Banco.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Prior Leasing" ASC "Bakı Fond Birjası" QSC-də (BFB) 2 milyon manat dəyərində istiqraz yerləşdirməyə hazırlaşır.
Bu barədə qiymətli kağızların emissiya prospekti xəbər verir.
Sənədə əsasən, söhbət hər birinin nominal dəyəri 100 manat olan 20 000 ədəd faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazdan gedir. Qiymətli kağızlar kütləvi təklif üsulu ilə yerləşdiriləcək və 2 il tədavüldə olacaq. Onların illik gəlirliliyi 15 %-dir. Faizlər aylıq ödəniləcək. Prosesin anderrayteri "ABB-İnvest İnvestisiya Şirkəti" QSC-dir. Bununla yanaşı, istiqrazları almaq istəyən şəxslər BFB-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər.
Emitentin tədavül müddətində qiymətli kağızları geri alması nəzərdə tutulmayıb.
Xatırladaq ki, "Prior Leasing" 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 8 milyon manatdır. Şirkətin təsisçiləri 99,875 % payla Afaq Məcidova və 0,125 % payla İlkin İskəndərovdur.