Pulunu dollarla saxlayanlara XƏBƏRDARLIQ

04.02.2026

Icma.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Xəbər verildiyi kimi, ABŞ dollarında son 4 ilin ən ciddi düşüşü müşahidə edilir. İllik azalmanın 10%-dən çox olduğu bildirilib. Bu azalma nəticəsində dolların ehtiyat valyuta kimi gücü artıq sual altında qalıb. ABŞ-ın yeni iqtisadi siyasətləri, xaotik daxili siyasət, ticarət gərginlikləri və mərkəzi bankın müstəqilliyinə dair artan narahatlıqlar dolların qlobal rezerv kimi uzun illər davam edən gücünü zəiflədib.
Bu halda, dolların ehtiyat valyuta kimi hegemoniyasının bitəcəyini demək mümkündürmü?
Məsələ ilə bağlı Bizim.Media-ya danışan iqtisadçı ekspert Rəşad Həsənovun sözlərinə görə nəinki şəxslər, hətta ölkələr belə yığımlarını dollarla edirlər.
Çünki dolların arxasında çox böyük iqtisadi güc dayandığına inanırlar. Dolların arxasında isə güc bölgüsünə əsaslanmış şəffaf bir sistem var və bu sistem dolların dünya bazarlarında kəskin şəkildə dəyər itirməsinin qarşısını ala bilər. Bu da investorlara, dövlət qurumlarına, mərkəzi banklara və fərdi şəxslərə münasibətdə yığımların dəyərsizləşməsinin qarşısını ala bilər:
 

“Hətta ABŞ-a qarşı ən radikal və nifrət dolu ictimai rəyi olan ölkələrdə belə, dollar əsas yığım vasitəsi kimi istifadə olunur. Aydındır ki, son dövrlərdə bu istiqamətdə alternativlər də ortaya çıxıb. Məsələn, son 20 ildə dünya bazarında Avropa Birliyinin vahid valyutası avro dönərli valyuta statusu qazana bilib və arxasında dayanan idarəetmə modeli və iqtisadi güc bu valyutanın alternativ yığım vasitələrindən birinə çevrilməsi istiqamətində mühit formalaşdırıb.


Amma bu gün bu vəziyyətdə bəzi dəyişikliklər baş verir.
Misal üçün, ABŞ Adminstrasiyasının hazırda həyata keçirdiyi iqtisadi siyasət, adminstrasiyanın ucuz dollar siyasətində maraqlı olması və bu istiqamətdə davamlı təzyiqlərin ortaya çıxması dolların dəyərsizləşməsinə səbəb ola bilər. Bu da dolların ucuzlaşmasına gətirib çıxaracaq”.
Ekspert bildirir ki, son vaxtlar FED rəhbərliyinə açılan məhkəmə işi və FED rəhbərinin birbaşa olaraq prezident tərəfindən tənqid edilməsi də dolların reputasiyasını aşağı salır və investorları geri çəkilməyə məcbur edir.
Əgər adminstrasiyanın tətbiq etməyə çalışdığı bu təzyiq siyasəti davam edərsə, dollar sürətlə rezerv valyuta statusunu itirəcək:
“Bu halda alternativ meyil olaraq investorlar kriptovalyutalara, Çin və Yaponiya valyutalarına və artan tələbat nəticəsində qızıla yönələcək. Bu da dolların bu sahədəki hegemon statusunun zəifləməsinə gətirib çıxara bilər. Əgər ABŞ Adminstrasiyasının mövcud siyasəti uğursuz olarsa və növbəti hökümət bu dağıdıcı meyillərin qarşısını alarsa, o zaman dollar yenidən özünün ehtiyat valyuta payını bazarda artıra bilər”.
Fatimə Əliyeva, Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью