Prezidentin illər əvvəl dediyi sözlər gerçəkləşdi Onlar cəzalandırılır...

04.02.2026

GlobalInfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycana qarşı çoxsaylı müharibə cinayətləri törətməkdə təqsirləndirilən Ermənistan vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin məhkəmə prosesi fevralın 5-də davam etdiriləcək.

Azərbaycanın regiondakı və dünyadakı geosiyasi mövqeyi, həmçinin aparılan uğurlu strateji siyasət ərazi bütövlüyümüzün bərpasına, müharibə cinayətlərinə görə ədalətin təmin edilməsinə zəmin yaratdı.

Prezident İlham Əliyevin qəti iradəsi və prinsipiallığı, müharibədən əvvəl verdiyi vədləri faktiki olaraq yerinə yetirməsi, xalqın etimadını, dövlətin hüquqi üstünlüyünü təmin edib. Xocalı soyqırımı və digər cinayətlərdə ittiham olunan şəxslərin ədalət mühakiməsinə cəlb olunacağı barədə Prezidentin illər əvvəl dediyi fikirlər indi tarixi və hüquqi baxımdan təsdiqlənir.

Məhkəmə prosesi beynəlxalq hüquq normalarına uyğun, şəffaf və açıq şəkildə aparılır. Proses Ermənistan dövlətinin və onun silahlı qüvvələrinin törətdiyi cinayətlərdəki rolunu ortaya qoyur. Təqsirləndirilən şəxslərin ifadələri, yayılan kadrlar və faktiki dəlillər göstərir ki, qondarma rejimdə aparılmış hərbi əməliyyatlar tamamilə Ermənistan ordusunun nəzarəti və iştirakı altında olub.

Misal üçün qondarma rejimin terror birləşməsinin lideri olmuş Levon Mnatsakanyan açıq etiraf edib ki, həmin ordular Ermənistanın hərbi strukturunun ən böyük birləşmələri olub, yuxarı vəzifələrə təyinatlar İrəvanda təsdiqlənib və ordunun təminatı Ermənistan ordusunun daxilində təşkil edilib. Bu, qondarma rejimlərin hər hansı müstəqil fəaliyyət göstərmədiyini, Ermənistan dövlətinin işğal siyasətini həyata keçirmək üçün bu qurumları vasitə etdiyini açıq şəkildə göstərir.

Məhkəmə prosesi həm də tarixi ədalət baxımından əhəmiyyətlidir. Bu, bir tərəfdən qurbanların qanının yerdə qalmadığını göstərir, digər tərəfdən isə gələcəkdə belə cinayətlərin təkrarlanmasının qarşısının alınması üçün nümunəvi presedent yaradır.

Tarixi təcrübə göstərir ki, ədalətin təmin olunması yalnız daxili səylərlə mümkün olmur. Məsələn, İsrailin Holokostdan sonra faşistləri müxtəlif ölkələrdə taparaq mühakimə etməsi, lakin bütün cinayətkarları cəzalandıra bilməməsi bu sahədəki çətinliyi göstərir. Həmçinin keçmiş Yuqoslaviyada münaqişələrdən sonra müharibə cinayətkarlarının bir qisminin mühakimə edilməsi yalnız beynəlxalq birliyin fəal iştirakı ilə mümkün olmuşdu.

Azərbaycan isə öz gücü və milli hüquqi mexanizmləri hesabına həm ərazi bütövlüyünü təmin edib, həm də işğal və müharibə cinayətlərinə görə cavabdeh şəxsləri məhkəmə qarşısına çıxara bilib.

Ermənistan və onun işğalçı qüvvələri təkcə hərbi cinayətlərə görə deyil, eyni zamanda, Qarabağda törədilmiş urbisid və ekosidə görə də məsuliyyət daşıyır.

Məhkəmədə təqsirləndirilən şəxslərin ifadələri və faktlar göstərir ki, rəsmi İrəvan yalnız işğalçı siyasət yürütməklə kifayətlənməyib, həmçinin qondarma rejim vasitəsilə ərazi işğalını hüquqi və hərbi baxımdan sistemləşdirib. Qondarma rejim rəhbərləri vəzifələrini Ermənistanın siyasi rəhbərliyindən aldı və bu rejimlər əsasən Qarabağdakı işğal siyasətini həyata keçirən vasitəçi funksiyasını yerinə yetirdi. Bu, tarixi faktlar və məhkəmə materialları ilə təsdiqlənir.

Bundan əlavə, məhkəmə prosesi Azərbaycanın beynəlxalq aləmdə mövqeyini gücləndirir. Açıq və şəffaf məhkəmə ilə Azərbaycan hüquqi, siyasi etibarını qoruyur, eyni zamanda beynəlxalq hüquq prinsiplərinə riayət etdiyini nümayiş etdirir. Xarici təzyiqlərə baxmayaraq, ölkə qəti mövqeyini qoruyub saxlayıb. Bu da Prezident İlham Əliyevin prinsipial və qətiyyətli siyasətinin birbaşa nəticəsidir.

Azərbaycan həm ərazi bütövlüyünü bərpa etməklə, həm də insanlıq əleyhinə və müharibə cinayətlərinə görə ədalətin təmin edilməsi ilə nadir bir nümunə təqdim edir. Dövlətin gücü və prinsipiallığı, Prezidentin iradəsi, milli hüquqi mexanizmlərin səmərəli tətbiqi hüququn, ədalətin və dövlətçilik prinsiplərinin təntənəsi kimi qiymətləndirilə bilər.

Bütövlükdə təxminən 1 il davam edən bu məhkəmə prosesində istər şahidlərin ifadələri, istərsə də müharibə cinayətlərində ittiham edilən Ermənistan vətəndaşlarının etirafları və məhkəmədə göstərilən təkzibolunmaz faktlar rəsmi Bakının növbəti dəfə ədalətli yanaşmasını, hüquqi dövlət obrazını ortaya qoydu.

Turan Rzayev
Globalinfo.az-ın siyasət yazarı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью