Bizimyol saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bu gün dünya iqtisadi münasibətlər üzərində qurulub. İnsanların qidalanması, sağlamlığı, təhsili, mənzil təminatı və övladlarının gələcəyi maddi imkan tələb edir. Buna görə də pul qazanmaq sadəcə şəxsi istək və ya ambisiya deyil, eyni zamanda ailə qarşısında məsuliyyətdir.
Eyni zamanda qadın da əgər işləyirsə, öz bacarığı və imkanları çərçivəsində qazanc əldə edirsə, bu, onun da insan kimi məsuliyyətidir. Bu, sadəcə istək və arzu məsələsi deyil. Əlbəttə, insanın öz tələbatından daha artıq qazanmaq istəyi, daha yaxşı həyat qurmaq arzusu fərdi seçimdir.
Amma bu gün dünyada maddi münasibətlər əsasən pul və iqtisadi imkanlar üzərində qurulur. Buna görə də pul qazanmaq həm kişinin, həm qadının, həm övladın, həm də valideynin öz imkanları daxilində, əxlaq və mənəvi prinsiplər çərçivəsində məsuliyyətidir.
Diqqət və qayğı isə normal insan münasibətləri zəminində yaranır.
Əgər bir insan işləyib yorğun halda evə gəlir və tələb edirsə ki, ona xüsusi diqqət göstərilsin, bu diqqət qarşı tərəfin sevgisindən deyil, onun əsəbiləşməməsi, evdə problem yaratmaması üçün göstərilirsə, bu artıq sevgi və qayğı deyil. Bu, məcburiyyətdən yaranan münasibətdir.
Sevginin olduğu yerdə insan ailəsini yük kimi görmür. Sevgi olan bir münasibətdə insan gün ərzində nə qədər yorulsa da, nə qədər çətin və qeyri-normal sosial münasibətlərlə qarşılaşsa da, evə gələndə həmin ağırlığı arxada qoymağı bacarır.
Çünki ailə onun üçün rahatlıq, anlayış və mənəvi dayaq yeridir.
Deməli, maddi təminatı önəmsiz hesab edib yalnız diqqət və qayğını əsas dəyər kimi təqdim edən yanaşma çox vaxt ailəsində qarşılıqlı sevgi və sağlam münasibətlər olmayan insanların yaratdığı yanlış düşüncədir.
Əlbəttə, ailədə diqqət və qayğı olmalıdır. Amma diqqət və qayğı insanın işləməsini, pul qazanmasını və ya maddi məsuliyyətlərini əvəz edə bilməz. Bunlar bir-birinə qarşı qoyulmamalıdır.İnsan öz bilik və bacarığı, imkanları çərçivəsində qurduğu ailənin maddi təminatına çalışmalıdır. Eyni zamanda qazandığı maddi imkanları ailə daxilində hakimiyyət və üstünlük vasitəsinə çevirməməlidir. İş və qazanc ailə münasibətlərini dağıdan deyil, əksinə, sağlam ailə münasibətlərini dəstəkləyən bir vasitə olmalıdır.
Bəzi fikirlərə görə, kişilərin evdən, ailədən uzaqlaşmasının, kənarda özünə başqa bir insan tapmasının əsas səbəbi onların işdən yorğun gəldikdə həyat yoldaşları tərəfindən problemlərlə qarşılanmasıdır. Lakin bu yanaşma əksər hallarda sadəcə bəhanədir. Bu, bütün insanlara aid edilə biləcək bir səbəb deyil.
İnsanın ailəsindən soyuması, kənarda rahatlıq axtarması onun qazancından, iş yükündən və ya evdə qarşılaşdığı gündəlik çətinliklərdən asılı deyil. Bu, daha çox insanın əxlaqı, dünyagörüşü, tərbiyəsi, intellektual və psixoloji yanaşması, eləcə də münasibətlərə verdiyi dəyərlə bağlı məsələdir.
“Pul qazanıram, yorğunam, evə gələndə rahatlıq istəyirəm, hamı mənə diqqət göstərməlidir, əks halda ailədən uzaqlaşaram” düşüncəsi sağlam yanaşma deyil.
Ailə münasibətləri qarşılıqlı hörmət, anlayış və məsuliyyət üzərində qurulur. İnsan ailəsinə istilik və qayğı vermirsə, sonradan bunun səbəbini yorğunluqla və ya maddi vəziyyətlə izah etməsi doğru deyil.
Təbii ki, ailədə uyğun olmayan xarakterlər, ünsiyyət problemləri və qarşılıqlı anlaşılmazlıqlar münasibətlərdə gərginlik yarada bilər. Amma kənarda başqa münasibət axtarmaq heç vaxt əsaslandırıla bilməz. Yorğunluq, stress və problemlər sadəcə bəhanədir; əsas məsələ insanın öz seçimləri, prinsipləri və ailəsinə qarşı məsuliyyət hissidir.
Ailə nə yalnız pulla ayaqda qalır, nə də təkcə sevgi ilə. Maddi təminat ailənin ehtiyaclarını qarşılayır, diqqət və qayğı isə münasibətləri yaşadır. Bunlardan birini digərinin alternativi kimi təqdim etmək əvəzinə, hər ikisinin sağlam ailə modelinin ayrılmaz hissəsi olduğunu qəbul etmək daha doğru yanaşmadır.
İradə Cəlil, Bizimyol.info