Prezidentin verdiyi mesaj: TDT üçün yol xəritəsidir

18.09.2026

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

"Sentyabrın 17-də Bakıda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının keçirilməsi adi diplomatik tədbirlər sırasına aid edilə bilməz”.

Bunu "Cebheinfo.az"- a açıqlamasında sabiq millət vəkili, Bakı Dövlət Universiteti Konstitusiya hüququ kafedrasının baş müəllimi, politoloq Qulamhüseyn Əlibəyli deyib.

O bildirib ki, toplantı və onun iştirakçılarının Prezident İlham Əliyev tərəfindən qəbul edilməsi göstərdi ki, TDT tədricən mədəni-tarixi yaxınlıq platformasından təhlükəsizlik məsələlərini də əhatə edən çoxtərəfli əməkdaşlıq mexanizminə çevrilir:

“Məhz Prezident İlham Əliyevin sentyabrın 17-də Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) Təhlükəsizlik Şuraları katiblərinin toplantısında səsləndirdiyi fikirlər təşkilatın gələcək inkişaf perspektivləri baxımından əhəmiyyətlidir.

Prezident bu çıxışında TDT qarşısında duran əsas hədəfləri və Azərbaycanın bütövlükdə Türk dünyası ilə münasibətlərinin strateji xarakterini göstərdi. Dövlət başçısının çıxışının əsas siyasi məğzi də məhz bundan ibarət idi. 

Türk dövlətlərinin ortaq keçmişi onların birliyinin mənəvi təməlidir, lakin müasir dünyada dəyişən regional və qlobal reallıqlar fonunda birliyin davamlılığı üçün Türk dövlətləri arasında siyasi, iqtisadi, enerji, nəqliyyat sahələrində əməkdaşlıq daha yüksək mərhələyə qaldırılmalı, ortaq institusional mexanizmlər və təhlükəsizlik arxitekturasının yaradılmalıdır.

Prezident öz çıxışında təhlükəsizliyi yalnız hərbi və sərhəd məsələləri ilə məhdudlaşdırmadı. Enerji təhlükəsizliyi, nəqliyyat bağlantıları, informasiya mühiti, ideoloji təsirlər, gənclər siyasəti və demoqrafik proseslər vahid təhlükəsizlik sisteminin tərkib hissələri kimi təqdim edildi.

Bu yanaşma təsadüfi deyil. Müasir dünyada dövlətə qarşı təhdid həmişə sərhəddən silahlı qüvvə keçməsi ilə başlamır. Enerji marşrutunun dayanması, nəqliyyat dəhlizinin pozulması, kritik infrastrukturun kiberhücuma məruz qalması və ya cəmiyyət daxilində ideoloji və dini qarşıdurmanın yaradılması cəhdləri də milli təhlükəsizliyə birbaşa təsir göstərir".

Onun sözlərinə görə, Prezidentin “Enerji təhlükəsizliyi və nəqliyyat bağlantıları olmadan ümumiyyətlə, təhlükəsizlikdən danışmaq mümkün deyil” fikri TDT məkanına yeni strateji baxışın ifadəsi kimi qiymətləndirilə bilər:

"Türk dövlətləri artıq yalnız eyni dil və mədəniyyətə bağlı ölkələr deyil. Onlar Şərqlə Qərbi birləşdirən enerji, nəqliyyat və kommunikasiya sisteminin əsas coğrafi dayaqlarıdır.

Bu coğrafiyanın mərkəzində isə Azərbaycan dayanır. Mərkəzi Asiya ilə Türkiyə və Avropa arasında birbaşa quru sərhədi olmayan Azərbaycan Xəzər üzərindən uzanan bağlantıların əsas halqasıdır.

Bakı limanı, TransXəzər marşrutu, enerji kəmərləri və perspektiv kommunikasiya layihələri Azərbaycanı sadəcə tranzit ölkəyə deyil, TDT məkanının strateji qovşağına çevirir".

Politoloq vurğulayıb ki, Prezidentin çıxışındakı ən diqqətçəkən ifadələrdən biri dövlətlərin “zəif yerləri"nin və yad təsirlərin daxil ola biləcəyi “pəncərələrin” müəyyənləşdirilməsi barədə çağırış idi:

"Bu, təhlükəsizlik şuraları arasında əməkdaşlığın ümumi siyasi bəyanatlarla kifayətlənməməli olduğuna və konkret praktiki əməkdaşlıq istiqamətinin müəyyən edilməsinə yönəlik bir mesajdır.

Belə əməkdaşlığın real məzmunu operativ informasiya və təcrübə mübadiləsi, terrorizm və ekstremizmlə mübarizə, transmilli cinayətkarlıq, kibertəhlükəsizlik, kritik infrastrukturun qorunması və mümkün böhranlara birgə hazırlıq mexanizmlərindən ibarət ola bilər.
Başqa sözlə, Bakı toplantısının qarşısında duran əsas məsələ təhlükələr barədə eyni fikirləri səsləndirmək deyil, həmin təhlükələrə qarşı dura bilən institusional mexanizm yaratmaqdır.

