Icma.az xəbər verir, Azxeber.com saytına əsaslanaraq.
Xəbər verdiyimiz kimi, bu gündən etibarən Bakı metrosunun "Xocəsən” və "Avtovağzal” stansiyalarına giriş ödənişsiz olacaq.
Qeyd edək ki, qərar müvəqqəti müddət üçün nəzərdə tutulub və "28 May” ilə "Nizami” stansiyaları arasında qatarların hərəkətinin müvəqqəti dayandırılması ilə əlaqədar sərnişin axınının tənzimlənməsi məqsədi daşıyır.
Xocəsən və Avtovağzal stansiyalarına girişin pulsuz olması şəhərə giriş-çıxış zamanı nəqliyyat yükünün azaldılması baxımından da müzakirələrə səbəb olub.
Məlumat üçün bildirək ki, paytaxta əsas sərnişin axını Sumqayıt və Xırdalan istiqamətindən gəlir. Bu ərazilərdən Bakıya gələn sərnişinlərin böyük hissəsi 20 Yanvar istiqamətində hərəkət edən marşrutlardan istifadə edir. Onların "Xocəsən” və "Avtovağzal” stansiyalarından istifadə etməsi isə əlavə vaxt itkisinə səbəb ola bilər.
Bəs həmin stansiyalara girişin pulsuz olması Sumqayıt və Xırdalandan gələn sərnişinlərin metrodan istifadəsinə və paytaxtdakı nəqliyyat sıxlığının azalmasına nə dərəcədə təsir göstərəcək?
Nəqliyyat eksperti Raqif Raufoğlu AZXEBER.COM-a açıqlamasında bildirib ki, qərarın sərnişin axınının düzgün istiqamətləndirilməsi baxımından müsbət təsiri ola bilər:
"Bunun müsbət təsiri olmalıdır, inşallah. Çünki söhbət yola çıxmaqdan gedirsə, hələ avqust ayında bu məsələ müzakirə olunanda "Niyə ekspress marşrutlar pulsuz deyil?” mövzusu gündəmə gələndə dövlət rəsmiləri də izah edə bilərdilər ki, düzdür, bunu bir az başqa cür təqdim etdilər. Dedilər ki, biz bunu belə etsək, hamı avtobusa minəcək və s. Amma əslində onların güddüyü və istədiyi də bu idi ki, məsələ həmin marşrutun pullu və ya pulsuz olması deyil. Məsələ həmin marşrutun gücləndirilməsidir. Hansı ki, pullu da olsa, pulsuz da olsa, həmin marşrutlara olan tələbi qarşılayıb bunu gerçəkləşdirmək lazımdır. Yəni mövzu bu idi. Biz görüşdükdə təcrübədə də gördük ki, həmin marşrutlar hətta pullu olmasına baxmayaraq, sərnişin axınını götürə bilir. Yəni məsələ marşrutun pullu olması deyil. Məsələ avtobusların həmin sərnişin axınını götürə bilməməsi idi. Təbii ki, artıq bir aylıq müşahidə nəticəsində axının harada daha çox olduğunu görürük və bu addımı atırlar. Və söz verilmişdi ki, müəyyən addımlar atmağa çalışacağıq. Təbii ki, bu da indi müvəqqəti həlldir, onu da qeyd etdilər. Çünki bu qərar metropolitenin büdcəsinə də təsir edəcək”.
Ekspertin sözlərinə görə, əsas məsələ sərnişin axınının düzgün istiqamətləndirilməsidir:
"Amma əsas odur ki, axını düzgün dəyərləndirsinlər. Sumqayıtdan gələnlər oradan metroya girməklə, ən azı gələn metro xəttində indi daha rahat və daha boş hərəkət edə bilərlər. Çünki həmin xətt yalnız Nizamiyə qədər gəlir. Bu istiqamətdə mərkəzə gələndə, məsələn, Nizamiyə doğru metroyla gələndən sonra düşüb hansısa başqa marşruta minəndə bu, onların büdcələrinə təsir edəcək. Çünki yenə də avtobusa binsələr belə, bu, onlara 60 qəpiyə başa gələcək. Amma məqsəd odur ki, axın düzgün yönəlsin. Məsələn, bu istiqamətdə getsə və görsə ki, burada əslində xətt boşdur, çünki onların sayı azalıb, əsasən Qırmızı Bazar, Əməlkümə istiqamətində axın yoxdur, gəlib bəlli bir yerdən metroya çıxırlar. Yəni bunu müşahidə edəcəklər”.
R.Raufoğlu qeyd edib ki, sərnişin axınının düzgün bölüşdürülməsi üçün ekspress marşrutların da səmərəli fəaliyyəti vacibdir:
"Təbii ki, məncə, bu baxımdan düzgün qərardır. Əsas odur ki, həmin marşrutdan istifadə edək, insanlar həm çox xərcə düşmədən, həm də daha tez oraya səfər edə bilsinlər. Paralelində də ekspress marşrutlar daha rahat işləsinlər”.
Fəridə Əsədzadə