Icma.az bildirir, Olke.az saytına əsaslanaraq.
Ölkə.az xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov AZƏRTAC-a və AzTV-yə müsahibəsində deyib.
O bildirib ki, hazırkı vəziyyətdə muxtar respublikanın iki əsas istiqamətdə çətinliyi mövcuddur:
"Bunlardan biri məşğulluqla bağlıdır. Bunun da səbəbləri bəllidir: uzun illər ərzində blokadada qalan muxtar respublikada sahibkarlıq zəif inkişaf edib, ölkənin əsas hissəsi ilə əlaqələrin məhdud olması bir sıra məsələlərdə Naxçıvan sakinlərini müəyyən məhrumiyyətlərlə üz-üzə qoyub. İkinci istiqamət isə muxtar respublikada su təminatının təkmilləşdirilməsi ilə əlaqədardır.
Birinci istiqamət üzrə məşğulluğun artırılması üçün həyata keçirilən tədbirlər, xüsusilə dövlətin sahibkarlığa yaratdığı imtiyaz və güzəştlər yeni iş imkanlarını formalaşdırır və bu gün artıq müsbət dinamika müşahidə edirik. Su təsərrüfatının yenidən qurulması ilə bağlı isə artıq cari ilin əvvəlində cənab Prezident tərəfindən imzalanmış sərəncamlarla mühüm addımlar müəyyənləşib və muxtar respublikanın demək olar ki, bütün rayon və yaşayış məntəqələrini əhatə edən tədbirlər planı təsdiqlənib.
Əgər makrogöstəricilərə nəzər salsaq görərik ki, cari ildə adambaşına düşən ÜDM 2 faiz artıb, iqtisadiyyata yatırılan ümumi investisiyalar 30 faiz, özəl sektorda isə 40 faizə yaxın yüksəlib. Sənaye və kənd təsərrüfatı istehsalında təxminən 5 faiz, pərakəndə ticarət dövriyyəsində isə 1 faiz artım qeydə alınıb. Digər makrogöstəricilər də əhalinin ümumi rifahında müsbət meyillərin getdiyini göstərir. Hazırda əsas vəzifəmiz cənab Prezidentin verdiyi bütün tapşırıqları vaxtında və yüksək keyfiyyətlə icra edərək vətəndaşlarımızın rifahını daha da yüksəltməkdir".