Icma.az, Bakivaxti saytına istinadən bildirir.
“Sekyuritizasiya kreditora aktivlərini özündə saxlayaraq pul vəsaitlərini vaxtından əvvəl əldə etmək imkanı verən bir alətdir”.
Bakıvaxtı.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov Milli Məclisin bu gün keçirilən iclasında “Banklar haqqında” və “Qiymətli kağızlar bazarı haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deyib.
Deputat bildirib ki, qanun layihəsi Azərbaycanın innovativ iqtisadi inkişafı və kapital bazarının genişləndirilməsi məqsədilə hazırlanıb. Sənəd 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyasına uyğun olaraq sekyuritizasiya fəaliyyəti üzrə hüquqi çərçivənin yaradılmasını nəzərdə tutur.
Vüqar Bayramovun sözlərinə görə, seküritizasiya kreditora sahib olduğu aktivləri kapital bazarında başqa şirkətə satmaqla daha qısa müddətdə pul vəsaiti əldə etməyə imkan verir. Bu mexanizm, eyni zamanda, problemli və qeyri-işlək kreditlərin portfeldəki payının azalmasına şərait yarada bilər.
Deputat qeyd edib ki, aktivləri əldə edən şirkət həmin aktivlər əsasında qiymətli kağızlar buraxa, bu kağızlar üzrə ödənişləri isə aktivlərdən daxil olan vəsait hesabına həyata keçirə bilər.
O bildirib ki, qanun layihəsində seküritizasiya prosesinin iştirakçılarına, o cümlədən aktivləri satan ilkin kreditorlara və qiymətli kağızları emissiya edən şirkətlərə dair tələblər, onların səlahiyyətləri və prosesin tətbiqi mexanizmləri müəyyənləşdirilir.
Vüqar Bayramov əlavə edib ki, “seküritizasiya” beynəlxalq maliyyə terminidir və oxşar qanunvericilik yanaşmaları Qazaxıstan və Rusiyada da tətbiq olunub.
Qeyd edək ki, qanun layihəsi birinci oxunuşdan qəbul edilib.
Zeynəb Rzayeva