Prezidentin təltif etdiyi Valeh Ələsgərov kimdi... DOSYE

17.10.2026

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Prezident İlham Əliyevin sərəncamı ilə Valeh Feyruz oğlu Ələsgərov "Şərəf" ordeni ilə təltif edilib.

Modern.az Valeh Ələsgərovun dosyesini təqdim edir:

Valeh Feyruz oğlu Ələsgərov 1946-cı il oktyabrın 19-da Samux rayonunun Qarayeri qəsəbəsində anadan olub.

O, Azərbaycan Dövlət Neft və Kimya İnstitutunu (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) bitirib, əməkdar mühəndisdir.

1970-ci ildən "Permneft" birliyinin "Kunqurneft" NQÇİ-də böyük mühəndis, növbə rəisi, sex rəisi və baş mühəndis vəzifələrində çalışan Valeh Ələsgərov 1982-ci ildə fəaliyyətini "Permneft" Elmi Tədqiqat və Layihə İnstitutunda bölmə müdiri kimi davam etdirib. 1985-1987-ci illərdə isə "Muradxanlı" NQÇİ-də baş mühəndis və idarə rəisinin müavini olub.

O, eyni zamanda, 1987-ci ildən etibarən "Azərneft" Birliyində baş mühəndis və baş direktorun müavini, 1992-ci ildən "Azərneft" Dövlət Konserninin vitse-prezidenti, ARDNŞ-nin birinci vitse-prezidenti və şirkət prezidentinin müşaviri vəzifələrində çalışıb. 1995-ci ildən isə Azərbaycan Dövlət Neft Şirkətinin Xarici Sərmayələr İdarəsinin rəisi vəzifəsində işləyib.

Valeh Ələsgərov daha sonra fəaliyyətinə deputat kimi davam edib. 2005-ci il noyabrın 5-də 102 saylı Samux-Şəmkir seçki dairəsindən deputat seçilib.

V.Ələsgərov 2019-cu il noyabrın 25-də Ələt Azad İqtisadi Zonasının müvəqqəti idarəetmə qurumunun sədri təyin edilib. 2020-ci ilin mayından etibarən Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədridir.

2021-ci ildə isə birinci dərəcəli "Vətənə xidmətə görə" ordeninə layiq görülüb.

Ailəlidir 4 övladı var.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью