Prezidentin “Sərhədimizdən kənarda risk” mesajı Gözlənilən TƏHLÜKƏ

22.01.2026

Moderator.az saytından alınan məlumata görə, Icma.az bildirir.

“Azərbaycan da daxil olmaqla, hər bir ölkə özünün sərhədləri boyu sabitlik haqqında düşünməlidir. Azərbaycana gəldikdə, bizdə ölkə daxilində potensial risklər mövcud deyil. Bütün potensial risklər kənardan qaynaqlana bilər. Bu səbəbdən biz hər zaman qonşuluğumuzda sabitliyin mövcud olması haqqında düşünürük”.

Bunu Prezident İlham Əliyev yanvarın 20-də Davosda “Euronews” televiziyasına müsahibəsində bildirib.

“Biz İranda baş verən müəyyən qeyri-sabitlikdən narahatıq. Bizim üçün regionda sabitlik, proqnozlaşdırılma və sülh ən böyük sərvətdir. Biz işğaldan və müharibədən əziyyət çəkmişik, minlərlə qurban vermişik. Bu gün sülhün və sabitliyin olması istənilən ölkə üçün uğur qazanmağın yeganə yoludur”, - dövlət başçısı vurğulayıb.

Məlumdur ki, Azərbaycan pandemiyadan indiyə qədər quru sərhədlərini bağlı saxlayır. Bu da təhlükəsizliklə əlaqələndirilir. Prezident bu haqda daha əvvəl də danışıb, şimal sərhədlərimizə doğru müharibə getdiyini bildirib. Son olaraq bu barədə parlamentin üzvü Zahid Oruc açıqlama vermişdi və həm İran, həm Rusiya ilə bağlı risklərin qaldığını söyləyərək, quru sərhədlərin qapalı saxlandığını vurğulamışdı.

Dövlət başçısının “Bütün potensial risklər kənardan qaynaqlana bilər” fikrini necə oxumalı? 

Deputat Elşad Musayev Musavat.com-a bildirib ki, Azərbaycan həqiqətən də “sabitlik adası”dır və ölkə daxilində hər hansı təhdidlər yoxdur.

Millət vəkili hesab edir ki, şimal və cənub qonşularımız isə müharibə şəraitindədir, bu da potensialın risklərin haradan qaynaqlandığını göstərir:

“Cənab Prezident kənar riskləri dedikdə təbii ki, təkcə qonşu ölkələrin müharibə, gərginlik içərisində olduğunu nəzərdə tutmayıb, eyni zamanda, müxtəlif anti-Azərbaycan dairələr var və bizə qarşı təhdidlər səsləndirir, təzyiq göstərməyə çalışırlar. Lakin Azərbaycan hakimiyyəti bunların öhdəsindən gəlməyi bacarır. Sözsüz ki, əsas risklər Rusiya və İranın vəziyyəti ilə bağlıdır. Biri müharibə aparır, birinin daxilində isə iğtişaşlar olub, hər an da ABŞ tərəfindən vurulma ehtimalı var. Belə şəraitdə Azərbaycan öz təhlükəsizliyini ən yüksək səviyyədə təmin etməyə çalışır”.

Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli isə hesab edir ki, Rusiya və İran tarix boyu Azərbaycan üçün kənar riski mərkəzləri olub.

Onun fikrincə, bütün bunlara baxmayaraq, quru sərhədlərin açılması zəruridir, çünki sosial-iqtisadi təsirləri var:

“Təbii ki, dövlət regionda baş verənlər barədə daha dərin məlumatlara sahibdir. Bunun əsasında da qərarlar qəbul olunur. Ancaq ölkəmizi sərhəd qoşunları, hüquq-mühafizə orqanları kifayət qədər yüksək səviyyədə xidmət göstərir, ona görə də quru sərhədlərimizi aça bilərik. Eyni zamanda, Rusiya və İran qarşıda hələ on illər boyu ciddi problemlərlə üz-üzə qalacaq. Nəzərə alaq ki, hər iki ölkə sanksiyalar altındadır və bu da böhranın davam edəcəyi deməkdir. Azərbaycan kənar riskləri tamamilə dəf etmək üçün onda gərək illərlə bu vəziyyətlə barışsın”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью