Bizimyol saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Sən heykəl düzəlt, ondan pul qazan. Bax gör, ən cahil qohumun belə deyəcək: “Sənin heykəllərin möhtəşəmdir”.
İnsanları pullarına görə dəyərləndiririk?İnsan niyə maddi uğura bu qədər önəm verir?Bu barədə Bizimyol.info xəbər portalına danışan Psixologiya Reabilitasiya və İnkişaf Mərkəzinin direktoru, psixoloq Almara Ağaqızı bildirib ki, maddi uğur çox vaxt psixoloji rahatlıqla əlaqələndirilir: “Filankəs çox uğurludur” ifadəsini eşidəndə insanların əksəriyyətinin ağlına ilk olaraq onun xarakteri, biliyi və ya cəmiyyətə verdiyi töhfə deyil, maddi vəziyyəti gəlir. Bu isə təsadüfi deyil. Müasir cəmiyyətdə pul təkcə iqtisadi vasitə deyil, həm də uğurun, nüfuzun və sosial statusun simvoluna çevrilib. Bəs niyə insan beyni maddi uğuru bu qədər ön plana çıxarır?
Psixoloji baxımdan insanın ən fundamental ehtiyaclarından biri təhlükəsizlik hissidir. Abraham Maslow tərəfindən irəli sürülən ehtiyaclar iyerarxiyasında fizioloji ehtiyaclardan sonra təhlükəsizlik gəlir. Maddi imkanlar insanın qidalanma, yaşayış, səhiyyə və gələcəklə bağlı narahatlıqlarını azaltdığı üçün beyin pulu sadəcə gəlir kimi deyil, təhlükəsizlik mənbəyi kimi qəbul edir. Buna görə də maddi uğur çox vaxt psixoloji rahatlıqla əlaqələndirilir”.
Almara Ağaqızının sözlərinə görə, pul sosial dəyərin göstəricisinə çevrilir Lakin məsələ bununla bitmir: “İnsan sosial varlıqdır və daim özünü başqaları ilə müqayisə edir. Psixologiyada bu, sosial müqayisə nəzəriyyəsi kimi izah olunur. İnsanlar ətrafındakı şəxslərin həyat tərzinə, qazancına, sahib olduqları əşyalara baxaraq öz mövqelərini müəyyənləşdirirlər. Beləliklə, pul tədricən sadəcə ehtiyacları ödəyən vasitə olmaqdan çıxır, sosial dəyərin göstəricisinə çevrilir.
Tez-tez müşahidə etmişəm ki, insanlar bəzən bir insanın nə qədər dürüst, mərhəmətli və ya savadlı olduğunu bilmədən belə, onun maddi imkanlarına əsaslanaraq ilkin fikir formalaşdırırlar. Halbuki yüksək gəlir hər zaman yüksək intellektin, yüksək mənəviyyatın və ya xoşbəxtliyin göstəricisi deyil”.
Alamara Ağaqızı vurğulayıb: “Bu yanaşmanın formalaşmasında “halo effekti” də mühüm rol oynayır. İnsan beyni bir sahədə uğur qazanan şəxsin digər sahələrdə də mütləq uğurlu olduğunu düşünməyə meyllidir. Məsələn, varlı bir insan haqqında “deməli, ağıllıdır”, “bacarıqlıdır”, “hər şeyi düzgün edir” kimi nəticələr çıxarılır. Halbuki bunlar hər zaman reallığı əks etdirmir.
Bundan əlavə, maddi uğura verilən həddindən artıq dəyər sosial media dövründə daha da güclənib.
İnsanlar daha çox bahalı avtomobilləri, dəbdəbəli evləri, brend geyimləri və dəbdəbəli həyat tərzini görür, lakin bu görüntünün arxasında olan stressi, borcları, münasibət problemlərini və ya psixoloji çətinlikləri görmürlər. Nəticədə uğurun tərifi getdikcə daha çox maddi göstəricilərlə ölçülməyə başlayır”.
Psixoloq deyib: “Əslində isə insanın dəyəri qazandığı pulla ölçülə bilməz. Pul insanın həyat keyfiyyətini yaxşılaşdıra, imkanlarını artıra bilər. Lakin empatiya, vicdan, dürüstlük, peşəkarlıq, yaradıcılıq, mənəvi zənginlik və insanlara fayda vermək kimi xüsusiyyətlər pulla ölçülmür.
Bu, pulun əhəmiyyətsiz olduğu anlamına gəlmir. Maddi sabitlik insanın psixoloji rifahı üçün vacib amillərdən biridir. Lakin problem pulun özündə deyil, insanın bütün dəyərinin yalnız qazancı ilə ölçülməsindədir. Bu yanaşma həm fərdi, həm də cəmiyyəti yanlış qiymətləndirmələrə aparır”.
Almara Ağaqızı əlavə edib: “Həqiqi psixoloji sağlamlıq insanın yalnız maddi uğur qazanması ilə deyil, həm də özünü faydalı, mənalı və dəyərli hiss etməsi ilə formalaşır. Maddi qazanc həyatın vacib hissəsidir, lakin insanın kim olduğunu müəyyən edən yeganə meyar deyil.
Cəmiyyət çox vaxt insanları pullarına görə qiymətləndirməyə meyilli olsa da, psixologiya bizə göstərir ki, insanın həqiqi dəyəri onun qazancından daha geniş anlayışdır. Maddi uğur hörmət qazandıra bilər, amma şəxsiyyət, mənəviyyat və cəmiyyətə verilən töhfə insanı həqiqətən dəyərli edən əsas xüsusiyyətlərdir”.
Günel Həsənova, Bizimyol.info