Icma.az bildirir, Xalq qazeti portalına istinadən.
Bu layihə milli söz yaddaşının rəqəmsal müstəvidə qorunmasına xidmət edir
Milli ədəbi irs hər bir xalqın tarixi yaddaşının tərkib hissəsidir. Ədəbiyyat yalnız müəyyən tarixi dövrün bədii mənzərəsini əks etdirən əsərlər toplusu deyil, eyni zamanda, xalqın dünyagörüşünü, milli düşüncə tərzini, ictimai-siyasi baxışlarını, mənəvi-estetik dəyərlərini və tarixi təcrübəsini gələcək nəsillərə ötürən mühüm informasiya mənbəyidir. Bu baxımdan ədəbi irsin qorunması, sistemləşdirilməsi və müasir informasiya texnologiyalarının imkanlarından istifadə etməklə geniş auditoriyaya çatdırılması müasir kitabxanaların qarşısında duran mühüm vəzifələrdən biridir.
XXI əsrdə kitabxanaların fəaliyyətində baş verən yeniləşmə prosesi ənənəvi fondların qorunması ilə yanaşı, onların rəqəmsallaşdırılmasını, elektron informasiya resurslarının yaradılmasını və istifadəçilərə yeni xidmətlərin təqdim edilməsini də zəruri etmişdir. Xüsusilə milli-mədəni irsin mühüm hissəsini təşkil edən nadir, qiymətli və tədqiqat əhəmiyyətli nəşrlərin elektron resurslar şəklində sistemləşdirilməsi onların əlçatanlığını artırır, uzunmüddətli mühafizəsinə şərait yaradır və müxtəlif coğrafi məkanlarda yerləşən istifadəçilərin həmin mənbələrdən yararlanmasına imkan verir.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının fəaliyyəti bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Kitabxananın elektron resursları sırasında təqdim olunan “Ədəbi irs” kolleksiyası Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılıq irsinin rəqəmsal müstəvidə sistemli şəkildə təqdim edilməsinə yönəlmiş mühüm informasiya resursudur.
Bu məqalədə Prezident Kitabxanasının “Ədəbi irs” kolleksiyası (https://www.preslib.az/az/collections/bibliobooks) Azərbaycan ədəbi-mədəni yaddaşının rəqəmsallaşdırılması kontekstində nəzərdən keçirilir, kolleksiyanın struktur-məzmun xüsusiyyətləri, elmi-biblioqrafik və maarifləndirici əhəmiyyəti, ayrı-ayrı ədəbi şəxsiyyətlərin təqdimat prinsipləri və gələcək inkişaf perspektivləri təhlil edilir.
Ədəbi irsin qorunması missiyası
Ədəbi irs anlayışı geniş məzmun daşıyır. Buraya yalnız yazıçı və şairlərin bədii əsərləri deyil, onların yaradıcılığı ilə bağlı elmi tədqiqatlar, monoqrafiyalar, məqalələr, xatirələr, bioqrafik materiallar, biblioqrafik göstəricilər, müxtəlif nəşrlər və digər informasiya mənbələri də daxildir. Buna görə də ədəbi irsin qorunması çoxsəviyyəli proses kimi qəbul edilməlidir.
Ənənəvi kitabxana şəraitində ədəbi irsin mühafizəsi əsasən fiziki daşıyıcıların qorunması ilə bağlı idisə, rəqəmsal kitabxana modelində bu fəaliyyətə yeni istiqamətlər əlavə olunmuşdur.
Düzgün təşkil olunmuş virtual kolleksiya müxtəlif tipli informasiya materiallarını vahid məntiqi struktur daxilində birləşdirərək istifadəçiyə konkret mövzu və ya şəxsiyyət haqqında kompleks informasiya əldə etmək imkanı yaradır. Bu baxımdan “Ədəbi irs” kolleksiyasını Azərbaycan ədəbiyyatı haqqında sistemləşdirilmiş rəqəmsal informasiya resursu kimi qiymətləndirmək mümkündür.
Belə resursların mühüm üstünlüklərindən biri də ədəbi irsin zaman və məkan məhdudiyyətlərindən azad şəkildə təqdim edilməsidir. Tədqiqatçı, tələbə, müəllim və ya sadə oxucu kitabxanaya fiziki müraciət etmədən konkret ədəbi şəxsiyyət haqqında elektron resurslardan istifadə edə bilir. Bu isə kitabxananın informasiya xidmətinin əhatə dairəsini genişləndirir.
“Ədəbi irs” kolleksiyası nədir?
Prezident Kitabxanasının “Kolleksiyalar” bölməsində “Ədəbi irs” ayrıca tematik istiqamət kimi formalaşdırılmışdır. Kolleksiyanın strukturunda ayrı-ayrı ədəbi şəxsiyyətlərə həsr olunmuş virtual bölmələrin yaradılması diqqəti cəlb edir. Belə təqdimat üsulu istifadəçiyə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılığı ilə tanış olmaq imkan verir.
