Bakupost saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Son illər Azərbaycanda regionlardan paytaxta miqrasiya sürətlənməkdədir. Xüsusilə iqtisadi imkanların məhdudluğu və iş yerlərinin azlığı səbəbindən minlərlə vətəndaş yaşayış yerini dəyişərək Bakıya üz tutur.
Ən çox köç olan rayonlar arasında İmişli, Biləsuvar, Cəlilabad, Şəki, Lənkəran, Xaçmaz, Quba və Qusarın adı çəkilir.
Milli Məclisin deputatı Zahid Oruc bildirib ki, vəziyyətin qarşısını almaq üçün ucqar və sərhəd kəndlərinin inkişafına yönəlmiş ayrıca dövlət proqramına ehtiyac var.
“Kəndlərdən üzü rayon mərkəzində, oradan isə Bakıya böyük axın var. Kəndlərin miqrasiya səbəbindən boşalması ciddi problemlərə gətirib çıxarır. Ona görə, düşünürəm ki, gec olmadan ucqar, sərhəd kəndlərin inkişafı ilə əlaqədar dövlət proqramı hazırlanmalıdır”, – deyə o bildirib.
Mövzu ilə bağlı Bakupost.az -a açiqlamasında iqtisadçı Eldəniz Əmirov bildirdi ki, regionlardan paytaxta axın həddindən artıq böyükdür və davamlı olaraq artmaqdadır:

“Ölkədə kredit portfelinin 77, yeni açılan iş yerlərinin 80, əhali əmanətlərinin isə 88 faizi paytaxtın payına düşür. Yəni bütün bu göstəricilər paytaxtda iş imkanlarının daha yüksək olduğunu göstərir.
Digər tərəfdən, insan yalnız bioloji deyil, həm də sosial varlıqdır. Regionlarda sosial infrastrukturun – kinoteatrların, mədəniyyət mərkəzlərinin və digər sosial imkanların yetərsizliyi insanların emosional və sosial ehtiyaclarını ödəməkdə çətinlik yaradır. Əlavə olaraq iş imkanlarının yüksək səviyyədə olmaması nəticə etibarilə insanların paytaxta üz tutmasına gətirib çıxarır.
Düzdür, hökumət vaxtaşırı regionların inkişafına dair müxtəlif proqramlar qəbul edir, amma sərhədyanı kəndlərin inkişafı ilə bağlı proqram bu mənada özünü doğrulda bilməz, ən azı iqtisadi cəhətdən. Çünki sərhədyanı kəndlər hər rayonda mövcuddur və bu, bütün respublikanı əhatə edir. Ayrı-ayrı rayonlarda sərhədboyu olan bir neçə kəndə aid proqramın effektiv təsiri mümkün deyil, çünki hər bir proqramın icrası üçün digər bağlar və əlaqələr lazımdır. Yəni bu elə regionaldır”.
İqtisadçının sözlərinə görə, problem təkcə sərhədyanı kəndlərlə bağlı deyil:
“Bu gün hətta rayon mərkəzlərində əksər evlərin qapısı bağlıdır, insanlar paytaxta üz tutublar. Ona görə də problem sərhədyanı kənd problemi deyil, regional inkişaf problemidir. Yəni məsələ regional inkişaf kontekstində öz həllini tapmalıdır”.
İqtisadçı, deputat Vüqar Bayramov isə bildirdi ki, həm sərhəd kəndləri, həm də dağlıq rayonlarımızla bağlı ayrıca yanaşmanın olması məqsədəuyğun olardı. Onun sözlərinə görə, dağlıq rayonlarda kommunal xidmətlərə, xüsusən də mavi qaza güzəştlərin tətbiqi məqsədəuyğundur:

“Çünki bu rayonların iqlim şəraitinə uyğun olaraq mavi qazdan istifadə daha çoxdur. Həmin rayonlarda qış mövsümündə mavi qaza tələbatın kəskin artdığını nəzərə alsaq, mövsümi olaraq mavi qazın qiymətinə güzəştlərin tətbiqi daha məqsədəuyğun olardı. Bu isə həmin rayonlarda yaşayan vətəndaşların sosial təminatının daha da yaxşılaşdırılması baxımından vacib addımdır. Ona görə də həm sərhəd kəndləri, həm də dağlıq rayonlarla bağlı xüsusi proqramın hazırlanması, ayrıca yanaşmanın tətbiq olunması, bir sıra güzəştlərin və xidmətlərin göstərilməsi məqsədəuyğundur. Çünki nəticə etibarilə bu, həmin rayonların inkişafına, stimullaşdırılmasına, məskunlaşmanın genişlənməsinə və həmin ərazilərdə yaşayan vətəndaşların sosial təminatının daha da yaxşılaşdırılmasına xidmət edər”.
Lalə Novruz,
BakuPost