525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Azərbaycan Prezidenti İlham Əliyevin Dublində keçirilən Avropa Siyasi Birliyinin IX Zirvə toplantısında iştirakı ölkəmizin xarici siyasəti baxımından mühüm hadisə kimi yadda qaldı. Lakin bu səfər yalnız Azərbaycan üçün deyil, bütövlükdə Avropa üçün də son dərəcə mühüm əhəmiyyət kəsb edirdi”.
Bu barədə 525.az-a politoloq Şəbnəm Həsənova deyib.
O bildirib ki, söhbət, eyni zamanda, Cənubi Qafqazın gələcək geosiyasi konfiqurasiyasından və bu konfiqurasiyada Avropanın tuta biləcəyi mövqedən gedir. Məhz bu baxımdan səfər xüsusi diqqət çəkirdi:
“Elə buna görə də Azərbaycan lideri İlham Əliyevlə görüşlərin keçirilməsi və təmasların qurulması istiqamətində təşəbbüslərin göstərilməsi diqqətçəkən məqamlardan biri idi. Bu səbəbdən həmin sammitdə iştirak son dərəcə strateji əhəmiyyət kəsb edir. Sammitdə iştirakın strateji əhəmiyyətini artıran digər bir məqam isə Azərbaycanın bu platformaya münasibəti ilə bağlıdır. Əvvəlki sammitlərdə iştirakın xronoloji ardıcıllığına nəzər saldıqda görürük ki, Azərbaycan bu platformada iştirak, iştirakdan imtina və videobağlantı vasitəsilə qoşulma kimi müxtəlif formatlardan istifadə edib. Bu yanaşmaların hər biri ölkəmizin milli maraqları ilə uzlaşdırılıb. Yəni Azərbaycan üçün əsas məsələ platformada formal iştirak deyil, iştirak formatının milli maraqlara uyğunluğudur”.
Politoloq deyib ki, Avropa liderləri də Dublində Azərbaycanla münasibətlərə dair olduqca müsbət fikirlər səsləndirdilər: “Hesab edirəm ki, bu bəyanatların ortaq məzmununda mühüm geosiyasi mesaj mövcuddur. Azərbaycan yalnız enerji resurslarını ixrac edən ölkə deyil, həm də regional sabitliyin qorunması, nəqliyyat-kommunikasiya xətlərinin təhlükəsizliyi, Avropa ilə Asiya arasında siyasi və iqtisadi əlaqələrin genişləndirilməsi baxımından son dərəcə mühüm tərəfdaşdır. Sabitliyi müasir dövrdə yalnız daxili siyasətin və yaxud regional təhlükəsizliyin bir komponenti kimi qiymətləndirmək onun mahiyyətini məhdudlaşdırmaq deməkdir. Müasir geosiyasi şəraitdə sabitlik dedikdə enerji təhlükəsizliyi, investisiya mühiti, beynəlxalq ticarət və nəqliyyat dəhlizlərinin fasiləsiz fəaliyyəti də nəzərdə tutulur. Buna görə də Azərbaycan coğrafi mövqeyini formalaşdırdığı siyasi və iqtisadi əməkdaşlıq əlaqələri ilə uzlaşdırmağı bacarır.
Dublində müzakirə olunan məsələlər arasında xüsusi diqqət yetirilməli istiqamətlərdən biri də Azərbaycan, Gürcüstan, Türkiyə və Bolqarıstanın iştirakı ilə inkişaf etdirilən yaşıl enerji dəhlizi və bu layihəyə münasibətdə səsləndirilən fikirlər idi. Xəzər hövzəsində formalaşan bərpaolunan enerji potensialını Avropa bazarlarına çıxarmaq üçün Azərbaycan yeni imkanlar əldə etdiyi kimi, bu imkanları təqdim etməyi də bacarır. Digər tərəfdən, Cənubi Qafqaz və Türkiyə üzərindən Avropa istiqamətində yeni enerji infrastrukturunun formalaşdırılması nəzərdə tutulur. Əgər bu əməkdaşlığa Bolqarıstan da cəlb olunursa, deməli, layihənin Avropanın ümumi enerji sisteminə inteqrasiyası üçün imkanlar yaranır”.
Ş.Həsənova əlavə edib ki, əvvəlki illərdə Azərbaycan, Gürcüstan və Türkiyə əməkdaşlığı əsasən neft və qaz kəmərləri kontekstində müzakirə olunurdusa, indi bu əməkdaşlığın yeni enerji komponentlərini də özündə ehtiva etdiyini görürük. Heç şübhəsiz ki, buraya elektrik enerjisinin ötürülməsi, rəqəmsal bağlantılar və regional iqtisadi inteqrasiya da daxildir:
“Deməli, Azərbaycan regionu vahid mövqedə birləşdirməklə onun imkanlarını bütöv şəkildə Avropaya çatdırmağı və Avropa ilə inteqrasiyasını düzgün formada genişləndirməyi də bacarır. Digər tərəfdən, enerjinin istehsal olunduğu ərazilərlə bu enerjinin istehlak edildiyi bazarlar arasında strateji bağlantı yaradılır. Azərbaycan Xəzərin enerji potensialına diqqət çəkməklə yanaşı, Xəzərətrafı məsələlərə və bütövlükdə Cənubi Qafqazın əhəmiyyətinə də beynəlxalq diqqətin yönəldilməsinə nail olur”.
PƏRVANƏ