Professor Səyyarə İbadullayeva: Süni intellekt biologiya elmində yeni imkanlar yaradır

28.01.2026

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 28 yanvar, AZƏRTAC

Süni intellekt biologiya elmini əsaslı şəkildə dəyişdirə bilməz. Lakin əvvəllər tədqiqatçılar hipotez verərkən uzun illər təcrübələr aparırdılar, indi isə bir çox məlumatlar əsasında tez proqnozlar vermək mümkün olur. Bitki biologiyasında bu dəyişiklik xüsusilə aydın görünür, peyk məlumatları, dronlar və kameralarla çəkilən şəkillər vasitəsilə bitkilərin ekologiyasını, stress və xəstəlik əlamətlərini avtomatik aşkarlamaq olar.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Elm və Təhsil Nazirliyi Botanika İnstitutunun baş direktoru professor Səyyarə İbadullayeva deyib. O bildirib ki, protein strukturlarını tez modelləşdirmək bitkilərdə quraqlığa, istiliyə və ya xəstəliklərə daha davamlı sortlar yaratmağa kömək edir. Nəticədə botanika elmi bitkiləri öyrənməklə yanaşı, onları həm də təbiətdə dizayn etməyə imkan verir, bu həm də daha sürətli və effektiv olur.

S.İbadullayeva qeyd edib ki, indi süni intellekt biologiyada sadəcə köməkçi deyil, əsas vasitələrdən biridir. Bitki biologiyası sahəsində böyük həcmdə şəkil, genom və sensor məlumatlarını birləşdirib bitkinin necə böyüyəcəyini, hansı xəstəliyə yoluxduğunu və ya necə məhsul verəcəyini proqnozlaşdırır. Məsələn, xəstəlikləri erkən görmək, yeni növmüxtəlifliyini seçmək və iqlim dəyişikliyinə uyğunlaşan bitkiləri tapmaqda çox əlverişlidir. Ümumilikdə isə tədqiqatçılara vaxt qazandırır, səhvləri azaldır və laboratoriya ilə kompüter modelləri arasındakı əlaqəni gücləndirir. Bu, həm də bitki introduksiyasını daha ağıllı və dayanıqlı edir.

Professor əlavə edib ki, botanikada süni intellektin əsas tətbiq sahələri kimi bitki şəkillərindən böyümə, xəstəlik və stress aşkarlanması, genom məlumatları ilə növmüxtəlifliyinin seçilməsi, fotosintez və qida qəbulunun yaxşılaşdırılması, bitkilərdə yeni xüsusiyyətlərin yaradılması (məsələn, sintetik yollarla) və s. qeyd etmək olar. Ümumi biologiyada isə dərman kəşfi və zülal dizaynı da önə çıxır. Yaxın illərdə süni intellekt ilə dizayn edilmiş və gen redaktəsi ilə yaxşılaşdırılmış bitki sortları (məsələn, quraqlığa davamlı buğda və ya daha çox yağ verən soya) geniş yayılacaqdır. Bitki kök sistemləri və mikroblarla əlaqələri daha yaxşı modelləşdiriləcək, xəstəliklər erkən bilinəcək, qarşısı alınacaq və məhsuldarlıq artacaqdır. Əlbəttə, məlumatların qorunması və nəticələrin aydın olması kimi məsələlərə də diqqət yetirmək lazımdır. Nəticədə süni intellekt bitki elmini kəşfdən praktik dizayn və davamlı kənd təsərrüfatına aparır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью