Pulsuz metroda ilk gün: Boş platforma, sərnişindən çox nəzarətçi FOTOLAR

23.09.2026

Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Xəbər verildiyi kimi, “Bakı Metropoliteni” QSC və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) birgə məlumatına əsasən, xətlərin ayrılması layihəsi ilə əlaqədar sentyabrın 23-dən “Xocəsən” və “Avtovağzal” metrostansiyalarına giriş müvəqqəti olaraq ödənişsiz olub.

Rəsmi məlumata görə, bu addım sərnişinlər üçün əlavə hərəkət imkanlarının yaradılması və nəqliyyat axınlarının daha səmərəli təşkili məqsədilə atılıb. 
Beləliklə, Sumqayıt, Xırdalan, Bakı–Şamaxı yolu istiqamətində yerləşən yaşayış məntəqələri, eləcə də Abşeron və Qaradağ rayonlarının bir sıra ərazilərindən gələn sərnişinlər “Şamaxinka” və “20 Yanvar” ərazilərinə daxil olmadan metrodan istifadə edə biləcəklər.

Qeyd olunan istiqamətlərdən gələn sərnişinlər “Xocəsən” və “Avtovağzal” stansiyalarından daxil olaraq “8 Noyabr”, “Dərnəgül”, “Azadlıq prospekti”, “Nəsimi”, “Memar Əcəmi”, “20 Yanvar”, “İnşaatçılar”, “Elmlər Akademiyası” və “Nizami” stansiyalarına qədər ödənişsiz hərəkət edə biləcəklər.

Bundan əlavə, bu gündən etibarən nəqliyyatın mərkəzləşdirilmiş idarə olunması çərçivəsində aparılan monitorinqlər və sosial-iqtisadi təhlillər əsasında bir sıra avtobus marşrutlar birbaşa “Xocəsən” və “Avtovağzal” stansiyalarına yönləndirilir. 

“Cebheinfo.az” pulsuz “səyahət”in ilk gününü “Xocasən” metrostansiyasında izləyib. Xocasən yaşayış massivindən "Xocasən" metrostansiyasına aparan 155 saylı kiçiktutumlu avtobus boşdur, bunu səhər saat 9 radələri olmasıyla əlaqələndirmək olar. 

İşə, məktəbə gedənlər gedib, universitetlər onlayn təhsilə keçib, təhsil adi qaydada davam etsəydi belə, dərslərin səhər növbəsində ən geci saat 08.30-da başladığını nəzərə alsaq, bu saata tələbə zatən qalmazdı. Amma sürücü heç səhər saatlarında da "Xocasən" metrostansiyasına gedən sərnişin sayının çox olmadığını deyir. 

Metrostansiyaya çatmadan havadakı o qoxunu isə yazıda təsvir etmək mümkün deyil  və nə yaxşı ki, belədir. Stansiyaya 09.23-də çatırıq. Turniketlər söndürülüb, ilk dəfə metrodan pulsuz istifadə həyəcanı yaşayırıq, tək deyiləm, mənimlə birgə daha 2 sərnişin var. O sırada xatırlayıram ki, illər əvvəl 20 Yanvar hadisələrinin ildönümündə "20 Yanvar" metrostansiyasına girişin pulsuz olması təcrübəsi vardı, sonra o da aradan qaldırıldı. Stansiyada nəzarətçi sayı bizdən çoxdur.

Açıq platformada da ən çoxu 20 sərnişin olar. Qatarların hərəkət cədvəlinə baxıram, iş günləri 10 dəqiqəlik intervalla hərəkət edir. Sərnişin sayı çox olmadığından, intervalı azaltmaq rentabelli olmaz. Bu stansiya ilk açılanda interval hətta 16 dəqiqə olub, sonra azaldılıb. Pulsuz metrodan istifadəçi sayının niyə belə az olması maraqlıdır, amma bu günün sualı deyil.

Böyük ehtimalla universitetlərdə tədris normal vəziyyətə qayıdanda və səhər saat 7 radələrindən sonra bu pulsuz stansiyada sərnişin sayı xeyli artacaq. Hər halda tələbəyə pulsuz metro ilə  getmək daha sərfəli olacaq. Amma hara qədər?

Bu sual cavabsızdır. Pulsuz metronun Bakıdakı.o dözülməz tıxacları aradan qaldırıb-qaldırmayacağı da  sualdır. Cavabını bir neçə gün sonra biləcəyik.

Bu günün sualı isə başqadır-getməyinə getdik, geri necə qayıdacağıq? Başbilənlər  həyatımızdan həyəcanı əskik etməmək üçün bu sualın cavabını özümüzün öhdəsinə buraxıblar... 

Elnarə Kərimova 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью