Prezidentin Naxçıvan səfəri: müsahibədə hansı mesajları verdi?

12.08.2026

Icma.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Naxçıvanda səfərdə olan zaman Prezident İlham Əliyev Azərbaycan televiziyasına çox maraqlı müsahibə verib. Həmin müsahibədə çox vacib mesajlar var. Azərbaycanın çox mühüm strateji hədəfləri açıqlanıb.

Əsas hədəflərdən biri bundan ibarətdir: Azərbaycan Şərq-Qərb istiqamətində bağlantıların mərkəzində yer alır. Eləcə də, Şimal-Cənub xəttində. Bu, nə deməkdir?!

Bu, o deməkdir ki, Şərqdən Qərbə, Şimaldan Cənuba kim yük daşımaq, göndərmək istəyirsə, istəsə də, istəməsə də, yolu Azərbaycan üzərindən keçəcək. Bunlar heç də, sadəcə, qulağa xoş gələn sözlər deyil. Bu, reallıqdır.

Bu günlərdə İran prezidenti Azərbaycana niyə təşəkkür etdi? Səbəbi məlumdur: müharibə şəraitində olan İrana Azərbaycan öz imkanları ilə humanitar yardım göstərdi, həm də başqa ölkənin göndərdiyi yardımı da öz ərazisindən İrana buraxdı. Deməli, Şimal-Cənub nəqliyyat dəhlizinin necə önəmli olduğunu Rusiya da, İran da gördü. Azərbaycan bunu onsuz da bilir.

Əgər Zəngəzur dəhlizi də işə düşsə, təkcə Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri deyil, regiondakı və regiondan kənardakı bir çox ölkələr də bunun xeyrini görəcəklər. O cümlədən, Rusiya və İran. Zəngəzur dəhlizinin işə düşməsinə mane olanlar əslində gələcəkdə bundan faydalana biləcək ölkələrdir. Təbii ki, Ermənistan, Rusiya və İran bu layihənin ləngiməsinə səbəb oldular.

İdeya, bəli, prezidentin də dediyi kimi, Azərbaycanındır. Ancaq fayda hamının olacaq. O cümlədən, Avropa İttifaqı da Zəngəzur dəhlizinə maraq göstərir. ABŞ isə nəinki maraq, ən yüksək səviyyədə dəstək göstərir.

2025-ci il avqustun 8-də Vaşinqtonda məlum sənədlər, razılaşmalar ABŞ prezidentinin birbaşa iştirakı ilə imzalanıb. Üstəlik pezident Donald Tramp bu layihəyə öz adını verməklə birmənalı dəstəyini ifadə edib.

Dəhliz sənəddə "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" adlanır. Yəni "Tramp yolu". İndi Prezident Tramp öz marşrutunu açmaq üçün Ermənistana təsir etməlidir və edir. Bunun üçün o, 8 avqust razılaşmaları ilə bağlı həm Azərbaycan prezidenti ilə, həm də Ermənistanın baş naziri ilə telefonla danışdı. Bu söhbətin əsas mövzularından biri Zəngəzur dəhlizi ilə bağlı olub. Trampın bu məsələni hər iki ölkənin rəhbəri ilə müzakirə etməsi mahiyyətcə Azərbaycana dəstək, Ermənistana təsir deməkdir. Çünki "Tramp yolu" məsələsində Azərbaycanın mövqeyi məlumdur və ABŞ-la sinxrondur. Ermənistanın isə bu məsələni yubatması daha çox Rusiyanın mövqeyinə, eləcə də, İranə hakimiyyətinin radikal, mühafizəkar qanadının narrativlərinə yaxındır. Bunu, şübhəsiz, Vaşinqtonda da görürlər.

Prezident İlham Əliyev ABŞ prezidenti ilə telefon danışığından cəmi iki gün sonra Naxçıvan Muxtar Respublikasına getdi və orada verdiyi müsahibədə bu telefon söhbətini də qabartdı.

Bu səfər və bu açıqlamalar özlüyündə ABŞ-ın Zəngəzur dəhlizi məsələsində Azərbaycana verdiyi dəstəyin, Ermənistana təsirin daha da artırılmasına yönəlmiş addımlardır. Rusiya, eləcə də, İrandakı radikal hakim qüvvələr az qala beş ilə yaxın müddətdə Zəngəzur dəhlizi ilə bağlı Azərbaycanın təşəbbüsünə müqavimət göstərdilər, bunu "qırmızı xətt" elan edənlər də oldu. Ancaq bu, Azərbaycanı geri çəkilməyə, öz maraqlarından, hədəflərindən dönməyə sövq edə bilmədi.

Prezidentin müsahibəsində də məhz bu məqam vurğulanır. Açıq mesajlar verilir. Ümumiyyətlə, Azərbaycan açıq oynayır - diplomatik xətti aydın və ardıcıldır. O cümlədən, bu məsələlərdə.

Burada təkcə Azərbaycan özünün deyil, dediyim kimi, bütün tərəflərin maraqlarını əsas götürür.

