Avtosfer saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Azərbaycan Prezidenti İlham Əliyev Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerə məktub ünvanlayıb.
Avtosfer.az xəbər verir ki, təbrik mətnində deyilir:
“Ölkənizin milli bayramı – Alman Birliyi Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edirəm.
Azərbaycan Cənubi Qafqazda Almaniyanın ən mühüm və etibarlı tərəfdaşı olaraq ikitərəfli dövlətlərarası əlaqələrin və əməkdaşlığın hərtərəfli inkişaf etdirilməsinə xüsusi önəm verir. Cari ilin iyulunda Almaniyaya səfərim zamanı “Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə”nin imzalanması dövlətlərarası əlaqələrimizin keyfiyyətcə yeni mərhələsinin – strateji tərəfdaşlığının əsasını qoydu.
Fəal siyasi dialoqumuz ölkələrimiz arasında iqtisadi-ticari, enerji, nəqliyyat, bağlantılar, sərmayə, humanitar və digər sahələrdə əməkdaşlığa töhfə verərək, eyni zamanda Avrasiya qitəsində də qarşılıqlı fəaliyyətin inkişaf etdirilməsində və enerji sektorunda səmərəli işbirliyimizdə böyük rol oynayır.
İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq Azərbaycan-Almaniya dostluq əlaqələrinin daha da möhkəmləndirilməsi, həm ikitərəfli, həm də Avropa İttifaqı çərçivəsində birgə fəaliyyətimizin dərinləşdirilməsi istiqamətində bundan sonra da birgə səylər göstərəcəyik.
Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, məsul fəaliyyətinizdə uğurlar, dost Almaniya xalqına daim əmin-amanlıq və rifah arzulayıram”.
***
Dövlət başçısı Koreya Respublikasının Prezidenti Li Cemyönə də məktub göndərib:
“Koreya Respublikasının milli bayramı münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram.
Azərbaycan ilə Koreya arasında əlaqələr dostluğa, qarşılıqlı hörmətə və səmərəli əməkdaşlığa əsaslanır. Biz Koreya ilə münasibətlərimizin daim genişlənməsinə böyük əhəmiyyət veririk.
İnanıram ki, birgə səylərimizlə Azərbaycan-Koreya ənənəvi dostluq münasibətlərinin, qarşılıqlı faydalı əməkdaşlığımızın xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da möhkəmlənməsinə nail olacağıq.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, ali dövləti fəaliyyətinizdə uğurlar, dost Koreya Respublikasına daim əmin-amanlıq və rifah arzulayıram”.
***
İlham Əliyev İraq Respublikasının Prezidenti Nizar Amidini də təbrik edib:
“İraq Respublikasının milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən xoş arzularımı yetirirəm.
İnanıram ki, dost xalqlarımızın mənafelərinə uyğun olaraq Azərbaycan-İraq dövlətlərarası əlaqələrinin daha da möhkəmləndirilməsi, əməkdaşlığımızın genişləndirilməsi istiqamətində birgə səylər göstərəcəyik.
Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, dost İraq xalqına daim əmin-amanlıq və rifah arzulayıram”.