Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Xəbər verdiymiz kimi, bu gündən etibarən metronun "Xocəsən" və "Avtovağzal" stansiyalarına giriş müvəqqəti olaraq ödənişsizdir.
Məhz bu addım sərnişinlər üçün əlavə hərəkət imkanlarının yaradılması və nəqliyyat axınlarının daha səmərəli təşkili məqsədilə atılıb.
Beləliklə, Sumqayıt, Xırdalan, Bakı–Şamaxı yolu istiqamətində yerləşən yaşayış məntəqələri, eləcə də Abşeron və Qaradağ rayonlarının bir sıra ərazilərindən gələn sərnişinlər “Şamaxinka” və “20 Yanvar” ərazilərinə daxil olmadan metrodan istifadə edə bilirlər.
Qeyd olunan istiqamətlərdən gələn sərnişinlər “Xocəsən” və “Avtovağzal” stansiyalarından daxil olaraq “8 Noyabr”, “Dərnəgül”, “Azadlıq prospekti”, “Nəsimi”, “Memar Əcəmi”, “20 Yanvar”, “İnşaatçılar”, “Elmlər Akademiyası” və “Nizami” stansiyalarına qədər ödənişsiz hərəkət edə biləcəklər.
Bundan əlavə, nəqliyyatın mərkəzləşdirilmiş idarə olunması çərçivəsində aparılan monitorinqlər və sosial-iqtisadi təhlillər əsasında bir sıra avtobus marşrutlarının birbaşa “Xocəsən” və “Avtovağzal” stansiyalarına yönləndirilməsi nəzərdə tutulur.
Sərnişin axınının artacağı nəzərə alınaraq, sözügedən stansiyalarda qatarların hərəkət intervalının azaldılması nəzərdə tutulurmu?
Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, sərnişin axınının tənzimlənməsi və xətlər üzrə hərəkət intervalının optimallaşdırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir:
“Hazırda “Avtovağzal” – “8 Noyabr” istiqamətində qatarlar 5 dəqiqə, “Xocəsən” – “Avtovağzal” istiqamətində isə 10 dəqiqə intervalla hərəkət edir. Ehtiyac yaranarsa, texniki imkanlardan istifadə olunaraq intervallar azaldıla bilər.
Artıq Yaşıl xətt üzrə 50 %-dək, Bənövşəyi xətt üzrə isə 35–40 % sərnişin azalması müşahidə olunur. Buna görə də hər hansı sıxlığın yaranması gözlənilmir.
Hazırda 3 dəqiqə 30 saniyəlik intervalın 3 dəqiqəyə endirilməsi texniki cəhətdən artıq mümkündür. Xətlərin ayrılmasının bizə gətirdiyi faydalardan biri də budur ki, texniki baxımdan intervalı nə qədər azaltmaq istəyiriksə, bunu həyata keçirmək mümkündür”.
Gülər Həsənli
“Cebheinfo.az”
Açar sözlər: Pulsuz metro "Xocəsən" və "Avtovağzal"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin