Moderator.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Psixoloqa getsəm, deməli dəliyəm” düşüncəsi sovet dövründən qalan stereotipdir. Halbuki insan ömrü boyu emosional, davranış və ya düşüncə səviyyəsində çətinlik yaşayır və bu normaldır. Bədən ağrıyanda həkimə, dişlə bağlı problem olanda stomatoloqa, sümük zədələnəndə travmatoloqa müraciət edirik. Beyin və psixika da bədənin bir hissəsidir və burada ağrı, gərginlik və disbalans yarananda psixoloq və ya psixiatrın müdaxiləsi tam normaldır”
Bunu Moderator.az-a açıqlamasında klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov bildirib.
O daha sonra insanların psixoloqa müraciət etməməsinin səbəblərindən danışıb:
“Psixoloqa müraciət etmək dəli olmaq demək deyil. Psixiatr da yalnız ağır hallarla deyil, yuxu pozuntusu, narahatlıq, emosional çökmə, diqqət pozuntusu və asılılıq kimi problemlərlə məşğul olur. İnsan özünə və ətrafına adekvat davranmırsa, aqressivləşirsə, həddən artıq şübhəli olur, çarəsizlik hissi yaşayır və ya funksionallığı nəzərəçarpacaq dərəcədə azalırsa, psixi sağlamlıq mütəxəssisinə müraciət etməlidir. Cəmiyyətdə psixi sağlamlığını qorumaqdan çox onu gizlətmək üstünlük sayılır. Halbuki sağlamlıq gizlətməklə deyil, müalicə və özünü tənzimləmə bacarığı ilə ölçülür. Psixoloqa getmək düzgün addımdır və yaxınların dəstəyi ilə getmək qəbahət sayılmamalıdır. Psixi xəstəliklər insanın seçimi deyil. Hətta asılılıq belə təkcə iradə məsələsi deyil və tibbi yönü var. Cəmiyyət psixi vəziyyəti olan insanlara qarşı məsuliyyət daşıyır. Onları alçaltmaq və ya gizlətməyə məcbur etmək problemi ağırlaşdırır. Açıq yanaşma həm fərdin, həm ailənin, həm də cəmiyyətin xeyrinədir” deyə Rövşən Nəcəfov bildirib.