Icma.az bildirir, Newscenter.az saytına əsaslanaraq.
Azərbaycanın Dünya İqtisadi Forumunda (Davos İqtisadi Forumu) iştirakı 30 ildən artıq bir dövrü əhatə edir. Dünyanın iqtisadi mənzərəsinin şəkilləndirilməsində mühüm rol oynayan Davos Forumunda Azərbaycanın təmsilçiliyi 1995-ci ilə təsadüf edir. İlk dəfə 1995-ci il, yanvarın 27-31-I tarixlərində ümummilli lider Heydər Əliyev Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrənin Davos şəhərində işgüzar səfərdə olub. Həmin ildən etibarən ölkəmiz Forumun işində aktiv iştirak etməyə başlayıb. Bu da təsadüfi deyil və qarşı tərəf də öz növbəsində Azərbaycanın Davos Forumu çərçivəsində aktiv rol oynamasında maraqlıdır. Çünki həm yerləşdiyi coğrafiyada-Cənubi Qafqazda, həm də dünyada, qlobal aspektdə yeri və rolu, nüfuzu getdikcə artan Azərbaycan əksər beynəlxalq platformalarda iştirakçı olmaqla yanaşı, həm də təşəbbüskardır. Ölkəmizin, onun liderinin müxtəlif beynəlxalq platformalarda irəli sürdüyü təşəbbüslər, təkliflər ümumilikdə bəşəriyyətə, dünyada mövcud olan bu və ya digər problemlərin həllinə xidmət etdiyindən həmin təşəbbüslər birmənalı olaraq təqdir olunur, qəbul edilir.
Qeyd etdiyimiz kimi son illər beynəlxalq siyasi və iqtisadi platformalarda artan fəallığı ilə seçilən Azərbaycan Dünya İqtisadi Forumunda (Davos Forumu) əsas aktorlardan biri kimi çıxış edir. Ölkənin enerji təhlükəsizliyi, regional sabitlik və qlobal iqtisadi əməkdaşlıq sahələrində irəli sürdüyü təşəbbüslər bir qayda olaraq forum iştirakçılarının diqqət mərkəzində olub. Eyni zamanda böyük dəstək görüb.
Məlum olduğu kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün yanvarın 19-dan İsveçrə Konfederasiyasında səfərdədir. Səfərin ilk günündən etibarən dövlət başçısı müxtəlif istiqamətləri əhatə edən çoxsaylı görüşlər keçirib. Cənab Prezidentin Davos Forumu çərçivəsində dünya liderləri, nüfuzlu beynəlxalq təşkilatların rəhbərləri və aparıcı transmilli şirkətlərin təmsilçiləri ilə keçirdiyi görüşlər heç şübhəsiz ki, ölkəmizin, eyni zamanda dövlət başçısı Cənab İlham Əliyevin artan beynəlxalq nüfuzunun göstəricisidir.
Görüşlərdə enerji təhlükəsizliyi, yaşıl enerji, investisiya imkanları və regional nəqliyyat dəhlizləri əsas müzakirə mövzuları olur. Keçirilən hər bir görüş, hər bir müzakirənin ölkəmiz üçün faydaları kifayət qədərdir. Bir qayda olaraq bu tipli görüşlər əsasən enerji, iqtisadi sahələri əhatə edir ki, bu da Azərbaycanın qeyd edilən sektorlar üzrə etibarlı tərəfdaş imicinin möhkəmkəndirilməsi baxımından əhəmiyyətli rol oynayır. Digər tərəfdən ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında oynadığı rolu bir daha dünyaya nümayiş etdirir, enerji resurslarımıza olan marağı artırmış olur.
Günümüzdə Azərbaycan qlobal çağırışlara və yeni reallıqlara uyğun olaraq qeyri-neft sektorunun daha da inkişafı, rəqəmsal iqtisadiyyat və “yaşıl enerji” layihələrinin əhatə dairəsinin genişləndirilməsi, onun sürətləndirilməsini qarşıya əsas məqsəd və hədəf kimi qoyduğundan, Davos Forumu həmin məqsədlərə çatmaq, onu tərəfdaş ölkələrlə bölüşmək baxımından da əhəmiyyətli sayıla bilər. Cənab Prezident İlham Əliyevin Davosda keçirdiyi görüşlərdə həmin istiqamətlərə xüsusi diqqət ayırdığını aydın şəkildə gördük. Məsələn, dövlət başçısı Davosda “Vestas Wind Systems” şirkətinin marketinq, kommunikasiya, davamlılıq və ictimaiyyətlə əlaqələr üzrə qrupunun baş vitse-prezidenti Morten Dirholm ilə görüşdə bu şirkətin ölkəmizdə bərpaolunan enerji, xüsusilə külək enerjisi sahəsində fəaliyyətinə toxunuldu, mövcud əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğu bildirildi. Yaxud, Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti Odile Reno-Basso ilə görüşdə bərpaolunan enerji sektorunda fəaliyyətin, Naxçıvanın nəqliyyat sisteminin yenilənməsinin, ölkəmizin ayrı-ayrı bölgələrində məişət tullantılarının zərərsizləşdirilməsi layihələrinin maliyyələşdirilməsi ilə bağlı fikir mübadiləsi aparıldı. Eləcə də digər ölkə rəsmiləri, transmilli şirkət və beynəlxalq korporasiyaların rəhbərləri ilə keçirilən görüşlərdə həm yuxarıda qeyd etdiyimiz məsələlər, həm də Azərbaycanın investisiya imkanları, ölkəmizdən keçən nəqliyyat dəhlizlərinin əhəmiyyəti barədə söhbətlər aparılıb ki, bu da yeni iqtisadi imkanlar və perspektivlər, nəqliyyat dəhlizlərinə ayrı-ayrı ölkələrin və transmilli şirkətlərin marağının artması baxımından önəmlidir. Bütün bunlar heç şübhəsiz ki, Azərbaycan liderinin həyata keçirdiyi uğurlu iqtisadi siyasət və diplomatiya sahəsində şahmat dəqiqliyi ilə etdiyi gedişlərdən irəli gəlir.
Ümumiyyətlə, ölkəmizin Davos Förumu kimi nüfuzlu platformada fəal iştirak etməsi Azərbaycanın regional parametrləri aşaraq qlobal miqyasda qərar qəbuletmə proseslərində söz sahibi olduğunu göstərir. Heç şübhəsiz ki, bu da öz növbəsində ölkəmizin qarşısına qoyduğu uzunmüddətli strateji hədəflərə uyğun olaraq beynəlxalq mövqelərini daha da gücləndirir.
Nəsib Məhəməliyev, Milli Məclisin deputatı