Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Azərbaycan Prezidenti İlham Əliyev Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifə təşəkkür məktubu göndərib.
Redaktor.az-ın məlumatına görə, mətndə deyilir: "Hörmətli cənab Baş nazir, Əziz Qardaşım, 19 dekabr 2024-cü il tarixində Misirin paytaxtı Qahirə şəhərində İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) 11-ci Zirvə Görüşü zamanı Azərbaycan Respublikasının yekdilliklə D-8 təşkilatının üzvü seçilməsinə görə qardaş Pakistan İslam Respublikasına və şəxsən Sizə dərin təşəkkürümü bildirirəm.
Əlamətdar haldır ki, otuz ilə yaxın müddət ərzində fəaliyyət göstərən D-8 təşkilatı ilk dəfə olaraq genişlənmə ilə əlaqədar qərar qəbul etmişdir.
Azərbaycana beynəlxalq etimadın göstəricisi olan bu tarixi qərar bizim üçün xüsusi qürur mənbəyidir.
Azərbaycanın namizədliyinə ifadə edilən birmənalı dəstək təşkilata üzv olan hər bir ölkə ilə möhkəm dostluq və əməkdaşlıq münasibətlərimizin, birliyimizin və həmrəyliyimizin təzahürüdür.
Əminəm ki, Azərbaycan bütün üzv ölkələrlə birlikdə D-8-in təməl prinsiplərinin qorunması, təşkilat çərçivəsində əməkdaşlığın dərinləşməsi və ümumi maraqlarımızın təşviqi, İslam həmrəyliyinin möhkəmlənməsi və böyük gücə çevrilməsi məqsədilə birgə səylərin səfərbər olunmasına öz töhfəsini verəcəkdir.
Qarşılıqlı inam, hörmət və dəstəyə əsaslanan, gündən-günə yeni məzmunla zənginləşən Azərbaycan-Pakistan münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur.