futbolpress-az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan “Prezident Kuboku-2026” beynəlxalq reqatasının sonuncu yarış gününün qaliblərinin mükafatlandırma mərasimi keçirilib.
Futbolpress.az xəbər verir ki, Azərbaycan təmsilçiləri Mingəçevirdə keçirilən yarışın son gününü 1 qızıl, 1 gümüş və 2 bürünc medalla başa vurub.
Bu gün ikinəfərlik kayak qayığında Tengiz Qaqnidze – Qiyas Əhmədov (2008-2009-cu il təvəllüdlü idmançılar) cütlüyü 200 metr məsafəyə yürüşdə qızıl mükafata sahib çıxıb. Niyaz Məlikov – İvan Vorobyanski (2008-2009-cu il təvəllüdlü idmançılar) cütlüyü isə gümüş medal qazanıb.
İkinəfərlik kayak qayığında 1000 metr məsafəyə yürüşdə Sənan Cəfərzadə – Tahir Mövsümov (2010-2011-ci il təvəllüdlü idmançılar) dueti bürünc mükafata sahib çıxıb. Akademik avarçəkmədə ikinəfərlik qayıqla 1500 metr məsafəyə yürüşdə Azər İlyasov – Tunar Məmmədzadə (2008-2009 təvəllüdlü idmançılar) tandemi də üçüncü olub.
Ümumilikdə Azərbaycan beynəlxalq turniri 9 medalla başa vurub.