Prezidentin çıxışı özündə üç əsas istiqaməti birləşdirdi

28.10.2026

Newscenter.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.


"Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın multikulturalizm siyasəti, beynəlxalq münasibətlərə yanaşması, milli suverenlik prinsipi və münaqişələrin həlli ilə bağlı mövqeyinin təqdimatı baxımından diqqətçəkən çıxış oldu. Prezidentin çıxışında bir neçə əsas mesaj ön plana çıxmış oldu və bunlardan birincisi Azərbaycanın mədəniyyətlər və sivilizasiyalar arasında körpü rolunun vurğulanması idi".
Bunları Newscenter.az-a politoloq Yusif Bağırzadə deyib. O bildirib ki, dövlət başçısı Azərbaycanın Avropa ilə Asiyanın qovşağında yerləşməsini, tarixən müxtəlif mədəniyyətlərin və dinlərin təmas məkanı olmasını ölkənin mühüm xüsusiyyəti kimi təqdim etdi:
"Prezidentin də qeyd etdiyi kimi multikulturalizm və dini-etnik tolerantlıq yalnız müasir dövrün siyasi şüarı deyil, Azərbaycan cəmiyyətinin tarixi təcrübəsi ilə bağlı dəyərlərdir. Bu mesaj əslində Azərbaycanın beynəlxalq miqyasda mədəniyyətlərarası dialoq təşəbbüslərində fəal iştirakını əsaslandıran ideoloji çərçivə rolunu oynayır.
Növbəti mesaj cəmiyyət daxilində həmrəylik və milli birliyin əhəmiyyəti idi. Prezident müxtəlif etnik və dini qrupların konstitusion hüquq bərabərliyinə, qarşılıqlı hörmətə və birgəyaşayış ənənələrinə diqqət çəkdi. O, Azərbaycançılıq ideyasını müxtəlif icmaları vahid milli kimlik ətrafında birləşdirən amil kimi səciyyələndirdi. Bu kontekstdə multikulturalizm dövlətin daxili sabitliyi və milli identikliyi ilə əlaqələndirildi. Beləliklə, çıxışda mədəni müxtəliflik və milli birlik bir-birinə zidd anlayışlar kimi deyil, paralel şəkildə mövcud ola bilən prinsiplər kimi təqdim edildi".
Yusif Bağırzadə qeyd edib ki, Prezident həmçinin münaqişələrin həlli və sülhün təmin olunması ilə bağlı da mühüm mesajlar verdi və 2020-ci il İkinci Qarabağ müharibəsini, eləcə də 2023-cü il antiterror əməliyyatını Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpası kontekstində təqdim etdi:
"Örezident həmçinin xüsusi olaraq müharibənin davamlı qarşıdurmaya çevrilməməsinin vacibliyini qeyd etdi ki, bu da olduqca əhəmiyyətli idi. Bu fikirlərin əsas məğzi ondan ibarətdir ki, hərbi qarşıdurmanın dayandırılması ilə yanaşı, sülhün siyasi müstəvidə möhkəmləndirilməsi də zəruridir.
Daha bir mesaj beynəlxalq hüququn tətbiqində ardıcıllıq və ikili standartların aradan qaldırılması tələbi idi. Dövlət başçısı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və Azərbaycan ərazilərinin azad edilməsini tələb edən qətnamələrin uzun müddət icra olunmamasını beynəlxalq sistemin əsas problemlərindən biri kimi göstərdi. O, beynəlxalq təşkilatların qərarlarının icrasını təmin edən mexanizmlərin gücləndirilməsinin vacibliyini vurğuladı. Bu yanaşma bir daha Azərbaycanın xarici siyasətində suverenlik, bərabərhüquqluluq və dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərinin ön plana çəkildiyini göstərir".
Yusif Bağırzadə, "Ümumilikdə isə cənab Prezidentin çıxışı özündə üç əsas istiqaməti birləşdirdi deyə bilərik. Bunlar Azərbaycanın multikulturalizm və mədəniyyətlərarası dialoq təşəbbüslərində rolunun vurğulanması, milli suverenlik və beynəlxalq hüquq prinsiplərinin müdafiəsi, eləcə də münaqişələrdən sonra sülhün təmin olunmasının əhəmiyyəti oldu. Çıxışın ümumi siyasi mesajı ondan ibarət idi ki, mədəniyyətlərarası dialoq həm humanitar əməkdaşlıq vasitəsi, həm qarşılıqlı etimadın qurulması, həm də beynəlxalq münasibətlərdə bərabərliyin qorunması və uzunmüddətli sabitliyin təşviqi üçün əhəmiyyətli platformadır",-deyə vurğulayıb.
Süleyman
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью