Mia.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Prezident İlham Əliyev Milli Məclis iyulun 14-də qəbul etdiyi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunu təsdiq edib.
Mia.az xəbər verir ki, sənədlə Azərbaycanda torpaq üzərində hüquqların dövlət qeydiyyatından imtina edilə bilməsi üçün hüquqi əsaslar təsbit edilib.
Qanun Konstitusiya Məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunun 15-ci maddəsinin şərh edilməsinə dair” 28 mart 2017-ci il tarixli qərarından, eyniadlı 10 dekabr 2024-cü il tarixli qərardadından irəli gələrək qəbul edilib.
Bu sənədlərdə göstərilir ki, torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün təqdim edilən sənədlərdə torpağın kateqoriyası (məqsədli təyinatı) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi kateqoriyaya uyğun gəlmədikdə, həmin torpaq üzərində hüquqların dövlət qeydiyyatından imtina edilə bilər.
Eyni zamanda bu mövqe əsas götürülməklə daşınmaz əmlakın dövlət qeydiyyatından imtina edilməsinin qanunvericilik qaydasında tənzimlənməsi tövsiyə edilib.
Qərarda həmçinin deyilir ki, Konstitusiyanın 25-ci maddəsinin, habelə “İnzibati icraat haqqında” qanunun 12-ci maddəsinin tələblərinə müvafiq olaraq, inzibati orqanın müxtəlif şəxslərə münasibətdə analoji xüsusiyyətlərə malik işlər üzrə fərqli qərarlar qəbul etməsi yolverilməzdir.
“Konstitusiya Məhkəməsi haqqında” qanuna əsasən qurumun qərarları ölkə ərazisində məcburi qüvvəyə malikdir və qüvvəyə mindikdən sonra şərtsiz icra olunmalıdır.