Sia Az saytından alınan məlumata görə, Icma.az bildirir.
Son dövrlər cəmiyyətdə stress, narahatlıq və psixoloji gərginlikdən şikayət edən insanların sayının artması diqqət çəkir. Gündəlik həyatın çətinlikləri, sosial şəbəkələrin yaratdığı süni gözləntilər, qeyri-sağlam həyat tərzi və psixoloji problemlərə yanlış yanaşma insanların ruh sağlamlığına təsirsiz ötüşmür. Xüsusilə payız fəslində mövsümi dəyişikliklərin də psixoloji vəziyyətə təsir etdiyi bildirilir.
Bəs insanlarda psixoloji gərginliyin artmasının əsas səbəbləri nədir və bu vəziyyətdən çıxış yolu hansıdır?
Məsələ ilə bağlı psixoloq Aytən Ələkbərova SİA-ya açıqlamasında bildirib ki, stress və gərginlik insanın gündəlik həyatına sanki bir təkamül kimi daxil olaraq, hər anında onu uzunmüddətli təhlükə, məsuliyyət, narahatlıq və psixoloji təzyiq altında yaşamağa məcbur edən bir vəziyyətə çevrilib:
"Bu durum artıq gözlə görüləcək və hiss ediləcək qədər açıq şəkildə özünü büruzə verir. Müraciət edən insanlar arasında da bu vəziyyəti müşahidə etmək mümkündür. Bir psixoloq olaraq, ilkin müşahidə zamanı insanın danışığına, bədən dilinə və mimikalarına diqqət yetirdikdə belə qənaətə gəlirəm ki, həmin şəxslər xroniki stress altında yaşayırlar.
İnsanın stresslə yaşamağa və bu vəziyyətə alışmasına səbəb olan bir neçə əsas meyar var. Bu meyarlardan biri insanın daim narahatlıq içində olmasıdır. O, gələcəyini, maddi vəziyyətini, ailə münasibətlərini və iş həyatını sadəcə bir dəfə deyil, gün ərzində fasiləsiz olaraq düşünməyə başlayır. Nəticədə beyin daim təhlükə rejimində qalır və sanki hər an həyəcan siqnalı verir. Beyin sakitliyi deyil, daimi olaraq problem axtarmağı öyrənir. Bununla yanaşı, həddindən artıq perfektsionizm, məsuliyyət hissi, hər şeyi nəzarətdə saxlamaq istəyi və gərginlik ehtiyacı da xroniki stressin yaranmasına səbəb olur.
Bəzi hallarda isə insan düşdüyü mühitin təsiri ilə emosiyalarını boğmağa çalışır. Hisslərini ifadə edə bilmədikdə, problemlərini daxilində saxladıqda nə baş verir? Stress aradan qalxmır. İnsan nə fiziki, nə də zehni olaraq dincələ bilir. Sosial mühitdə isə bunun nəticəsi olaraq münaqişələr, aqressiya, hətta soyuq silaha əl atma kimi təhlükəli davranışlar meydana çıxa bilər. Qeyri-müəyyənlik şəraitində insan informasiya yükünü də artırır. Bütün bunlar stressin daha da ağırlaşmasına gətirib çıxarır. Nəticədə sakitlik insana yad gəlməyə başlayır.
İnsan sakitliyin öhdəsindən gələ bilmir. Buna görə də daim stress və münaqişə içərisində yaşayır, sanki hər kəslə deyil, əslində öz daxilindəki gərginliklə mübarizə apararkən diqqətini qarşısındakı insana yönəldir. Bu səbəbdən tövsiyəmiz ondan ibarətdir ki, insan hansı vəziyyətdə olursa-olsun, mütəxəssisə müraciət etsin. Fərdi xüsusiyyətlərinə uyğun olaraq stressi azaltmaq, gərginlikdən uzaqlaşmaq və mövcud vəziyyəti idarə etməyi öyrənmək üçün peşəkar dəstək alsın. Beləliklə, problemin gələcəkdə xroniki hal almasının qarşısını almaq mümkün olar".