Prezident mükafatçısı: Gənclər üçün Prezident mükafatı yeni təşəbbüslər üçün güclü motivasiya yaradır

03.02.2026

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 3 fevral, Pərvanə Qafarova, AZƏRTAC

Son illər Azərbaycanda innovasiya və startap ekosisteminin inkişafı gənclərin fəal iştirakı ilə yeni mərhələyə qədəm qoyub. Dövlət tərəfindən gənclərin təşəbbüslərinin dəstəklənməsi bu sahədə əldə olunan nəticələri daha da sürətləndirir. Bu kontekstdə Gənclər üçün Prezident mükafatına layiq görülən, eyni zamanda, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi tərəfindən keçirilən “IDDA Awards” müsabiqəsində “İKT Qadın” nominasiyası üzrə üçüncü yerin qalibi olan Aynur Əliyeva AZƏRTAC-a müsahibəsində innovasiya sahəsində görülən işlər, əldə olunan uğurlar və gələcək hədəflərdən danışıb.

- Prezident mükafatına layiq görülməyiniz münasibətilə sizi təbrik edirik. Bu mükafat sizin üçün nə ifadə edir?

- Gənclər üçün Prezident mükafatına layiq görülməyim mənim üçün təkcə şəxsi nailiyyət deyil, illər ərzində inandığım dəyərlərin, görülən işlərin və məqsədyönlü yolun dövlət səviyyəsində tanınmasıdır. Bu etimad daha böyük məsuliyyət yaradır və atılan addımların doğru istiqamətdə olduğunu göstərir. Mən bu mükafatı yeni və daha böyük hədəflərə doğru irəliləmək üçün əlavə stimul və çağırış kimi qəbul edirəm.

- Hazırda üzərində çalışdığınız layihələrdən hansı cəmiyyət üçün verdiyi nəticələr baxımından sizin üçün daha əlamətdardır?

- Mənim üçün cəmiyyətə verdiyi nəticələr baxımından ən əlamətdar layihə “Baku ID” tədbiridir. Bu layihə artıq 4 ildir ki, ölkəmizin startap və innovasiya ekosisteminin inkişafına xidmət edir.

2022–2025-ci illər ərzində “Baku ID” platforması çərçivəsində 13.500-dən çox iştirakçı, 375 startap, eləcə də 140-dan artıq sponsor və tərəfdaş bir araya gəldi. Bu dövr ərzində “Baku ID” innovasiya festivalı vasitəsilə startaplara ümumilikdə 5,5 milyon ABŞ dollarından artıq investisiya cəlb olundu. Əldə olunan bu göstəricilər tədbirin ölkədə startap və innovasiya ekosisteminin inkişafına verdiyi real və davamlı töhfəni aydın şəkildə nümayiş etdirir.

- Fəaliyyətiniz zamanı qarşılaşdığınız çətinliklər sizi necə formalaşdırıb? Bu prosesdə şəxsi motivasiya mənbələriniz nədən ibarətdir?

- Bu sahədə artıq 10 ilə yaxındır fəaliyyət göstərirəm və bu müddət ərzində qarşılaşdığım çətinliklər mənim həm peşəkar baxışımı, həm də düşüncə tərzimi formalaşdırıb. Zamanla startapçı düşüncə modeli mənim üçün təbii yanaşmaya çevrilib. Qarşıma çıxan problemləri sadəcə çətinlik kimi deyil, operativ həll tələb edən imkanlar kimi dəyərləndirirəm və diqqətimi birbaşa nəticəyə yönəldirəm.

Əslində, bu düşüncə tərzi məndə erkən yaşlarımdan formalaşıb. Araşdırma aparmaq, yaratmaq və yeni ideyalar üzərində işləmək həvəsi startap sahəsinə marağımın əsasını təşkil edib. Üzləşdiyim çətinliklər isə fəaliyyətimdə stimullaşdırıcı rol oynayaraq məqsədyönlü və nəticəyönümlü yanaşmanı gücləndirib.

-Gənclər üçün Prezident mükafatı gələcək fəaliyyətinizə hansı yeni məsuliyyətləri və prioritetləri əlavə edir?

-Gənclər üçün Prezident mükafatına layiq görülməyim mənim üçün böyük motivasiya mənbəyi və eyni zamanda, ciddi məsuliyyətdir. Bu mükafat innovasiya sahəsində fəaliyyətimi daha da genişləndirməyə, ölkəmizin startap ekosisteminin inkişafına daha məqsədyönlü şəkildə töhfə verməyə təşviq edir. Prioritetlərimdən biri Azərbaycanda “unicorn” səviyyəsinə çata biləcək startapların formalaşmasında rol oynamaq və bu istiqamətdə yaradılan etimadı real nəticələrlə doğrultmaqdır.

-Bu gün öz yolunu axtaran gənclərə hansı əsas tövsiyələri vermək istərdiniz?

-Gənclərə əsas tövsiyəm daim aktiv olmaları, təşəbbüskar davranmaları və gözləyən tərəf yox, addım atan tərəf olmalarıdır. Özlərini heç bir çərçivə ilə məhdudlaşdırmasınlar, maraq göstərdikləri sahələrdə hərəkətə keçməkdən çəkinməsinlər. Hər gördükləri işi həvəslə və sevərək, yalnız qısamüddətli mənfəəti düşünmədən etsinlər. Davamlı təşviq, səy və inamla atılan addımlar zamanla dayanıqlı uğurlara zəmin yaradır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью