Pulsuz metro Bakını tıxacdan çıxartmadı: Əvəzində...

09.10.2026

Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakıda tıxacların azaldılması və sərnişinlərin ictimai nəqliyyata yönəldilməsi məqsədilə “Avtovağzal” və “Xocəsən” metro stansiyalarında gediş haqqı ləğv edilsə də, bu addımın gözlənilən nəticəni verdiyi hiss olunmur. 

Belə ki, həmin stansiyalarda sərnişin sıxlığının artması müşahidə edilmir. Əksinə, bu ərazilərdən hərəkət edən avtobusların marşrutların yolunun uzanması, əlavə dayanacaqların yaranması və sərnişinlərin yolda daha çox vaxt itirməsi narazılığa səbəb olur. Bu isə gediş haqqının ləğvinin nəqliyyat sıxlığının azaldılmasına nə dərəcədə təsir etdiyini və tətbiq olunan qərarın nə qədər səmərəli olduğu ilə bağlı sual doğurur. 

Əgər pulsuz stansiyalar gözlənilən sərnişin axınını təmin etmirsə, bu qərarın səmərəliliyi necə qiymətləndiriləcək? 

Yaranan əlavə xərclər sonradan vətəndaşların üzərinə qoyula bilərmi? 

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, “Avtovağzal” və “Xocəsən” metro stansiyalarında gedişhaqqının ləğv edilməsi sərnişinlərin ictimai nəqliyyata marağını artırmaq və şəhər mərkəzinə daxil olan avtomobillərin sayını azaltmaq baxımından mühüm addımdır:

“Belə təşəbbüslərin nəticələrini qiymətləndirmək üçün müəyyən müddət ərzində sərnişin axınında və nəqliyyat vasitələrinin hərəkətində baş verən dəyişiklikləri təhlil etmək lazımdır. Avtobuslarla metro arasında əlaqənin daha da yaxşılaşdırılması, marşrutların və hərəkət intervallarının sərnişinlərin ehtiyaclarına uyğunlaşdırılması da vacibdir. Düşünürəm ki, bu prosesdə ortaya çıxan məsələlərin mərhələli şəkildə həll olunması mümkündür və gözləniləndir”. 

Ekspert qeyd edib ki, əlavə xərclərə gəldikdə isə, düşünmürəm ki, bu, vətəndaşların üzərinə əlavə öhdəlik yarada bilər: “Burada əsas məqsəd ictimai nəqliyyatı daha əlçatan və rahat etməkdir. Əgər sərnişin axınının artması və tıxacların azalması ilə bağlı müəyyən müsbət göstəricilər müşahidə olunarsa, bunu tətbiq edilən yanaşmanın müsbət nəticəsi kimi qiymətləndirmək olar. Gələcəkdə toplanan məlumatlar əsasında marşrutlarda və nəqliyyatın təşkilində əlavə təkmilləşdirmələr aparmaq mümkündür”. 

Gülər Həsənli
“Cebheinfo.az”

 

Açar sözlər: pulsuz metro Eldəniz Cəfərov

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью