Prezidentin ABŞ a səfəri: Azərbaycan üçün mühüm nəticələr

25.09.2025

Bizimyol portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan prezidenti İlham Əliyev son iki ay ərzində ikinci dəfədir, ABŞ-a səfər edir. Avqustun əvvəlindəki səfər, imzalanmış sənədlər haqqında çox yazılıb, çox danışılıb. Təkcə elə Azərbaycanla Ermənistan arasında bu il avqustun 8-də Vaşinqtonda imzalanmış sülh və dövlətlərarası münasibətlərin təsisi haqqında bəyannamə dünya gündəmindən, xüsusilə, ABŞ prezidenti Donald Trampın dilindən düşmür.

Bu dəfəki səfər də Azərbaycan üçün çox maraqlı və faydalı görüşlərlə, danışıqlarla yadda qaldı. Doğrudur, bu dəfə Azərbaycan dövlətinin başçısı BMT Baş Məclisinin 80-ci sessiyasında iştirak üçün Nyu Yorkda idi. Ancaq o, dövlət və hökumət başçıları ilə, qlobal səviyyəli biznes elita ilə görüşlər keçirdi. “Brookfield Asset Management”, “Neuberger Berman”, “Blackstone” kimi nəhəng, trilyonlsrla dollarlıq aktivləri idarə edən şirkətlərin birinci şəxsləri ilə görüşlər oldu. Bu, ölkə iqtisadiyyatına xarici sərmayələrin cəlb olunması üçün mühüm təmaslar idi.

Xüsusilə, Vaşinqton anlaşmalarından sonra Cənubi Qafqazda sülhə və sabitliyin möhkəmlənməsinə inam artıb. Bu da, əlbəttə, bölgəyə, xüsusilə, Azərbaycana xarici sərmayələrin axını üçün əlverişli faktorlar sırasındadır. Bu baxımdan diqqəti cəlb edən məqamlardan biri odur ki, Azərbaycan prezidentinin bütün görüşləri qarşı tərəflərin təşəbbüsü ilə keçirilib.

Azərbaycan prezidenti bir sıra Avropa ölkələrinin liderləri ilə, Avropa Şurasının baş katibi ilə görüşlər keçirib. Başqa mühüm tədbirlərə qatılıb. Bütün bu görüşlərdə və toplantılarda əsas mövzular sırasında nələr var? Azərbaycanın sülh təşəbbüsləri, regional və qlobal əhəmiyyət daşıyan iqtisadi layihələrdə Azərbaycanın öncül və fəal mövqeyi, o cümlədən, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu, Azərbaycan prezidentinin özünün bu inkişafa verdiyi töhfələr və sair.

Bütün bunlar Azərbaycanın beynəlxalq səviyyədə mövqeyinin möhkəmləndiyini göstərir. Bu baxımdan yanaşsaq, BMT-nin bu dəfəki sessiyasında Azərbaycan çox mühüm siyasi aktor və dünya miqyasında gedən proseslərə təsirli faktor olaraq özünü bir daha təqdim və təsdiq etməyə nail oldu. Yəqin ki, bu dəfəki səfərin ən əsas nəticəsi budur.

Yazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzi, bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью