Prezidentin köməkçiləri və nazirlər Xankəndidə FOTOLAR | Icma.az
Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyevin sədrliyi ilə Xankəndi şəhərində Qərargahın növbəti iclası keçirilib.
Modern.az xəbər verir ki, iclası giriş sözü ilə açan Samir Nuriyev Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərdə quruculuq və bərpa işlərinin geniş vüsət aldığını qeyd edib.
Dövlət başçısının təsdiq etdiyi “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun olaraq həyata keçirilən irimiqyaslı layihələr çərçivəsində müasir infrastruktur qurulur, keçmiş məcburi köçkünlərin rahat şəkildə öz yurdlarına qayıtmaları və məskunlaşmaları üçün yaşayış məntəqələri salınır, ərazilərdə zəruri şərait yaradılır.
Otuz ilə yaxın davam edən işğal dövrünün geridə qaldığını, 44 günlük Vətən müharibəsi və uğurlu antiterror əməliyyatı nəticəsində ölkəmizin suverenliyinin tam bərpa edildiyini bildirən Qərargahın rəhbəri bu tarixi nailiyyətin Ali Baş Komandanın siyasi müdrikliyinin, qətiyyətinin, Azərbaycan dövlətinin gücünün, xalqın birliyinin və iradəsinin təcəssümü olduğunu vurğulayıb.
Dövlət başçısı tərəfindən işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışın milli prioritetlərdən biri kimi müəyyən edildiyi, bu sahədə görülən işlərin daim nəzarətdə saxlanıldığı iclas iştirakçılarının diqqətinə çatdırılıb.
Qeyd edilib ki, Böyük Qayıdışın vaxtında və keyfiyyətli şəkildə təmin edilməsi məqsədilə müəyyənləşdirilmiş hədəflərə nail olmaq üçün bütün resursların səfərbər edilməsi, bərpa-quruculuq layihələrinin əlaqəli və planlı şəkildə icrası və vaxtında təhvil verilməsi mühüm əhəmiyyətə malikdir.
Daha sonra iclasın gündəliyinə uyğun olaraq, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası istiqamətində, habelə Proqram çərçivəsində əhalinin dayanıqlı məskunlaşması və məşğulluğunun təmin edilməsi, iqtisadi fəallıq və sahibkarlıq fəaliyyətinin stimullaşdırılması sahələrində görülən işlər barədə məlumatlar təqdim olunub.
Tam oxu
Xəbəri oxu