Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir. Birinci Türkoloji Qurultayın 100 illik yubileyi keçiriləcək.
Redaktor.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.
Sərəncam Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycanın və bütövlükdə türk dünyasının XX əsr elmi-mədəni həyatının parlaq səhifəsini təşkil etdiyini nəzərə alınaraq imzalanıb.
Sərəncama görə, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə birlikdə Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə dair tədbirlər planı hazırlayıb həyata keçirməli, Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
Sərəncamda qeyd olunub ki, 2026-cı ilin fevral ayında Bakı şəhərində Birinci Türkoloji Qurultayın təşkilinin 100 ili tamam olur: “Birinci Türkoloji Qurultay ortaq zəngin keçmişə və qədim irsə malik türk xalqlarının mədəni inteqrasiyasında mərhələ yaratmış müstəsna əhəmiyyətli hadisələrdəndir.
Beynəlxalq miqyaslı bu unikal elmi forumda türkologiyanın ən aktual məsələləri geniş və sistemli müzakirə obyektinə çevrilmiş, türk dünyasının dili, tarixi, etnoqrafiyası, ədəbiyyatı və mədəniyyətinin gələcəyi ilə bağlı vacib qərarlar qəbul edilmiş, latın qrafikası əsasında vahid ümumtürk əlifbasına keçilməsi xüsusi diqqət mərkəzində saxlanılmışdır.
Bakı şəhəri XX əsrin əvvəllərindən intellektual həyatın yüksək səviyyəsi ilə seçildiyi və dünya türkologiyasının nüfuzlu mərkəzlərindən biri kimi tanındığı üçün Birinci Türkoloji Qurultaya ev sahibliyi etmişdir.
Türk respublikaları arasında yeni əlifbanın ilk kütləvi tətbiqinə məhz Azərbaycanda başlanılması isə hələ XIX əsrdən etibarən burada mütərəqqi düşüncəli ziyalıların əlifba islahatı uğrunda apardıqları ardıcıl mübarizənin nəticəsi idi.