Püşkün dəyərləndirməsi: “Mərhələ keçməmək faciə olar”

17.06.2026

futbolpress-az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanı avrokuboklarda təmsil edəcək “Sabah”, “Qarabağ” və “Zirə”nin I təsnifat mərhələlərindəki rəqibi məlum olub.

“Sabah” Çempionlar Liqasında TNS (Uels), “Qarabağ” Avropa Liqasında “Vestri” (İslandiya), “Zirə” isə Konfrans Liqasında “Torpedo” (Gürcüstan) ilə qarşılaşacaq.

Millinin sabiq məşqçisi Arif Əsədov “Futbolpress.az“a püşkatmanı dəyərləndirdi:

“Düşünürəm ki, bütün rəqiblər dişimizə görədir. Hər üç komanda bu mərhələni keçmək gücündədir. AMma onlara yuxarıdan-aşağı baxmaq olmaz. Futbol dəyişir. Tez-tez yaşıl meydanlarda sürprizlər görürük. Klublar da artıq fərqli gedişlərlə özündən güclü rəqiblərə problem yarada bilir. Ona görə rəqiblərə ciddi yanaşmaq lazımdır. Hər üç klubumuz rəqiblərindən şərait, heyət baxımından üstündür. Mərhələ keçməmək faciə olar”.

Konfrans Liqasında mübarizəyə II təsnifatdan başlayacaq “Neftçi”nin də rəqibi bu gün bəlli olacaq. “Ağ-qaralar” aşağıdakı komandalardan birinə rəqib olacaq:

“Ludoqorets” (Bolqarıstan)
“Rakov” (Polşa)
“Dinamo Siti” (Albaniya) – “Astana” (Qazaxıstan) cütünün qalibi
“Apollon Limassol” (Kipr)
“Dinamo” (Minsk, Belarus) – “Sileks” (Şimali Makedoniya) cütünün qalibi.

Əsədov mümkün rəqibləri də dəyərləndirdi:

“Albaniyanın “Dinamo”, Şimali Makedoniyanın “Sileks” klubu düşsə, daha rahat olar. Minsk “Dinamo”su da münasibdir, amma təcrübələri var. Məncə, bu komandalardan biri düşsə, daha əlverişli olar. Digər kollektivlər kifayət qədər təcrübəlidirlər”.

Şahin Cəfərov 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью