Prezident Türkiyəni nəzərdə tuturdu? Sərrast cavab!

04.10.2026

Icma.az bildirir, Axar.az portalına istinadən.

YAP-nın VIII Qurultayında çıxış edən ölkə başçısı bir sıra mühüm mesajlar verib. Hər birinin üzərində ayrıca dayanmaq istəmirəm, lakin istər Türkiyə, istərsə də Azərbaycan sosial şəbəkə seqmentində ciddi müzakirə olunan bir neçə fikrə öz münasibətimi bildirəcəyəm.

Axar.az xəbər verir ki, bu sözləri Ümid Partiyasının sədri, sabiq millət vəkili İqbal Ağazadə qeyd edib.

“29 sentyabr 2026-cı ildə Baş nazirin müavini Şahin Mustafayevin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti İrana səfər edib. Bu səfərdə ölkəmizin nümayəndə heyəti Prezident Pezeşkian, parlamentin sədri Qalibaf, neft naziri Möhsün Paknejad, energetika naziri Abbas Əliabadi ilə görüşlər keçirib. Əslində bu səfərdə İran Prezidenti Məsud Pezeşkian xaric, bütün görüşlər işgüzar və protokol görüşü hesab oluna bilər. Təəssüf ki, Pezeşkian İran idarəetməsində SEPAH-ın kölgəsində qalan fiqurdur (Bu barədə məhz özü də 28 fevral 2026-cı il tarixindən sonra bir neçə dəfə gizli eyhamla bildirib).

Şahin Mustafayev bu səfər zamanı həmçinin İranın Milli Təhlükəsizlik Ali Şurasının katibi Möhsün Rzayi ilə görüşüb...

M.Rzayi kimdir?

General, 2021-ci ildə prezidentliyə namizəd, İslam İnqilabı Keşikçiləri Korpusunun baş komandanı, İranın iqtisadi məsələlər üzrə vitse-prezidenti, Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi və nəhayətdə beynəlxalq axtarışda olan terrorçu... (1994-cü ildə Buenos-Ayres yəhudi mədəni mərkəzində 85 nəfərin ölümü, 154 nəfərin yaralanması ilə nəticələnən terror aktının törədilməsinə görə).

Bəs Möhsün Rzayi Azərbaycan barədə nə deyib?

1. “İran Qarabağa daxil olmalı, yenidənqurmada rol oynamalı, atəşkəs komitəsinə daxil olmalı və yaradılmış dəhlizlərə nəzarət etməlidir” (2021);

2. Rzayi İran İnqilab Keşikçiləri Korpusunun üzvləri qarşısında çıxışında Azərbaycan–İsrail hərbi əlaqələri haqqında deyib ki, Azərbaycanı İsraillə müttəfiqliyi İranın şimalında iğtişaş yaratmaq və İran ordusunun diqqətini şimala yönəltmək, bununla da İsrailin İranın nüvə obyektlərinə zərbə endirməsini asanlaşdırmaq məqsədi daşıyır (2023);

3. “İran və Azərbaycan Respublikası arasındakı bağ kimlik, coğrafiya və tarixi bağlardır və Bakı Tehrandan ayrı deyil” deyir, ardınca da Azərbaycan rəhbərliyinə “qardaşcasına tövsiyə” etdiyini bildirərək, ABŞ və İsrailin təhlükəsizlik planının “qurbanı” olmamağa çağırır (2024);

4. “İranın Rusiya və Avropaya gedən ticarət və tranzit yolunun Zəngəzur keçidi vasitəsilə bağlanmasına yönəlmiş hər hansı cəhd uğursuzluğa məhkumdur. Bu addım onu planlaşdıranlar üçün kabusa çevriləcək yuxudur” (2025);

5. “Əgər bir ölkə ABŞ ilə əməkdaşlıq edərsə və ya ABŞ-ın macərasına qoşularsa, onun hava limanları artıq İrana uçuşları həyata keçirə bilməyəcək” (23 sentyabr 2026);

6. “Şəxsən göstəriş vermişdim ki, Qarabağ bölgəsində vəziyyət müəyyənləşdirilsin və Azərbaycan ordusu uyğun hərbi texnika ilə təchiz edilsin və lazımi təlimlər keçirilsin”, - o bildirib.

İqbal Ağazadə xatırladıb ki, Möhsün Rzayi ilə Şahin Mustafayevin görüşündə hər kəs onun alçaldıcı münasibətini gördü:

“Çox güman ki, Möhsün Rzayi Azərbaycan tərəfinə aşağıdakı mesajları verib:

- Biz sizə hələ 90-cı illərdə yardım etmişik, qaçqınlara humanitar dəstək olmuşuq;

- Azərbaycan İsrail və Türkiyənin dəstəyi ilə müharibədə qələbə qazanıb və bu, iki dövləti regionda gücə çevirir;

- Azərbaycan ABŞ ilə olduqca yaxınlıq edir, İran bundan narahatdır;

- Azərbaycanda dindarlar sıxışdırılır, məktəblərdə hicab qadağası var, bunlara son qoyulmalıdır;

- İran regionda super-gücdür, Azərbaycan ona sığınmalı və onunla bir yerdə olmalıdır.

(Bu mesajları müxtəlif tarixlərdə Möhsün Rzayi mətbuatda çıxışlarında səsləndirib, onlardan sitatları təqdim etdim).

Möhsün Rzayinin müxtəlif dönəmlərindəki müsahibələrində qaçqın və məcburi köçkünlərə İran dövlətinin daim yardım etdiyi, o cümlədən, 1993-cü ildə 30 milyon dollar dəyərində Azərbaycana silah verdiyi vurğulanır.

