Prezident şad xəbəri elan etdi: Sistem kökündən dəyişir

04.11.2026

Avtosfer portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkənin strateji ərzaq və material təhlükəsizliyinin təmin edilməsində həlledici rol oynayan Dövlət Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında yeni fərman imzalayıb. Fərmana əsasən, Agentliyin Əsasnaməsi və idarəetmə strukturu rəsmən təsdiq edilib.

Sənədə əsasən, Dövlət Ehtiyatları Agentliyinin Aparatının işçilərinin say həddi 66 ştat vahidi, regional bölmələrinin işçilərinin say həddi isə 9 ştat vahidi olaraq müəyyənləşdirilib. Bununla yanaşı, Agentliyin tabeliyində dövlət ehtiyatlarının bilavasitə saxlanılmasını və idarə olunmasını həyata keçirəcək "Dövlət Ehtiyatlarının Saxlanılması Mərkəzi" büdcə təşkilatı yaradılır. Yeni yaradılan Mərkəzin işçilərinin say həddi 200 ştat vahidi müəyyən edilib.

Fərmana uyğun olaraq, Nazirlər Kabinetinə iki ay müddətində Agentliyin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısını, Agentliyin Kollegiya üzvlərinin sayını və tərkibini, eləcə də Mərkəzin işçilərinin əməkhaqlarının məbləğlərini və əməyin ödənilməsi sistemini müəyyən edib ölkə başçısına məlumat vermək tapşırılıb. Eyni zamanda, Agentlik tərəfindən yaradılan dövlət ehtiyatlarının saxlanılması və Mərkəzin cari fəaliyyətinin təşkili üçün zəruri olan aktivlərin Agentliyin balansından Mərkəzin balansına verilməsi ilə bağlı tədbirlər görüləcək. Agentlik özü isə Mərkəzin əsasnaməsini və strukturunu bir ay müddətində təsdiq edib Prezidentə məlumat verməlidir.

Sənəddə maliyyələşmə məsələləri də dəqiq əksini tapıb. Maliyyə Nazirliyi Agentliyin və Mərkəzin fəaliyyətinin təşkili üçün tələb olunan vəsaiti hər il dövlət büdcəsinin layihəsində nəzərdə tutmalı, Mərkəzin 2026-cı ildə maliyyələşdirilməsini müvafiq büdcə fərmanında nəzərdə tutulmuş vəsait hesabına təmin etməlidir. Nazirlik həmçinin nəzərdə tutulan büdcə təşkilatının strukturunun və əməkhaqqı sisteminin maliyyə ekspertizasını həyata keçirərək optimallaşdırma tədbirləri görəcək.

Məsələ ilə bağlı iqtisadçı ekspert Əli Cabbarov qeyd edib ki, Dövlət Ehtiyatları Agentliyinin fəaliyyətinin yeni hüquqi və struktur çərçivəyə salınması Azərbaycanın qlobal böhranlara, təchizat zəncirindəki qırılmalara və ərzaq təhlükəsizliyi risklərinə qarşı müqavimət gücünü kəskin artıracaq : "Qlobal bazarlarda qiymət dalğalanmalarının və geosiyasi gərginliklərin yaşandığı bir dövrdə dövlət ehtiyatlarının vahid mərkəzdən və çevik idarə olunması hayati əhəmiyyət kəsb edir. Yeni fərmanla Agentliyin apparatının, regional bölmələrinin və xüsusilə 200 ştat vahidindən ibarət 'Dövlət Ehtiyatlarının Saxlanılması Mərkəzi'nin yaradılması institusional idarəetməni tamamilə yeniləyir. Bu adım dövlət ehtiyatlarının saxlanması, yenilənməsi və kritik məqamlarda daxili bazara müdaxilə imkanlarını daha effektiv edəcəkdir".

Onun sözlərinə görə, fərmanın icrasından sonra ölkənin strateji ehtiyat idarəçiliyində keyfiyyətcə yeni mərhələ başlayacaq: "Əvvəllər ehtiyatların saxlanması və idarə edilməsi müxtəlif qurumlar və pərakəndə mexanizmlər vasitəsilə həyata keçirilirdisə, artıq ixtisaslaşmış Mərkəz bütün aktivləri öz balansında cəmləşdirəcək. Bu isə həm maliyyə nəzarətini və optimallaşdırmanı gücləndirəcək, həm də ehtiyatda olan məhsulların itkisiz, müasir standartlara uyğun saxlanmasını təmin edəcək. Maliyyə Nazirliyinin prosesə cəlb olunması və Maliyyə Ekspertizasının aparılması büdcə vəsaitlərinin hər manatının təyinatı üzrə, maksimum səmərə ilə xərclənməsinə təminat verir. Bütün bunlar nəticə etibarilə daxili bazarda süni qiymət artımlarının və qıtlıq risklərinin qarşısını alacaq əsas sipərə çevriləcəkdir"./nocomment.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью