Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.
Azərbaycan beynəlxalq münasibətlər sistemində müstəqil xarici siyasət strategiyası, suveren qərarvermə prinsipi və milli maraqlara əsaslanan diplomatik fəaliyyəti ilə özünəməxsus mövqeyə malikdir. Ölkəmizin beynəlxalq nüfuzunun möhkəmlənməsi, dövlətlərarası münasibətlərdə etibarlı tərəfdaş kimi qəbul olunması və qlobal siyasi proseslərdə iştirak imkanlarının genişlənməsi ardıcıl xarici siyasət xəttinin nəticəsidir. Şübhəsiz ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni geosiyasi reallıqlara uyğun davam etdirilən bu siyasi kurs Azərbaycanın dövlətçilik maraqlarının beynəlxalq müstəvidə qorunmasına, milli suverenliyinin möhkəmləndirilməsinə və strateji mövqelərinin gücləndirilməsinə xidmət edir.
Müasir beynəlxalq münasibətlər sistemində fəal mövqeyə malik olan Azərbaycan Avropa, Asiya və digər regionlarda siyasi dialoqun, dövlətlərarası əməkdaşlığın və çoxtərəfli diplomatiyanın inkişafında iştirak edir. Qoşulmama Hərəkatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM), İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası və digər beynəlxalq platformalar ölkəmizin xarici siyasət prioritetlərinin irəli sürüldüyü mühüm diplomatik məkanlardır. Bu qurumlarda təmsilçilik Azərbaycanın beynəlxalq gündəliyə münasibətini ifadə etmək, milli maraqlarını müdafiə etmək və dövlətlərarası siyasi dialoqda iştirak etmək imkanlarını genişləndirir.
Avropa İttifaqı ilə münasibətlər də Azərbaycanın xarici siyasətində strateji əhəmiyyət daşıyan istiqamətlərdən biridir. Bu münasibətlərin siyasi dialoq, enerji təhlükəsizliyi, nəqliyyat-kommunikasiya əlaqələri, iqtisadi əməkdaşlıq və regional təhlükəsizlik kimi sahələri əhatə etməsi tərəfdaşlığın geosiyasi əhəmiyyətini artırır. Avropa Siyasi Birliyinin sammitlərində Prezident İlham Əliyevin iştirakı və ölkəmizin bu platformada mövqeyini birbaşa ifadə etməsi Azərbaycanın Avropa məkanında siyasi dialoqun fəal iştirakçısı olduğunu göstərir.
Prezident İlham Əliyevin İrlandiyaya səfəri və “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısında iştirakı Azərbaycanın beynəlxalq nüfuzunun, ölkəmizə göstərilən yüksək etimadın və qlobal siyasi proseslərdə artan rolunun göstəricisidir.
İrlandiyanın Baş naziri Mixol Martinin və Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın dövlət başçımızı zirvə toplantısına dəvət etməsi Azərbaycanın Avropa ilə siyasi dialoqunun və əməkdaşlığının əhəmiyyətini bir daha təsdiqləyir. Dublində keçirilən zirvə toplantısı çərçivəsində Prezident İlham Əliyevin “Rəqabətqabiliyyətli Avropanın yaradılması – innovasiya, bağlantılar və əlçatan enerji” mövzusunda dəyirmi masada iştirakı enerji təhlükəsizliyi, nəqliyyat bağlantıları və innovasiya sahələrində ölkəmizin strateji imkanlarını bir daha diqqətə çatdırdı.
Dövlət başçısının nüfuzlu “Avropa Siyasi Birliyi”-nin 9-cu Zirvə Toplantısında iştirakı Azərbaycanın regional liderlik mövqeyindən çıxış edərək qlobal siyasi proseslərdə də fəal iştirak etdiyini, beynəlxalq gündəliyin formalaşmasına öz töhfəsini verdiyini göstərir. Dövlət başçısının müxtəlif beynəlxalq platformalarda apardığı siyasi dialoq, irəli sürdüyü təşəbbüslər və dövlətlərarası əməkdaşlığın genişləndirilməsi istiqamətində atdığı mühüm addımlar ölkəmizin diplomatik uğurlarını artırır. Xarici siyasətimizin çoxşaxəli xarakteri Azərbaycanın milli maraqlarının beynəlxalq müstəvidə ardıcıl müdafiəsinə, strateji tərəfdaşlıqların möhkəmlənməsinə və yeni əməkdaşlıq istiqamətlərinin açılmasına xidmət edir. Prezident İlham Əliyevin qlobal miqyaslı liderliyi Azərbaycanın dünya siyasətində söz sahibi olan dövlət kimi tanınmasında, beynəlxalq münasibətlər sistemində fəal iştirakında və strateji tərəfdaşlıq əlaqələrinin genişlənməsində mühüm rol oynayır. Azərbaycanın “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirakı dövlətimizin beynəlxalq əlaqələrinin genişliyini, xarici siyasətimizin strateji hədəflərini və Prezident İlham Əliyevin qlobal siyasi proseslərdəki liderlik rolunu bir daha nümayiş etdirdi.
Xumar Məmmədova,
Naxçıvan MR Ali Məclisinin deputatı, Naxçıvan Dövlət Universitetinin dosenti