Prezident təqaüdü: təhsildə yeni uğurlar üçün mühüm təkan mənbəyi

16.10.2026

525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanda gənclərin təhsilə həvəsləndirilməsi və istedadlı tələbələrin dövlət səviyyəsində dəstəklənməsi hər zaman dövlət siyasətinin prioritet istiqamətlərindən biri olub. Bu istiqamətdə tətbiq edilən ən mühüm və nüfuzlu mexanizmlərdən biri Prezident təqaüdüdür. Hər il ali təhsil müəssisələrinə qəbul imtahanlarında ixtisas qrupları üzrə ən yüksək nəticə göstərən gənclərə dövlət başçısının Sərəncamı ilə bu yüksək təqaüd təyin olunur. Gənclərə Prezident təqaüdünün verilməsi həm sosial, həm də akademik baxımdan böyük əhəmiyyət kəsb edir. Prezident təqaüdü yalnız maddi dəstək deyil, həm də gənclərin qazandığı uğurlara verilən yüksək qiymətin ifadəsidir. Bu təqaüdə layiq görülən gənclər uzunmüddətli zəhmətlərinin, əzmkarlıqlarının və təhsilə məsuliyyətli yanaşmalarının nəticəsini görürlər. Eyni zamanda, onların uğuru digər şagirdlər üçün də nümunəyə çevrilir, gəncləri daha çox oxumağa, araşdırmağa və qarşılarına yüksək hədəflər qoymağa həvəsləndirir.

Müasir dövrdə ölkələrin inkişafı, ilk növbədə, insan kapitalının gücləndirilməsi ilə bağlıdır. Elmi biliklərə yiyələnən, müasir texnologiyaları mənimsəyən, yaradıcı düşüncəyə və təşəbbüskarlığa malik gənclər Azərbaycanın gələcək inkişafında mühüm rol oynayacaqlar. Bu baxımdan yüksək nəticə göstərən abituriyentlərin dəstəklənməsi, onların keyfiyyətli təhsil alması və potensiallarını reallaşdırması üçün imkanların yaradılması xüsusi önəm daşıyır.

Prezident təqaüdü gənclərdə məsuliyyət hissinin formalaşmasına da töhfə verir. Dövlətin onlara göstərdiyi etimad gələcəkdə daha böyük nailiyyətlər əldə etmək, bilik və bacarıqlarını cəmiyyətin inkişafına yönəltmək üçün əlavə motivasiya yaradır. Təqaüdçülər yalnız şəxsi uğurları ilə deyil, gələcək fəaliyyətləri, elmi araşdırmaları, peşəkar nailiyyətləri və ictimai fəallıqları ilə də ölkənin inkişafına töhfə vermək imkanı qazanırlar.

Məlum olduğu kimi, bu günlərdə Prezident İlham Əliyev 2026-2027-ci tədris ilində Azərbaycanın ali təhsil müəssisələrinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, 2026-2027-ci tədris ilində tələbə qəbulu imtahanlarında ixtisas qrupları üzrə ən yüksək nəticələr göstərmiş və Azərbaycanın ali təhsil müəssisələrinə daxil olan 102 tələbəyə Prezident təqaüdü verilib. 2026-2027-ci tədris ilində Prezident təqaüdünə layiq görülən tələbələrdən 35-i Bakı Ali Neft Məktəbinin tələbəsidir. 25 nəfər Azərbaycan Tibb Universiteti, 18 nəfər ADA Universiteti, 15 nəfər Bakı Dövlət Universiteti, 5 nəfər UNEC, 2 nəfər Dövlət İdarəçilik Akademiyasının tələbəsidir.

Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadənin sözlərinə görə, yüksək nəticə göstərən gənclərin Prezident təqaüdünə layiq görülməsi uzun illərdir davam edən mühüm ənənədir. Dövlətin gənclərin biliyini və əməyini ən yüksək səviyyədə qiymətləndirməsi onların gələcək inkişafı üçün də ciddi stimul yaradır. M.Abbaszadə bildirib ki, bu il Prezident təqaüdünə namizəd olan 102 gəncin 54 nəfəri regionlarda fəaliyyət göstərən məktəblərin, o cümlədən 15 nəfəri kənd və qəsəbə məktəblərinin məzunlarıdır. 4 nəfər isə keçmiş məcburi köçkün rayonlarına aid məktəbləri təmsil edir: "Bu rəqəmlər bir daha göstərir ki, istedadın ünvanı yoxdur. Yüksək nəticə paytaxtın da, regionun da, kənd məktəbinin də sinif otağından çıxa bilər. Əsas məsələ istedadlı gəncin öz potensialını reallaşdıra bilməsi üçün imkanların əlçatan olmasıdır. Ümumilikdə, bu il ali təhsil müəssisələrinə qəbul imtahanlarında 3148 abituriyent 600 və daha yüksək bal toplayıb. Onların 1811 nəfəri regionlarda fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin məzunlarıdır. Yüksək nəticə göstərən abituriyentlər demək olar ki, respublikanın bütün şəhər və rayonlarını, o cümlədən kənd məktəblərini təmsil edirlər. Bu rəqəmlərdə ən vacib məqamlardan biri yüksək nəticələrin getdikcə daha geniş coğrafiyanı əhatə etməsidir. Gəncin harada yaşamasından və hansı məktəbdə oxumasından asılı olmayaraq biliyinin obyektiv qiymətləndirilməsi və əldə etdiyi nəticəyə uyğun imkan qazanması təhsil sistemində ədalətin əsas şərtlərindən biridir. Dövlət İmtahan Mərkəzi də uzun illərdir yüksək nəticə göstərən gənclərin təcrübəsini öyrənir və onların uğurlarını digər abituriyentlərlə bölüşür. Bu məqsədlə abiturient.az saytında 600 və daha yüksək bal toplayan gənclərə ayrıca bölmə də həsr etmişik. Prezident təqaüdünə layiq görülən gənclərimizi təbrik edir, hər birinə gələcək təhsil yolunda uğurlar arzulayıram".

Təhsil eksperti Elçin Əfəndi qeyd edib ki, tələbələrə Prezident təqaüdünün verilməsi olduqca mütərəqqi addımdır. Prezident tərəfindən ölkədə elmlə təhsilin inteqrasiyasının təmin edilməsi, gənclərin təhsilə, elmə, intellektual fəaliyyətə cəlb edilməsi, təhsilin keyfiyyətinin yüksəldilməsi, tələbələrin maddi vəziyyətlərinin, sosial rifahının yaxşılaşdırılması, gənc alimlərin elmi fəaliyyətinin stimullaşdırılması istiqamətində qəbul edilən qərarlar ölkə ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir və gənc nəsildə elmə, tədqiqat işləri ilə məşğul olmağa marağın yaranmasında əhəmiyyətli rol oynayır: "Elə tələbələr var ki, onlar həm Prezident təqaüdü, həm universitetin verdiyi təqaüdü, həm də müəyyən şirkətlər tərəfindən təqdim olunan təqaüdləri alırlar və bu da üst-üstə müəyyən qədər ciddi məbləğ edir. Düşünürəm ki, bu, bir tələbə üçün öz gəlir-çıxarını tənzimləmək baxımından yaxşı bir rəqəmdir. Bu, tələbələrə stimul verir və hər bir abituriyent fikirləşir ki, onlar yüksək bal toplayıb Prezident tərəfindən təqaüdə layiq görülsünlər. Müəyyən universitetlər Prezident təqaüdü alan tələbələrin sayını çıxarırlar, hesabatını paylaşırlar, bu da bir qədər universitetlərin də rəqabət aparmasına gətirib çıxarır ki, abituriyentlər ixtisaslaşma dövründə məhz həmin universitetlərə üstünlük verməsini istəyirlər. Prezident təqaüdünün verilməsi 2001-ci ildən Heydər Əliyev tərəfindən təyin olunub. Yəni məhz Heydər Əliyevin Sərəncamı əsasında bu proses başlanıb və 2001-ci ildən, 20 ildən artıq bir vaxt ərzində yüzlərlə gənc bu prosesdən yararlanıb. Düşünürəm, bu da tələbəliyə, təhsilə, gəncliyə yatırılmış uğurlu bir sərmayədir. Tələbələr bu prosesdən yararlana bilirlər".