Bu mənada TDT-nin gələcək gücü də qəbul edilən qərarların səmərəli icra mexanizmlərinin formalaşdırılmasından asılı olacaq".

O qeyd edib ki, Prezidentin çıxışı TDT üçün bir növ yol xəritəsi hesab oluna bilər:

"Təhlükələri əvvəlcədən müəyyənləşdirmək, dövlətlər arasında etibarlı məlumat mübadiləsi qurmaq və milli təhlükəsizlik sistemləri arasında koordinasiyanı gücləndirmək.

Çıxışda xüsusi yer ayrılan digər istiqamət ideoloji təhlükəsizlik və gənclər siyasəti idi. Prezident müasir təhdidlərin yalnız fiziki deyil, həm də ideoloji xarakter daşıdığını vurğuladı və xalqlara, dövlətlərə, eləcə də konstitusiya quruluşuna qarşı yönəlmiş təxribatlara birgə müqavimət göstərilməsinin vacibliyini bildirdi.
Burada söhbət sadəcə informasiya və təbliğat mübarizəsindən getmir. Əsas məsələ ortaq tarixi yaddaşın yeni nəslə hansı formada ötürülməsidir. 

Türk dövlətləri arasında siyasi və iqtisadi əlaqələr möhkəmləndiyi halda, gənclərin bir-birinin tarixi, müasir həyatı və milli maraqları haqqında təsəvvürləri zəif qalarsa, inteqrasiyanın ictimai təməli kifayət qədər möhkəm olmayacaq".

O qeyd edib ki, ideoloji təhlükəsizlik yalnız müdafiə və məhdudlaşdırma vasitələri ilə qurula bilməz:

"Bunun ən təsirli yolu keyfiyyətli təhsil, ortaq elmi və media layihələri, tələbə mübadiləsi, obyektiv tarixi araşdırmalar və gənclərin birgə təşəbbüslərinin dəstəklənməsidir.

Prezidentin “düzgün ideoloji iş” barədə fikri bu mənada türk birliyinin gələcək nəsillər üçün şüardan gündəlik reallığa çevrilməsi çağırışı kimi oxuna bilər.
Qeyd etmək zəruridir ki, TDT-nın təhlükəsizlik arxitekturasının formalaşması təşkilatın hərbi ittifaqa çevrilməsi anlamına gəlmir. Prezidentin çıxışında da belə bir iddia irəli sürülmədi.

Əksinə, söhbət üzv dövlətlərin suverenliyinə əsaslanan, regional sabitliyə xidmət edən və beynəlxalq hüquq çərçivəsində fəaliyyət göstərən əməkdaşlıq modelindən gedir.

Nəzərə alınmalıdır ki, Türk dövlətlərinin hamısı eyni xarici siyasət şəraitində fəaliyyət göstərmir. Onların müxtəlif beynəlxalq təşkilatlar qarşısında öhdəlikləri, fərqli qonşuluq münasibətləri və təhlükəsizlik prioritetləri mövcuddur. Buna görə TDT-nin üstünlüyü sərt blok intizamında deyil, ortaq maraqları uzlaşdırmaq qabiliyyətində ola bilər.

Bu mənada, Azərbaycanın irəli sürdüyü model türk dünyasını digər dövlətlərə qarşı yönəlmiş qapalı birlik kimi deyil, Avrasiyada bağlantılar, sabitlik və təhlükəsizlik yaradan müstəqil güc mərkəzi kimi təqdim edir. Bu, təşkilatın beynəlxalq legitimliyinin qorunması baxımından da əhəmiyyətlidir".

Qulamhüseyn Əlibəyli bildirib ki, bütövlükdə Prezident İlham Əliyevin çıxışından çıxan başlıca nəticə budur:

"TDT-nin siyasi çəkisi onun malik olduğu potensialla həmin potensialı idarə etmək qabiliyyəti arasındakı məsafədən asılıdır.

Türk dövlətlərinin böyük ərazisi, artan əhalisi, enerji ehtiyatları, nəqliyyat marşrutları və geosiyasi mövqeyi var. Lakin bu üstünlüklər yalnız koordinasiya edildikdə kollektiv gücə çevrilə bilər. Əks halda, onlar ayrı-ayrı dövlətlərin imkanları olaraq qalacaq.

Türk dünyasının qarşısında etnik mənsubiyyətdən, ortaq tarix və milli-mədəni dəyərlərdən irəli gələn emosional həmrəyliyi qarşılıqlı faydalı praktik əməkdaşlığa, o cümlədən təhlükəsizlik əməkdaşlığına çevirmək vəzifəsi dayanır.

İlham Əliyevin Bakıdan verdiyi mesaj da aydındır: ortaq tarix mühüm başlanğıcdır, lakin ortaq gələcək yalnız təhlükəsizliyin, bağlantıların və qarşılıqlı etimadın birgə qorunduğu halda mümkün olacaq".

Əfsanə Rəcəb
"Cebheinfo.az”

Açar sözlər: Türk Dövlətləri Təşkilatı Qulamhüseyn Əlibəyli

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью