Prezidentin ölümündən sonra “Fiorentina”nı nə gözləyir?

29.01.2026

Icma.az, Footbal-plus portalına istinadən məlumat verir.

Heç şübhəsiz, Florensiya İtaliyanın ən gözəl şəhərlərindən biridi. Üstəlik futbolu da çox sevən şəhərdi. “Fiorentina” isə sadəcə, bir futbol klubu deyil, həm də yerli özünüdərkin və identikliyin ayrılmaz hissəsidi. Bax, məhz buna görə yanvarın 16-da Nyu-Yorkda dünyasını dəyişən milyarder Rokko Kommissonun ölümü Arno çayının sahillərində böyük əks-səda doğurdu.

"Football-plus.az" xəbər verir ki, 2019-cu ildə “Fiorentina”nı alan 76 yaşlı italiyalı-amerikalı son bir neçə ayda Florensiyada görünməmişdi. Biznesmen ağır və sağalmaz xəstəliyə tutulmuşdu, onun ölümü qaçılmaz son kimi görünürdü. Rokkonun ölüm ehtimalı publikaya bir o qədər çatdırılmasa da, kimlər bilməliydisə, bilirdi.
Son aylarda Florensiyaya Kommissonun ən etibarlı təmsilçisi olan Mark Stefan ad-soyadlı adam tez-tez baş çəkirdi, o, faktiki klubun vitse-prezidenti idi. Rokko kimi o da əsasən İtaliyanın sərhədlərindən kənarda yaşayırdı, bu üzdən əvvəllər o qədər də diqqət mərkəzinə düşməmişdi. Və indi qəfil onun haqda danışmağa başladılar. Çox güman, məhz Stefan milyarderin dul xanımı Ketrinin və oğlu Cozefin adından “bənövşəyilər”in taleyini həll edəcək. Florensiyada danışılanlara inansaq, Cozef milyarder atasının işləri ilə maraqlanmır, ciddi biznes aparmaq təcrübəsi yoxdu, Ketrin də prinsipcə futboldan çox uzaq adamdı. Odu ki, klubun satılması məsələsi aktuallıq qazanıb.
Kommisso 2019-cu ildə “Fiorentina”nı Della Valle ailəsindən aldı. Həmin vaxt sövdələşmə 160-200 milyon avro arasında dəyərləndirilirdi. Rokko tam haqlı olaraq müasir və çoxfunksiyalı “Viola Park” məşq kompleksini özünün əsas qürur mənbəyi sayırdı. Həmin kompleksin tikintisi prezidentə əlavə 120 milyona başa gəlmişdi. İndi orda klubun kişi və qadın, həmçinin gənclər və yeniyetmələr komandaları məşq edir.
Əlbəttə, Kommissonun vaxtında “Fiorentina” qitə futbolunda dəbi müəyyənləşdirən komandalardan deyildi, ancaq iki dəfə Konfrans Liqasında, bir dəfə isə İtaliya kubokunda finala yüksələ bilmişdi. Və “bənövşəyilər” bütün bu oyunlarda Vinçentso İtalyanonun rəhbərliyi altında uduzub. Taleyin ironiyasına bax ki, yanvarın 18-də keçirilən oyunda “Fiorentina”nın rəqibi İtalyanonun rəhbərlik etdiyi “Bolonya” idi. “Fiorentina” Kommissonun ölümü fonunda oyunun təxirə salınmasını xahiş etsəydi, yəqin ki, güzəşt olunacaqdı. Ancaq Florensiyadan olan klub, əksinə, bu oyunu prezidentin xatirəsinə həsr etməyə qərar verdi. Və yanılmadı: cəzalı Paolo Vanolinin yoxluğunda da komanda cari mövsümdə ilk səfər qələbəsini qazandı və “xilaskar” 17-ci yerə doğru addım atdı.
Bəs davamı necə olacaq? Bütün futbol adamları birağızdan deyirlər ki, indi “bənövşəyilər”in maliyyələşməsi baxımından hər şey qaydasındadı. Odu ki, Rokko Kommissonun dünyasını dəyişməsi dərhal klubun taleyinə neqativ təsir göstərə bilməz. Həm pul, həm də heyətdəki oyunçuların səviyyəsi “bənövşəyilər”in hələ ki uğursuz alınan cari mövsümdə A seriyasında yerini qoruması üçün kifayət etməlidi.
Hələ Yeni il ərəfəsində “Fiorentina”nın oyunu çox acı təsir bağışlayırdı, düşmə zonasındakı yerinə uyğun idi. Yanvarda vəziyyət yaxşılaşdı, “Bolonya” üzərindəki səfər qələbəsi isə göstərir ki, komandanın xarakteri də yerindədi.
Kommisso klub tarixinə bu vəzifədə olarkən dünyadan köçən 4-cü prezident kimi düşdü. Yeri gəlmişkən, yaxınlarda – 2024-cü ildə - həmin vaxt klubun baş direktoru vəzifəsini tutan Co Barone də vəfat edib. Əlbəttə, həmin faciə “bənövşəyilər”in taleyinə radikal təsir göstərə bilməzdi. Kommissonun ölümü isə tam başqa məsələdi.
Rokkonun dönəmində klub məhz onun vəsaiti hesabına yaşayırdı ki, bu da A seriyası üçün o qədər də geniş yayılan tendensiya deyil. İndi isə “Fiorentina”nı hansı gələcəyin gözləməsi sual altındadı. Yalnız Florensiya yox, bütün İtaliya üçün.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью