Prezident qəbul keçirdi Yenilənib | Icma.az
Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Azərbaycan Prezidenti İlham Əliyev Qvineya-Bisaunun xarici işlər, beynəlxalq əməkdaşlıq və xaricdəki icmalar naziri Karlos Pinto Pereiranın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
“Qafqazinfo” xəbər verir ki, nümayəndə heyətinə Qvineya-Bisaunun Ətraf mühit naziri Viriato Kassama da daxildir.
Dövlət başçısı bu yaxınlarda Qvineya-Bisaunun Prezidenti Umaru Sisoku Embalo ilə görüşünü məmnunluqla xatırlayaraq əlaqələrimizin perspektivləri və əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi baxımından bu görüşün çox səmərəli olduğunu deyib və həmin görüşdən az müddət keçməsinə baxmayaraq Qvineya-Bisaudan nazirlər səviyyəsində nümayəndə heyətinin ölkəmizə səfərini əlaqələrimizin yaxşı göstəricisi kimi dəyərləndirib.
Prezident İlham Əliyev iqtisadiyyat, o cümlədən ticarət və investisiya sahələrində əməkdaşlığın qurulmasının siyasi əlaqələrin də möhkəmlənməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu deyib.
Xoş sözlərə görə minnətdarlığını bildirən Karlos Pinto Pereira Qvineya-Bisau Prezidentinin Azərbaycanla ikitərəfli münasibətlərin möhkəmlənməsi istəyini ifadə edərək, rəhbəri olduğu nümayəndə heyətinin ölkəmizə bu məqsədlə gəldiyini vurğulayıb.
Söhbət zamanı təhsil sahəsində əməkdaşlığa toxunulub, Azərbaycan tərəfindən ölkəmizin ali təhsil müəssisələrində Qvineya-Bisaudan olan tələbələrə xüsusilə mühəndislik, neft-mühəndisliyi və digər sahələrdə təhsil təqaüdlərinin ayrılması məsələsi qeyd edilib.
Hələ sovetlər dövründə Qvineya-Bisaudan olan çoxlu sayda tələbənin müxtəlif sahələr üzrə Azərbaycanda təhsil aldıqları məmnunluqla xatırlanıb, hazırda həmin şəxslərin Qvineya-Bisau Hökumətində təmsil olunduqları bildirilib, həmçinin bugünkü nümayəndə heyətinin tərkibində olan nazirlərin və digər rəhbər şəxslərin də vaxtilə Azərbaycanda təhsil aldıqları vurğulanıb.
Tam oxu
Xəbəri oxu