Kolleksiyanın əhatə dairəsi xronoloji baxımdan da maraqlıdır. Burada Azərbaycan klassik ədəbiyyatının böyük nümayəndəsi Nizami Gəncəvi ilə yanaşı, Məhəmməd Füzuli, Mirzə Ələkbər Sabir kimi klassiklər, Mir Cəlal Paşayev, Cəfər Cabbarlı, İsa Muğanna kimi XX əsr ədəbiyyatının nümayəndələri, Bəxtiyar Vahabzadə, Nəriman Həsənzadə, Elçin Əfəndiyev və Sabir Rüstəmxanlı kimi müasir ədəbi prosesin mühüm simaları təqdim olunur. Bu xüsusiyyət kolleksiyanın Azərbaycan ədəbiyyatının müxtəlif tarixi mərhələlərini əlaqələndirən struktur yaratdığını göstərir.
Klassik irsin rəqəmsal təqdimatı
“Ədəbi irs” kolleksiyasının əhəmiyyətli istiqamətlərindən biri Azərbaycan klassik ədəbiyyatının nümayəndələrinin rəqəmsal mühitdə təqdim edilməsidir.
Nizami Gəncəviyə həsr olunmuş kolleksiya bu baxımdan xüsusi diqqətəlayiqdir. Kolleksiyada şairin epik poemalarından lirik nümunələrinə, aforizmlərindən fəlsəfi düşüncələrinə qədər yaradıcılığının müxtəlif qatlarını əhatə edən əsərlər təqdim olunur.
Nizami yaradıcılığının kolleksiyada təqdim edilməsi yalnız klassik ədəbiyyat nümunələrinin elektronlaşdırılması baxımından deyil, həm də Azərbaycan ədəbiyyatının dünya ədəbi-mədəni prosesindəki yerinin nümayişi baxımından əhəmiyyətlidir. Nizami irsində humanizm, ədalət, elm, mənəvi kamillik, insan şəxsiyyətinin ucalığı kimi ümumbəşəri ideyaların geniş yer tutması onun yaradıcılığını müxtəlif dövrlərdə aktual saxlayan başlıca amillərdəndir.
Məhəmməd Füzuli irsidə kolleksiyanın əsas məzmun istiqamətlərindən birini təşkil edir. Füzuli Azərbaycan ədəbi-bədii fikrinin inkişafında mühüm rol oynamış, Azərbaycan, ərəb və fars dillərində yaratdığı əsərlərlə Yaxın və Orta Şərq ədəbi-mədəni məkanında dərin iz qoymuşdur. Onun irsinin virtual kolleksiya çərçivəsində təqdim olunması klassik Azərbaycan poeziyasının zənginliyinin elektron informasiya mühitinə daşınmasına xidmət edir.
Müasir Azərbaycan ədəbiyyatı
“Ədəbi irs” kolleksiyasının mühüm üstünlüklərindən biri yalnız klassik irslə məhdudlaşmaması, XX əsr və müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinə də geniş yer verilməsidir.
Mirzə Ələkbər Sabirin yaradıcılığı bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Azərbaycan ədəbiyyatında tənqidi realizmin mühüm nümayəndələrindən biri olan Sabirin yaradıcılığı ictimai həyatın ziddiyyətlərinin, cəhalət və geriliyin tənqidinin, milli maarifçilik ideyalarının bədii ifadəsi ilə səciyyələnir. Prezident Kitabxanasının kolleksiya təqdimatında da onun yaradıcılığı milli ictimai fikrin inkişafı ilə əlaqələndirilir.
Mir Cəlal Paşayevin irsi isə Azərbaycan nəsrinin inkişafı, realizm ənənələrinin davam etdirilməsi və insan xarakterinin sosial-mənəvi mühitlə əlaqədə təqdim olunması baxımından diqqət çəkir. Kolleksiya təqdimatında onun “Bir gəncin manifesti” əsərinin dövrün ictimai-siyasi mühiti, milli oyanış və gənc nəslin dünyagörüşünün formalaşması ilə əlaqəsi vurğulanır.
Kolleksiyada mühüm yer tutan istiqamətlərdən biri Cəfər Cabbarlının ədəbi irsidir. Burada yazıçının zəngin yaradıcılıq irsi, dramaturji əsərləri, ədəbi-bədii fəaliyyəti, həyat və yaradıcılığına dair tədqiqatlar, monoqrafiyalar və müxtəlif nəşrlər öz əksini tapmışdır. Təqdim olunan kitablar Cəfər Cabbarlının Azərbaycan ədəbiyyatı və dramaturgiyasının inkişafında oynadığı mühüm rolu, sənət dünyasının başlıca xüsusiyyətlərini, yaradıcılığının əsas istiqamətlərini və ədəbi irsinin müxtəlif dövrlərdə tədqiqini əhatəli şəkildə nümayiş etdirir
Müasir Azərbaycan ədəbiyyatının təqdimatı baxımından Elçin Əfəndiyevin yaradıcılığı da kolleksiyada xüsusi əhəmiyyət daşıyır. Yazıçının nəsr və dramaturgiya nümunələrinin kolleksiyada sistemli şəkildə bir araya gətirilməsi onun çoxşaxəli yaradıcılıq irsini və müxtəlif janrlarda nümayiş etdirdiyi sənətkarlıq xüsusiyyətlərini əks etdirir. Kolleksiyada təqdim olunan əsərlər Elçin Əfəndiyevin müasir Azərbaycan ədəbiyyatının inkişafındakı mövqeyini, yaradıcılıq üslubunu və ədəbi prosesə verdiyi töhfələri izləməyə imkan yaradır.