Təhsil eksperti Məzahir Məmmədli bildirir ki, Azərbaycanda yüksək nəticələr əldə etmiş tələbələrə bu təqaüdün verilməsi onların gələcək həyatında olduqca böyük rol oynayır və onların daha savadlı, bilikli olmaları istiqamətində yeni stimul verir: "Prezident təqaüdü tələbə üçün yaxşı məbləğdir. Eyni zamanda, məbləğdən əlavə, bunun bir yüksək dəyəri də var ki, ölkə başçısı məhz savadlı gənclərin təhsillərini stimullaşdırmaq, onlara əlavə motivasiya vermək, onların daha yaxşı oxumaq, daha bilikli olmaq uğrunda mübarizəsini şərtləndirir. Əlbəttə ki, 102 nəfər tələbəyə Prezident təqaüdünün verilməsi gələcəkdə də bu istiqamətdə yüksək nəticələr uğrunda bizim gənclərimizin daha da üzərlərində çox çalışmaları, bilikli olmaları istiqamətində rəqabət mövqeyi artıracaq. Çünki bugünün şagirdi gələcəyin məzunudur, daha sonra tələbədir. Əlbəttə ki, Azərbaycanda siyasi rəhbərliyin həyata keçirdiyi siyasətin kökündə o durur ki, savadlı, dünyanın əmək bazarı ilə ayaqlaşa biləcək gənclər yetişsin və onların potensialından gələcəkdə Azərbaycan dövləti, Azərbaycan dövlətinin inkişafı naminə hərtərəfli istifadə olunsun. Bu istiqamətdə dövlətin bu kimi humanist və nəcib fəaliyyətini hər zaman görmüşük. Prezident İlham Əliyev tərəfindən imzalanan Sərəncam böyük ənənənin davamıdır: "Tələbələr sosial həssas əhali qrupuna daxildir, çünki onların gəlir əldə etmək imkanları yoxdur. Bu baxımdan, yaxşı oxuyan tələbələri motivasiya etmək, daha yaxşı oxumağa həvəsləndirmək üçün hər il Prezident tərəfindən belə mühüm sərəncam imzalanır. Düşünürəm ki, bu həm də tələbələr üçün böyük bir məsuliyyətdir. Tələbə adını qazanan, eyni zamanda yüksək nəticələr əldə edən tələblər bu məsuliyyəti dərk edirlər. Onlarda daha yaxşı nəticələr əldə etməyə böyük stimul, həvəs yaranır. Burada əsas məqsəd odur ki, bizim gənclərimiz, tələbələrimiz yaxşı oxusunlar, bilikli olsunlar, gələcəkdə dövlətə, xalqa ləyaqətlə xidmət etsinlər".

Prezident təqaüdü Azərbaycanın savadlı, intellektual və rəqabətqabiliyyətli gənc nəslinin yetişdirilməsi istiqamətində həyata keçirilən dəstək mexanizmlərindən biri kimi əhəmiyyət daşıyır. Bu gün yüksək nəticələri ilə seçilən gənclər sabah elmin, təhsilin, iqtisadiyyatın, texnologiyanın və digər sahələrin inkişafında söz sahibi ola bilərlər. Onların uğurlarına verilən dəyər əslində ölkənin gələcəyinə qoyulan sərmayədir.

Sevinc QARAYEVA

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью