Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Milli Məclisin Səhiyyə komitəsinin iyunun 17-də keçirilən iclasında “Psixiatriya yardımı haqqında” Qanuna dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirə olunub.
Modern.az xəbər verir ki, komitə sədri Əhliman Əmiraslanov bildirib ki, psixiatriya sahəsində tibb elminin inkişafı, yeni müalicə üsullarının tətbiqi və tibbi texnologiyaların imkanlarının genişlənməsi qanunvericilik bazasının da müasir tələblərə uyğun təkmilləşdirilməsini zəruri edir.
Onun sözlərinə görə, layihədə psixiatriya yardımının göstərilməsi prosedurlarının təkmilləşdirilməsi, psixi pozuntusu olan şəxslərin diaqnostikası və müalicəsi ilə bağlı məsələlərin, eləcə də bu sahədə mövcud münasibətlərin daha dəqiq tənzimlənməsi məqsədilə bir sıra dəyişikliklər nəzərdə tutulur.
Daha sonra Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev layihə barədə ətraflı məlumat verib. O qeyd edib ki, sənəddə qanunun 14 maddəsi üzrə 16 əlavə və dəyişiklik təklif olunur.
Bildirilib ki, layihədə psixi pozuntusu olan şəxsin sağlamlıq vəziyyəti, ona göstərilən psixiatriya yardımı tədbirləri, eləcə də müalicədən imtina ilə bağlı məlumatların elektron sağlamlıq kartı sisteminə daxil edilməsi və həmin məlumatların əldə olunması ilə bağlı tənzimləmələr yer alıb.
Həmçinin qeyri-könüllü psixiatriya yardımı və psixiatriya müayinəsinin aparılması prosedurlarının təkmilləşdirilməsi, təxirəsalınmaz hallarda səlahiyyətli orqanların qərarları əsasında müayinənin keçirilməsi, aidiyyəti şəxslərin məlumatlandırılması mexanizmlərinin dəqiqləşdirilməsi və digər məsələlər layihədə öz əksini tapıb.
Müzakirələr zamanı komitə üzvləri Məlahət İbrahimqızı və Müşfiq Məmmədli çıxış edərək qanun layihəsi ilə bağlı fikirlərini səsləndiriblər.
Sonda qanun layihəsi birinci oxunuşda baxılması üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.
İclasda həmçinin cari məsələlər müzakirə edilib. Komitə sədri Əhliman Əmiraslanov, komitə üzvləri Soltan Məmmədov və İlham Məmmədov səhiyyə sahəsində mövcud olan bəzi aktual məsələlərlə bağlı fikirlərini bölüşüblər.
Tədbirdə Səhiyyə komitəsinin üzvləri Günay Əfəndiyeva, Kamaləddin Qafarov, Anatoliy Rafailov, Pərvanə Vəliyeva və digər rəsmi şəxslər iştirak ediblər.