Hesab edirik ki, Bakı forumu da obrazlı desək, bu egidanı rəhbər tutur. Prezident İlham Əliyevin fikirləri isə informasiya körpüsü baxımından həqiqət, peşəkarlıq və məsuliyyət dayağı müəyyənləşdirir. Belə yanaşma müasir beynəlxalq münasibətlər sistemində etimadın qorunmasını hədəfləyən konseptual dəyərləndirmədir. Onu da nəzərə alaq ki, etimad olmadan nə dialoq, nə əməkdaşlıq, nə də davamlı sülh mümkündür. Azərbaycanın dünyaya verdiyi mesajın ağırlıq yükü də məhz bundadır.

Əvəz RÜSTƏMOV
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью