Olke.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Dövlət Gömrük Komitəsinin (DGK) sədri Şahin Bağırova "gömrük xidməti general-polkovniki" ali xüsusi rütbəsi verilib.
Ölkə.Az Ş.Bağırovun dosyesini təqdim edir:
Şahin Soltan oğlu Bağırov 12 yanvar 1965-ci ildə Bakı şəhərində anadan olub.
1986-cı ildə Voronej Dövlət Universitetininİqtisadiyyat fakültəsini, ikinci təhsil kimi isə 2003-cü ildə Rusiya Gömrük Akademiyasının Gömrük işinin təşkili fakültəsini bitirib. 2004-cü ildə həmin akademiyanın aspiranturasını bitirərək iqtisad elmləri namizədi (iqtisad üzrə fəlsəfə doktoru) elmi dərəcəsinə yiyələnib.
Şahin Bağırov əmək fəaliyyətinə təyinat əsasında Azərbaycan aqrar-sənaye kompleksi sistemində başlayıb.
1992-ci ildən gömrük sistemində inspektor kimi çalışmağa başlayıb, Bakı Baş Gömrük İdarəsinin inspektoru, "Əli-Bayramlı" gömrük postunun rəisi, Gömrük Nəzarətinin Təşkili Baş İdarəsində, Daxili Təhlükəsizlik İdarəsində işləyib, Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin rəis müavini, sonra isə rəisi olub.
Şahin Bağırov 2014- 2018-ci illərdə Dövlət Gömrük Komitəsi sədrinin müavini olub.
2019–2022-ci illərdə Vergilər Nazirliyi və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində çalışıb.
2022-ci ilin iyulun 18-də Dövlət başçısının sərəncamı ilə Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini təyin edilib, eyni zamanda ona sədrin vəzifələrini müvəqqəti icra etmək səlahiyyətləri verilib.
14 fevral 2023-cü ildə bu komitənin sədri vəzifəsinə təyin edilib.
Şahin Bağırov Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyasının nəqliyyatla bağlı gömrük məsələləri üzrə işçi qrupunun sədr müavini, Birləşmiş Millətlər Təşkilatının "Beynəlxalq Yük Daşımaları haqqında" Gömrük Konvensiyasının İnzibati Komitəsinin sədri vəzifəsində, eləcə də Sərhədlərdə Yüklərə Nəzarət Şərtlərinin Razılaşdırılması üzrə Beynəlxalq Konvensiyanın (1982) İnzibati Komitəsinin sədri kimi fəaliyyət göstərib.
28 yanvar 2005-ci ildə ona gömrük xidməti general-mayoru, 2014-cü ilin fevralın 3-də isə gömrük xidməti general-leytenantı ali xüsusi rütbələri verilib.
Ailəlidir, iki övladı var.
Billurə