Poeziya, milli kimlik və tarixi yaddaş
“Ədəbi irs” kolleksiyasının ayrı-ayrı nümunələri Azərbaycan poeziyasında milli kimlik, vətəndaşlıq mövqeyi, azadlıq və tarixi yaddaş məsələlərinin necə əks olunduğunu izləməyə imkan verir.
Prezident Kitabxanasının “Ədəbi irs” kolleksiyasında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Səməd Vurğunun müxtəlif illərdə nəşr olunmuş əsərləri, şeirləri, poemaları və dram əsərləri geniş şəkildə təqdim edilir. Kolleksiyada şairin “Vaqif”, “Aygün”, “Azərbaycan” kimi məşhur əsərləri ilə yanaşı, çoxcildlik nəşrləri, aforizmləri və yaradıcılığından nümunələrin müxtəlif dillərə tərcümə olunmuş nəşrləri də yer alır.
Bəxtiyar Vahabzadənin virtual kolleksiyasının yaradılması “Ədəbi irs” bölməsinin müasir ədəbi şəxsiyyətlərin irsinin rəqəmsal mühitdə sistemləşdirilməsi istiqamətində inkişaf etdiyini göstərir. Kolleksiyada şairin poeziya nümunələri, poemaları, pyesləri, elmi-publisistik əsərləri və monoqrafiyaları toplanmışdır.
Bəxtiyar Vahabzadə yaradıcılığında milli kimlik, ana dili, vətəndaşlıq məsuliyyəti və azərbaycançılıq ideyalarının mühüm yer tutması onun irsinin yalnız ədəbi deyil, həm də ictimai-mədəni əhəmiyyətini müəyyənləşdirir. “Gülüstan” və “Şəhidlər” kimi poemalarında xalqın tarixi taleyi və milli yaddaş məsələlərinin bədii ümumiləşdirilməsi şairin yaradıcılığını Azərbaycan ictimai fikrinin mühüm hadisələri ilə əlaqələndirir.
Sabir Rüstəmxanlının kolleksiyası da bu baxımdan səciyyəvi nümunədir. Onun yaradıcılığında milli kimlik, azadlıq ideyası, Vətən sevgisi, tarixi yaddaş və istiqlal düşüncəsi mühüm yer tutur.
Kolleksiyanın elmi-biblioqrafik önəmi
Müasir kitabxananın əsas funksiyalarından biri informasiya resurslarının tədqiqat üçün əlçatanlığını təmin etməkdir. “Ədəbi irs” kolleksiyası bu funksiyanı bir neçə istiqamətdə həyata keçirir.
Kolleksiya müxtəlif illərdə nəşr edilmiş materialların konkret ədəbi şəxsiyyət ətrafında sistemləşdirilməsinə imkan verir. Bu, tədqiqatçı üçün ilkin informasiya axtarışını asanlaşdırır. Ədəbiyyatşünaslar konkret müəllifin əsərləri ilə yanaşı, onun yaradıcılıq yolu və ədəbi mövqeyi haqqında təqdim olunan məlumatlardan da istifadə edə bilərlər.
Kolleksiyalarda təqdim olunan nəşrlərin müəllif, sərlövhə, nəşr yeri, nəşriyyat, il və digər biblioqrafik məlumatlarla müşayiət olunması elmi-tədqiqat işlərində mənbələrin müəyyənləşdirilməsini asanlaşdırır.
“Ədəbi irs” kolleksiyasının mövcud strukturu onun gələcəkdə daha da zənginləşdirilməsi üçün geniş imkanların olduğunu göstərir. Kolleksiyanın inkişafında bir neçə istiqamət prioritet hesab edilə bilər.
Burada əsas istiqamət xronoloji əhatənin genişləndirilməsidir. Azərbaycan ədəbiyyatının müxtəlif dövrlərinin daha sistemli şəkildə təmsil olunması bütöv ədəbi prosesin rəqəmsal mənzərəsinin formalaşdırılmasına imkan verə bilər.
Prezident Kitabxanasının “Ədəbi irs” kolleksiyasının əsas üstünlüyü Azərbaycan ədəbiyyatının müxtəlif dövrlərini və fərqli ədəbi istiqamətlərini təmsil edən tanınmış ədiblərin yaradıcılığının vahid virtual məkanda təqdim edilməsidir.
Kolleksiya həm də onu göstərir ki, müasir kitabxana artıq yalnız kitabların saxlandığı məkan deyil. O, həm də milli yaddaşın formalaşdırılması, mədəni irsin qorunması, elmi informasiyanın yayılması və cəmiyyətin intellektual inkişafına xidmət edən rəqəmsal informasiya institutu kimi çıxış edir.
Sonaxanım ABASOVA,
Prezident Kitabxanasının kitabxana-biblioqrafiya xidməti bölməsinin müdiri