Azərbaycanın əsas hissəsindən Naxçıvan bölgəsinə yerüstü bağlantıların qurulması istəyindən təbii nə ola bilər?! Cavab məlumdur. Bu hədəfə çatmaq - Azərbaycanın əsas hissəsi ilə Naxçıvanın nəqliyyat-kommunikasiya xətləri ilə əlaqələndirilməsi Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur bölgələrini Ermənistanın işğalından azad etməsi qədər mühüm məsələdir. Ona görə də müsahibəsindən, verdiyi mesajlardan da görünür ki, Prezident İlham Əliyev Naxçıvanı faktik blokadadan (həm də yuridik olaraq) çıxarmağı öz bioloji və siyasi ömrünün əsas məqsədlərindən birinə çevirib. Bunu belə başa düşürəm. Üstəlik Naxçıvanı Azərbaycanın əsas hissəsi ilə bağlamaq da hələ son deyil, bu bağlantını həm ölkənin - Azərbaycanın, həm də bütövlükdə bölgənin inkişafına - sülh və sabitlik məqsədlərinə yönəltmək də var.

Prezident İlham Əliyev bölgədə gedən müharibələrin, başqa risklərin konkret olaraq Naxçıvanda - Azərbaycanın əsas ərazisindən ayrı düşmüş bölgədə enerji böhranına səbəb ola biləcəyini də vurğulayıb. Azərbaycandan İran Astarasına ötürülən qazın əvəzində İrandan Naxçıvana qaz verilir. Eyni zamanda elektrik enerjisi. Ancaq İran hazırda müharibə şəraitindədir. Bu, Naxçıcanın enerji təhlükəsizliyini də təhdid edir. Ona görə Prezident Naxçıvanda elektrik enerjisi, o cümlədən, "yaşıl enerji" layihələrinə xüsusi diqqət və dəstək verir.

Burada yenə Zəngəzur dəhlizinin xüsusi əhəmiyyəti göz önündə canlanır. Çünki Zəngəzur dəhlizi təkcə dəmiryolu, avtomobil yolu demək deyil, həm də Zəngəzur enerji dəhlizi deməkdir. Prezident öz müsahibəsində bu ifadəni işlədir - Zəngəzur enerji dəhlizi.

Yəni Zəngəzur dəhlizi açılsa, Ermənistanın ərazisindən Azərbaycan öz ərazisinə - Naxçıvana enerji daşıyıcıları və elektrik enerjisi, eləcə də, qaz ötürə biləcək. Bu, bir yandan Naxçıvanı qonşu ölkələrin enerji asılılığından və bölgədəki hazırda real olan və ehtimal olunan böhran risklərindən qoruyar, həm də bölgənin sürətli inkişafına təkan verər. Odur ki, Prezidentin əvvəlki 16 səfəri kimi budəfəki gəlişi də Naxçıvanın inkişafında irəliləyişlərlə yadda qalacaq. Azərbaycan dövlətinin başçısı ölkənin harasına səfər edirsə, orada özündən sonra ya təməli qoyulmuş, ya açılışı edilmiş istehsal, emal müəssisələri qoyub gedir. Təhsil ocaqları, tibb ocaqları, mədəniyyət ocaqları, sosial mərkəzlər, tirizm mərkəzləri, idman kompleksləri, ticarət, xidmət obyektləri qoyub gedir. Bu dəfə də istisna olmadı.

Bunlar öz yerində. Azərbaycan Prezidenti özünün və ölkəsinin daha bir strateji hədəfini də bu müsahibədə açıqlayıb. Bu, Avropaya neft və qazla yanaşı elektrik enerjisi ixracını da artırmaqdır. O cümlədən, "yaşıl enerji" məhsulunu. Həm də özünün istehsal etdiyi elektrik enerjisinin ixracını deyil, Mərkəzi Asiyanın iki böyük ölkəsinin də elektrik enerjisini Avropaya ötürməkdən - enerji tranzitindən söhbət gedir. COP29 çərçivəsində Azərbaycan, Qazaxıstan və Özbəkistan birgə anlaşma əldə ediblər. Prezident bunu bir daha xatırladıb.

P.S. Şübhəsiz ki, Prezidentin Naxçıvana səfəri burada icra olunan layihələrlə, Zəngəzur dəhlizi məsələsində Ermənistana təsirlərin gücləndirilməsi məqsədi ilə məhdudlaşmır. Yəni bu, tək iqtisadi, siyasi məqsədlər deyil, həm də - eyni dərəcədə insani, yəni mənəvi dəstəkdir. Çünki Naxçıvan hazırda müharibə şəraitində olan, ərazisi hərbi zərbələrə məruz qalan İranla sərhədyanı bölgədir. Azərbaycanı İranla sərhədlər ayırsa da, insani tellər birləşdirir. Prezidentin bu bölgəyə səfəri həm də Araz çayından o tayda yaşayan Azərbaycanlılara, bütövlükdə müharibədən əziyyət çəkən hər kəsə mənəvi dəstəyin ifadəsidir.

Məlumdur ki, Prezident İlham Əliyev ABŞ Prezidenti ilə telefon söhbətində İranın məğlub olmayacağı, təslim olmayacağı haqda öz fikrini də açıq deyib. Azərbaycan Prezidenti bildirib ki, ən doğru yol bu münaqişəni konstruktiv danışıqlar yolu ilə həll etməkdir. Bu da İran cəmiyyətinə, İrandakı bütün xalqlara, müharibədə itki verən, əziyyət çəkən insanların hamısına çox böyük insani dəstəkdir. İran dövlətinə siyasi dəstək də öz yerindədir: Azərbaycan bu ölkənin də ərazi bütövlüyünə, suverenliyinə, sərhədlərinin toxunulmazlığına həmişə öz dəstəyini ifadə edib.

Yazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzi, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью