Icma.az, Ayna portalına istinadən məlumat verir.
“Türkiyə Rusiya və Ukrayna gəmiləri üçün Qara dəniz təhlükəsizlik dəhlizlərinin yaradılmasında maraqlıdır”
“Türkiyə qeyri-sabit vəziyyət ticarət və iqtisadiyyatını təhdid etdiyindən, Rusiya və Ukrayna gəmiləri üçün Qara dəniz təhlükəsizlik dəhlizlərinin yaradılmasında maraqlıdır”. AYNA.AZ xəbər verir ki, bu sözləri Türkiyə Ticarət və Birja Palatasının İqtisadiyyat və Texnologiya Universitetinin professoru Toğrul İsmayıl NSN-ə verdiyi müsahibədə deyib.
O qeyd edib ki, Qara dəniz Türkiyənin ticarətində mühüm rol oynayır: taxıl, enerji, sənaye məhsulları və digər mallar onun vasitəsilə daşınır.
“Ona görə də, hər hansı bir eskalasiya - ticarət gəmilərinə hücumlar və ya sığorta xərclərinin artması - gəmiçilik xərclərini artırır və Türkiyə iqtisadiyyatı üçün əlavə risklər yaradır. Lakin inanıram ki, burada iqtisadi fayda avtomatik deyil. Bu, siyasi razılaşmaların dəniz yolları üçün sabit və proqnozlaşdırıla bilən əməliyyat rejiminə çevrilib-çevrilməyəcəyindən asılıdır", - deyə İsmayıl qeyd edib.
Professor bildirib ki, vasitəçilik Ankaraya diplomatik mövqeyini gücləndirmək imkanı verir. Bundan əlavə, onun sözlərinə görə, Qara dənizdəki qeyri-sabitlik təkcə Rusiya və Ukrayna ixracatçılarına deyil, həm də Türkiyə limanlarına, gəmiçilik şirkətlərinə və gəmi sahiblərinə təsir göstərir.
T.İsmayılın sözlərinə görə, Qara dənizdəki vəziyyət pisləşərsə, Türkiyə konkret iqtisadi itkilərlə üzləşə bilər. O qeyd edib ki, “artan hərbi təhlükə gəmi sığortasının dəyərini artırır, təchizat planlaşdırmasını çətinləşdirir və ticarət axınlarını daha az proqnozlaşdırıla bilən edir”.
“Ona görə də, Ankara naviqasiya təhlükəsizliyini təmin edən və siyasi böhran zamanı belə ticarətin davam etməsinə imkan verən bir razılaşmada maraqlıdır”, - əlavə edib.