Prezidentin Naxçıvan səfəri: Qafqazdan dünyaya açılan yeni dəhliz

12.08.2026

Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan Prezidenti İlham Əliyevin Naxçıvana son səfəri təkcə yeni obyektlərin açılışı və təməlqoyma mərasimləri ilə yadda qalmadı.

Səfər zamanı səsləndirilən mesajlar, Prezidentin Azərbaycan Televiziyasına verdiyi müsahibədə Zəngəzur dəhlizinin yaradılmasının Azərbaycanın təşəbbüsü olduğunu, əsas məqsədlərdən birinin Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirmək və dəhlizdən ən azı 15 milyon ton yük keçirməyə nail olmaq olduğunu bildirib.

Dövlət başçısı qeyd edib ki, biz bu hədəfə doğru inamla və çox böyük məharətlə addımlayırdıq, yaxınlaşırdıq və artıq yaxınlaşmışıq:

“Bizim istəyimiz ondan ibarətdir ki, bu nəqliyyat dəhlizindən ən azı 15 milyon ton yük keçsin. Onun üçün bu gün mövcud olan dəmir yolu yenidən qurulmalıdır, reabilitasiya edilməlidir.

Bu gün mənə verilən məlumat və təqdimat çox vacib idi. Mənim də göstərişlərim ondan ibarət idi ki, vaxt itirmək lazım deyil, Azərbaycan öz vəsaiti hesabına bu dəmir yolunu tam işlək və 15 milyon ton yükaşırma qabiliyyətinə malik olan vəziyyətə çatdıra bilər və çatdırmalıdır.

Bizim mövqeyimiz ondan ibarətdir ki, Azərbaycanın əsas hissəsində yerləşən ərazilərdə Azərbaycan Dəmir Yolları artıq bütün işləri yekunlaşdırır və burada hər hansı bir xarici iştiraka ehtiyac yoxdur.

O ki qaldı, Naxçıvan dəmir yolunun reabilitasiyasına, burada prinsip etibarilə beynəlxalq konsorsium yaradıla bilər. Təbii ki, nəzarət paketi Azərbaycan dövlətinə məxsus olmaq şərti ilə beynəlxalq konsorsium investorlardan ibarət ola bilər və biz buna açığıq”.

"Cebheinfo.az"-a açıqlamasında millət vəkili, iqtisadçı-ekspert Vüqar Bayramov bildirib ki, Azərbaycan Prezidentinin Naxçıvana səfəri zamanı qeyd etdiyi strateji məqamlardan biri də Zəngəzur dəhlizinin, eləcə də TRIPP yolunun reallaşması nəticəsində Naxçıvanın mövqeyinin daha da güclənməsi ilə bağlı idi:

"Praktik olaraq, Zəngəzur dəhlizinin reallaşması Naxçıvanın yalnız Azərbaycan daxilində deyil, bütövlükdə Cənubi Qafqazda mövqeyinin möhkəmlənməsinə və strateji əhəmiyyətinin artmasına gətirib çıxaracaq. Nəzərə alsaq ki, Zəngəzur dəhlizi üzərindən Naxçıvana daşınan yüklərin həcminə birbaşa təsir göstərəcək. 

Təbii ki, məhz bu istiqamətdə artımlar müşahidə olunacaq. Zəngəzur dəhlizi regionda beynəlxalq yükdaşımaların həcminin artmasına imkan verəcək. Bu, Naxçıvan vasitəsilə yalnız ənənəvi deyil, eyni zamanda innovativ məhsulların Avropa və dünya bazarlarına çıxarılması anlamına gəlir.

Nəticədə isə həm Naxçıvan Muxtar Respublikasının, həm də Azərbaycanın dövlət gəlirlərinin artmasını müşahidə edəcəyik".Deputat bildirib ki, 15 milyon ton ilkin yükdaşıma hədəfidir:

"Eyni zamanda, bu potensialın növbəti mərhələlərdə 25-30 milyon tona qədər artırılması da nəzərdə tutulur. Bu, əslində, kifayət qədər ciddi potensial və imkanlar deməkdir.

Ona görə də Zəngəzur dəhlizi və TRIPP yolu bütövlükdə regionun nəqliyyat xəritəsini dəyişəcək. Bu, birmənalı şəkildə Azərbaycan, o cümlədən ölkəmizin ayrılmaz hissəsi olan Naxçıvan üçün yeni imkanlar deməkdir. Təbii ki, bu, bütövlükdə Azərbaycanın geosiyasi mövqeyinin daha da güclənməsinə imkan verəcək".

Gülər Həsənli 
"Cebheinfo.az"

Açar sözlər: Prezidentin Naxçıvan səfəri Vüqar Bayramov

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью