Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Prezident İlham Əliyev tərəfindən Rusiya ilə münasibətlərin aydınlaşması ilə bağlı aydın mövqe bildirilib.
Dövlətimizin başçısı III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşdə bildirib ki, Rusiya tərəfi AZAL-ın vurulan təyyarəsi ilə bağlı konkret addımlar atmır və suallar cavabsız qalır: “Təəssüf ki, hadisədən yeddi ay keçməsinə baxmayaraq, bu məsələ ilə bağlı Rusiya rəsmilərindən heç bir cavab almamışıq.
Biz nə baş verdiyini bilirik və bunu sübut edə bilərik. Həmçinin əminik ki, Rusiya rəsmiləri də baş verənləri çox yaxşı bilirlər.
Sual olunur - nə üçün onlar sadəcə hər hansı bir qonşunun edəcəyi addımı atmırlar?” Prezident qeyd edib ki, Azərbaycanın tələbləri tamamilə təbiidir: “Bizim xahiş və tələblərimiz tamamilə məntiqlidir: qəzanı baş verməsində günahı etiraf etmək, təyyarəni vuran şəxsləri cəzalandırmaq, həlak olanların ailələrinə, zərərçəkənlərə və AZAL-a – itirilmiş təyyarəyə görə kompensasiya ödənilməsini təmin etmək”.
Qeyd edək ki, Prezident İlham Əliyev məsələnin araşdırılması ilə bağlı beynəlxalq ədliyyə sisteminə müraciət ediləcəyini, artıq müəyyən sənədlərin hazırlandığını da açıqlayıb.
Beləliklə, dövlətimizin başçısı tərəfindən bir daha bu məsələ ilə bağlı mövqe açıq şəkildə Rusiya rəhbərliyinin və dünya ictimaiyyətinin diqqətinə çatdırılıb.
Hərbi ekspert Ədalət Verdiyev “Cebheinfo.az”-a açıqlamasında deyib ki, Rusiya Azərbaycanın tələblərini yerinə yetirməyə məcbur qalacaq: “Ötən ilin 25 dekabr tarixində ruslar tərəfindən təyyarəmizin vurulmasından sonra artıq 7 aydır ki, Azərbaycanla Rusiya arasındakı münasibətlərdə gərginlikdavam edir.