Xatırlatmaq istərdim ki, İran Azərbaycana 1993-cü ildə 30 milyon dəyərində silah satıb, həm də dünya bazar qiymətlərindən baha, lakin yardım kimi pulsuz verməyib. Onu da xüsusi vurğulayım ki, 1993-cü il işğalında Azərbaycan rəsmi olaraq, İrana hətta hərbi kömək üçün müraciət edib, İran tərəfi siyasi, humanitar kömək barədə qərar qəbul etsə də, SEPAH komandanı Möhsün Rzayinin israrlı müqaviməti ilə hərbi yardım haqqında qərar qəbul edilməyib, yalnız silah satışı və təlim haqqında qərar verilib (Mənbə: Rəfsəncaninin gündəliyi, noyabr, 1993-cü il).

2 oktyabrda Azərbaycan Prezidenti cənab İlham Əliyev məhz Möhsün Rzayinin timsalında İrana və qismən Rusiyaya mesaj verib. Kimsə bunu Türkiyə ilə əlaqələndirməsin, Azərbaycan Prezidenti İkinci Qarabağ savaşında Türkiyənin rolu və yeri barədə kifayət qədər ciddi mesajlar və müsahibələr verib.

Cənab Prezident İlham Əliyevin mesajlarına gələk:

- Bütün silahları öz pulumuza almışıq və kimsə bizə pulsuz silah verməyib. (Möhsün Rzayinin "1993-cü ildə Azərbaycana silah verilməsini şəxsən tapşırmışdım" mesajına cavab);

- Dünyanın iki super gücü var, ABŞ və Çin, onlarla strateji müqavilə imzalamışıq (“Əgər bir ölkə ABŞ ilə əməkdaşlıq edərsə və ya ABŞ-ın macərasına qoşularsa, onun hava limanları artıq İrana uçuşları həyata keçirə bilməyəcək". 23 sentyabr 2026), Azərbaycan 22 sentyabrda İrana uçuşları dayandırdıqdan sonra Möhsün Rzayinin verdiyi bəyanata cavab);

- Bizə himayədar lazım deyil ("İran regionda super gücdür, regional məsələlər onsuz həll oluna bilməz, dəhlizə nəzarət İranda olmalıdır" deyən M.Rzayiyə cavab);

- Bir milyon qaçqınımız olanda heç kim bizə əl uzatmayıb. (Yenə Möhsün Rzayinin “biz Azərbaycana hərbi və humanitar yardım etmişik" bəyanatına cavab);

- Nə üçün hansısa ölkədə Azərbaycan dilində bir resurs yaradılır, bizim böyrümüzdə Azərbaycan dilində gecə-gündüz bizə qarşı təxribatlar yağdırılır? (İranın "Səhər" kanalı, Rusiyada etnik-milli zəmində hazırlanan verilişlər, o cümlədən, Avropada mühacirlərin televiziyaları nəzərdə tutulur);

- 2003-cü ildən bu yana Azərbaycan nə qədər silahlanıb, həm yerli istehsal yaradıb, həm xaricdən alıb. Bir dəfə də bizə güzəşt etməyiblər. (Möhsün Rzayinin “İsrail və Türkiyənin müharibədə Azərbaycana silah verərək, İranın şimalında - oxu: Güney Azərbaycanda - iğtişaş törətmək, İranın başını qataraq, nüvə obyektlərini vurmaq” mesajına cavab);

- Heç vaxt ikibaşlı oyun oynamamış, heç vaxt hansısa ölkəyə qarşı ikiüzlülük, riyakarlıq göstərməmişik. (İranın Ermənistan və Zəngəzur dəhlizi ilə bağlı qırmızı xətti, o cümlədən, Azərbaycanı guya İslam ölkəsi kimi müdafiə etməsi, müharibədə Qarabağ separatçılarına yanacaq və ərzaq yardımı siyasətinə cavab);

- Hərə getsin öz xalqına, dövlətinə gün ağlasın, hərə otursun yerində, bizim işlərimizə qarışmasın, bizim həyat tərzimizə burnunu soxmasın və bizə yol göstərməsin. (Möhsün Rzayinin "biz bir millət iki dövlətik, İranın gözü şimaldadır" mesajına cavab)...

BƏS EDİRMİ, DOSTLAR?

29 sentyabr 2026-cı ildə Baş bazirin müavini Şahin Mustafayevin Möhsün Rzayi ilə görüşündə İranın verdiyi mesajlara Azərbaycan Prezidenti ləngimədən cavab verdi.

Prezidentin heç bir mesajı Türkiyəyə aid deyildi. Rəsmi nümayəndə heyəti ilə görüşdə diplomatik və etiket qaydalarını pozan, mətbuatda səslənməyən, bu gün İranın idarəetməsində əsas fiqur olan Möhsün Rzayiyə cavab idi.

Təəssüf ki, Türkiyədə də həm Azərbaycanı, həm Türkiyəni sevməyənlər, o cümlədən, Azərbaycanda da siyasətə və diplomatik mesajlara səthi yanaşanlar dərhal Türkiyə-Azərbaycan münasibətlərini hədəf aldılar.

Təəssüf...

P.S. Bu gün (3 oktyabr - Türk Dövlətlərinin Əməkdaşlıq Günü ilə bağlı - red.) Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan paylaşım etdi: “BİRLİYİMİZ ƏBƏDİ OLSUN!”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью