Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Bakı, 29 yanvar, Tatyana İvanayeva, AZƏRTAC
Bəzən bir dövlətin taleyi ordunun gücü ilə deyil, dilinin taleyi ilə ölçülür. Tarix göstərir ki, qılıncla, lakin sözlə müdafiə olunmayan bir torpaq son nəticədə yadlaşır. Çünki dil məhv edildikdə, torpaq yadlaşır. Dil zəiflədikdə yaddaş azalır, yaddaş azaldıqda isə xalq özünü tanımaq qabiliyyətini itirməyə başlayır. Məhz buna görə də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan dili haqqında dedikləri sadəcə filoloji müraciət deyil, milli təhlükəsizlik və dövlətçiliyin manifestidir.
Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun Dədə Qorqud şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Ramazan Qafarlı AZƏRTAC-ın müxbirinə verdiyi müsahibədə bu barədə danışıb.
“Azərbaycan dili sadəcə ünsiyyət vasitəsi deyil, xalqın folklor yaddaşı, onun mədəni kodu və dövlət müstəqilliyinin mənəvi təməlidir. Bu dilin yaddaşı minilliklərin sınağından keçib; dövlətlər dağılıb, imperiyalar bir-birini əvəz edib, amma söz yaşayıb. Çünki Azərbaycan xalqı çox vaxt dövlətçiliyini kağız üzərində deyil, bayatılarda, atalar sözlərində və dastanlarda qoruyub saxlayıb.
Dil milli kimliyin və dövlət müstəqilliyinin təməlidir. Prezident İlham Əliyevin vurğuladığı əsas məqamlardan biri də məhz budur: Azərbaycan dili milli kimliyin əsas sütunudur. Bu iddia təsadüfi deyil. Çünki xalqın kimliyi pasportda deyil, dilinin yaddaşında əks olunub. Tarix boyu yazılı dövlətçiliyin məhdud imkanlarına baxmayaraq, xalqımız öz varlığını sözlə qoruyub saxlayıb.
Azərbaycan folklorunda “el”, “oba”, “yurd” və “torpaq” anlayışları təkcə coğrafi deyil, həm də mənəvi məkanlar kimi təqdim olunur. “El gedər, söz qalar” atalar sözü xalq tarixinin fəlsəfəsidir. Bu, dövlət şüurunun ən təmiz ifadəsidir. Folklor yaddaşı göstərir ki, xalq özünü əvvəlcə sözlə, sonra isə bayraqla tanıyır", - deyə professor Ramazan Qafarlı vurğulayıb.