Problemli krediti vətəndaş, yoxsa bank yaradır?

03.04.2026

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

Bu il martın 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 562 milyon manat təşkil edib. 

Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatına görə, bu, fevralın 1-i ilə müqayisədə 0,8 % çoxdur.  Ölkədə problemli kreditlərin məbləği ilin əvvəlinə nisbərən 7,15 %, son 1 ildə isə 17,1 % artıb. 

Martın sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 1,8 % təşkil edib. Bu nisbət fevralın sonuna 1,7 %, ötən ilin sonuna 1,6 %, ötən il martın sonuna isə 1,6 % olub. Ölkədə problemli kreditlərin artmasının səbəbi nədir? Banklarda faizlərin yüksək olması, yoxsa istehlakçıların gəlirlərinin az olmasıdır? 

Məsələ ilə bağlı İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyinin sədri, iqtisad üzrə fəlsəfə doktoru Ruslan Atakişiyev “Cebheinfo.az”-a bildirib ki, ümumiyyətlə, ölkədəki problemli kreditlərin həcmini götürdükdə, ölkə üzrə iqtisadiyyata qoyulmuş vəsait nisbətində azdır: 

“Təxminən ölkə iqtisadiyyatına 30 milyard manatdan çox vəsait qoyulduğu halda, problemli kreditlərin həcmi 2 faiz təşkil edir. Yəni ümumilikdə  götürdükdə, bu, çətin bir hal deyil. Ancaq problemli kreditlər harada formalaşır? 

Belə ki, vətəndaşların maddi vəziyyəti çətinləşir, ödəmə qabiliyyətlərini itirirlər. Məsələn, bankdan kredit götürərkən maddi imkanı yaxşı olsa da, indi iş yerini itirib. Yaxud ailəsində boşanma hadisəsi olub, aliment ödəməlidir.  Eləcə də vətəndaş səhhəti ilə bağlı problemlər yaşayıb. 

Bundan başqa, biznesində gözlədiyi gəlirləri əldə edə bilməyib. Yəni bu və ya digər şəkildə ödəmə qabiliyyəti aşağı düşür. Problemli kreditlər o demək deyil ki, burada hamı krediti ödəməyənlərdir. Burada gecikdirmələr də var". 

Tamamilə ödəməyənlərə gəldikdə  isə bu, ölüm halı ola, yaxud şirkət müflis elan oluna bilər: 

"Ancaq ümumilikdə problemli kreditlərin həcmi normaldır.  Əgər 100 manat vəsait qoyulursa, onun 1-2 manatı problemli kredit sayılır”.

Nigar Abdullayeva
“Cebheinfo.az”

Açar sözlər: kredit Ruslan Atakişiyev

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью