Prezident istilik təchizatı ilə bağlı fərman imzaladı KONKRET

14.07.2025

Konkret.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Prezident İlham Əliyev “İstilik təchizatı haqqında” Azərbaycan Respublikasının 2025-ci il 24 iyun tarixli 222-VIIQ nömrəli Qanununun tətbiqi barədə fərman imzalayıb.

KONKRET.az fərmanın mətnini təqdim edir:

1. Müəyyən edilsin ki:

1.1. “İstilik təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 6.1-ci, 10.1.1-ci, 10.1.3-cü, 11.1.7-ci, 13.1.1-ci, 13.7.2-ci, 14.6-cı, 20.1-ci, 23.3-cü, 26.1-ci, 26.2-ci və 26.3-cü (hər üç halda) maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Qanunun 20.1-ci və 26.3-cü (birinci halda) maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur;

1.3. həmin Qanunun 10.1.1-ci, 14.6-cı və 23.3-cü maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;

1.4. həmin Qanunun 10.1.3-cü, 11.1.7-ci, 13.1.1-ci, 13.7.2-ci və 26.3-cü (ikinci halda) maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Energetika Nazirliyi nəzərdə tutulur;

1.5. həmin Qanunun 26.2-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası nəzərdə tutulur;

1.6. həmin Qanunun 26.1-ci və 26.3-cü (üçüncü halda) maddələrində “orqan (qurum)” dedikdə Enerji Məsələlərini Tənzimləmə Agentliyi qismində Azərbaycan Respublikasının Energetika Nazirliyi nəzərdə tutulur;

1.7. həmin Qanunun 6.1-ci maddəsində “orqan (qurum)” dedikdə yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. aşağıdakı normativ hüquqi aktları doqquz ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin:

2.1.1. “İstilik təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 10.1.1-ci maddəsinə uyğun olaraq, istilik enerjisindən istifadə qaydalarını;

2.1.2. həmin Qanunun 14.6-cı maddəsinə uyğun olaraq, çoxmənzilli yaşayış binaları layihələndirilərkən hər bir mənzil üzrə fərdi istilik sistemlərinin quraşdırılmasına icazə verilən halları;

2.1.3. həmin Qanunun 23.3-cü maddəsinə uyğun olaraq, şəbəkənin mühafizə zonalarının ölçülərini və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair tələbləri;

2.2. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Energetika Nazirliyi:

3.1. “İstilik təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13.1.1-ci maddəsinə uyğun olaraq, aşağıdakı normativ hüquqi aktları doqquz ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin:

3.1.1. istilik qurğularının quraşdırılması qaydalarını;

3.1.2. istilik qurğularının istismarında təhlükəsizlik texnikası qaydalarını;

3.1.3. istilik qurğularının texniki istismar qaydalarını;

3.2. həmin Qanundan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görsün.

4. “İstilik təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı:

4.1. qəbul ediləcək Azərbaycan Respublikası Prezidentinin aktları, Azərbaycan Respublikası Nazirlər Kabinetinin və mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktları həmin Qanunun müvafiq maddələrinin qüvvəyə mindiyi tarixdən tez qüvvəyə minməsin;

4.2. qanunların və normativ xarakterli aktların layihələri hazırlanarkən həmin Qanunun müvafiq maddələrinin qüvvəyəminmə tarixi nəzərə alınsın.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью