Icma.az, Qaynarinfo saytına istinadən bildirir.
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev bu gün icra hakimiyyəti başçılarının təyinatı ilə bağlı sərəncam imzalayıb. Dövlət başçısının sərəncamı ilə Anar Mehti oğlu Babayev Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib. Həmçinin Rəcəb Zakir oğlu Rəhimlini Ordubad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib, onun yerinə Nurlan Rauf oğlu Hacıyev təyin olunub. Başqa bir sərəncamla Naim Etibar oğlu Cahidzadə Sədərək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunaraq, Culfa Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə gətirilib.
Qaynarinfo xəbər verir ki, Anar Mehti oğlu Babayev bu təyinata qədər Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti Aparatının İnzibati işlər və protokol şöbəsinin müdiri vəzifəsini tutub. Onun haqqında internetdə məlumatlar məhduddur.
Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsi uzun müddətdir vakant idi. Belə ki, sabiq başçı Cabbar Musayev bu ilin fevralında vəzifəsindən azad edilərək Muxtar Respublikanın Baş naziri təyin olunmuşdu.
İlham Əliyevin sərəncam ilə Ordubad Rayon İcra Hakimiyyətinin başçısı təyin ediləm Nurlan Rauf oğlu Hacıyev bundan əvvəl Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində aparat rəhbəri vəzifəsində çalışıb. O, həmin vəzifəyə 2025-ci ilin avqust ayında təyin olunmuşdu.
41 yaşlı Nurlan Hacıyev Naxçıvan şəhərində anadan olub. O, Naxçıvan Dövlət Universitetində "Gömrük işinin təşkili" və "Ümumi iqtisadiyyat" ixtisasları üzrə ali təhsil alıb.
Nurlan Hacıyev
Əmək fəaliyyətinə 2008-ci ildə Azərbaycan Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsində başlayan Hacıyev daha sonra "Naxçıvanbank" ASC-nin Culfa rayon filialının rəhbəri, 2017-ci ildən isə Maliyyə Nazirliyinin Xəzinə şöbəsində sektor müdiri və şöbə müdiri vəzifələrində fəaliyyət göstərib.
Sədərək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək Culfa Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Naim Etibar oğlu Cahidzadə 18 avqust 1989-cu ildə Şahbuz rayon Kolanı kəndində anadan olub. 1995-2006-ci illərdə Şahbuz rayon Kolanı kənd tam orta məktəbində oxuyub. 2006-2010-cu illərdə Naxçıvan Dövlət Universitetinin İqtisad fakültəsində maliyyə və kredit ixtisası üzrə bakalavr, 2011-2014-cu illərdə magistratura təhsili alıb.
Naim Cahidzadə
Əmək fəaliyyətinə 2011-ci ildən Naxçıvan Dövlət Universitetinin İqtisad fakültəsində tyutor kimi başlayıb. 2014-2018-ci illərdə "Naxçıvan” Universitetinin İdarəetmə fakültəsində dekan müavini, 2018-2021-ci illərdə həmin universitetin İdarəetmə fakültəsində dekan vəzifəsində işləyib. 2016-2019-cu illərdə AMEA Naxçıvan bölməsinin dissertantı olub.
2021-2023-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının İqtisadiyyat şöbəsinin müdiri vəzifəsində çalışıb. 14 sentyabr 2023-cü ildə Naxçıvan Muxtar Respublikası Sədərək Rayon İcra Hakimiyyəti başçısının müavini, 21 fevral 2024-cü ildə isə Naxçıvan Muxtar Respublikası Sədərək Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.