Icma.az, Konkret.az portalına istinadən məlumat verir.
Rusiya prezidenti Vladimir Putin ölkənin idarəetmə sistemini yenidən formalaşdırmağa çalışır. Lakin görünən odur ki, o, özünə vahid varis seçmək niyyətində deyil. Əvəzində hakimiyyətin davamlılığını təmin edə biləcək, yaxın çevrəsindən olan məmurlardan ibarət komanda formalaşdırır.
Siyasi analitik David Guy hesab edir ki, yeni model gündəlik idarəetmə səlahiyyətlərinin tədricən etibarlı şəxslərə ötürülməsini, Putinin isə güc strukturlarına və əsas siyasi qərarlara nəzarəti öz əlində saxlamasını nəzərdə tutur.
2024-cü ildə yenidən prezident seçildikdən sonra Putin hakim elitanın yenilənməsinə xüsusi diqqət ayırmağa başlayıb. Konkret varis hazırlamaq əvəzinə, dövlət siyasətinin müxtəlif istiqamətlərinə rəhbərlik edə biləcək, lakin müstəqil güc mərkəzinə çevrilmək imkanından məhrum olan idarəçilər şəbəkəsi formalaşdırılır.
Bu sistemin məqsədi Kremlin gündəlik fəaliyyətini Putinin birbaşa müdaxiləsi olmadan da davam etdirə bilməsidir. Bununla belə, Rusiya lideri rəqabət aparan siyasi qruplar arasında əsas arbitr rolunu qorumaq, onların qərarlarına müdaxilə etmək və təsir imkanlarını yenidən bölüşdürmək niyyətindədir.
Putinin 13 nəfərlik komandası kimlərdən ibarətdir?New Eurasian Strategies Centre analitik mərkəzinin araşdırmasına görə, yeni idarəetmə komandasının əsasını Putinin mümkün canişinləri kimi təqdim olunan 13 yaxın məmur təşkil edir. Onların ön plana çıxması əvvəlki siyasi komandanın bəzi nümayəndələrinin, o cümlədən Baş nazir Mixail Mişustinin mövqelərinin tədricən zəifləməsi ilə müşayiət olunur.
Bu qrupun ən nüfuzlu simalarından biri hərbi-sənaye kompleksinə nəzarət edən Rusiyanın birinci vitse-premyeri Denis Manturovdur. Onun mövqeyi artan siyasi təsiri və Putinlə birbaşa əlaqələri sayəsində möhkəmlənir.
Yeni sistemin digər mühüm fiquru Rusiya Ali Məhkəməsinin sədri İqor Krasnovdur. Ona dövlət idarəçiliyinin mühüm alətlərindən biri olan məhkəmə sistemindəki proseslərdə əhəmiyyətli rol verilir.
İqtisadi istiqamətə isə Baş nazirin müavini Aleksandr Novak və prezidentin köməkçisi Maksim Oreşkin cavabdehdir. Novak əsasən energetika sektoru və böhran əleyhinə qərarlarla məşğul olur. Oreşkin isə Kremlin iqtisadi və texnoloji siyasətinin formalaşmasına təsir göstərir.
Bu siyahıda xüsusi mövqeyi Putinin keçmiş şəxsi mühafizəçisi, hazırda prezidentin köməkçisi və Dövlət Şurasının katibi olan Aleksey Dyumin tutur. Bir müddət o, Rusiyada ali dövlət vəzifələrinə mümkün namizədlərdən biri kimi dəyərləndirilirdi.
Hakimiyyət ailə əlaqələri əsasında bölüşdürülür?Rusiyanın hakim elitasında dəyişikliklər yalnız texnokratların önə çəkilməsi ilə məhdudlaşmır. “Atlantic Council”in təhlilində də qeyd olunduğu kimi, vəzifələrin bölüşdürülməsində ailə əlaqələri və Putinin yaxın çevrəsinə mənsubiyyət getdikcə daha mühüm rol oynayır.
Məsələn, Putinin qohumu Anna Tsivilyeva müdafiə nazirinin müavini vəzifəsinə təyin edilib. Keçmiş Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin oğlu Dmitri Patruşev də atasının siyasi təsirinin azalmasına baxmayaraq, mövqelərini möhkəmləndirməyi bacarıb. O, baş nazirin müavini vəzifəsini tutur.
Putinin qızları Katerina Tixonova və Mariya Vorontsovanın da iqtisadiyyat və dövlət idarəçiliyində qeyri-rəsmi təsir imkanlarına malik olduğu bildirilir. Hakimiyyətin yeni konfiqurasiyasında mühüm iqtisadi və beynəlxalq məsələlərin həllində iştirak edən Kirill Dmitriyev də diqqət çəkən fiqurlardandır.
Bununla belə, Kremlin hər hansı bir ailə klanının həddindən artıq güclənməsində maraqlı olmadığı ehtimal edilir. Müxtəlif qruplar arasında rəqabətin saxlanılması Putinə elita üzərində nəzarəti qorumağa və ciddi resursları birləşdirə biləcək müstəqil siyasi rəqibin meydana çıxmasının qarşısını almağa imkan verir.
Müharibə iştirakçıları da hakimiyyətə gətirilirKremlin kadr siyasətində ayrıca istiqamətlərdən biri Ukraynaya qarşı müharibədə iştirak etmiş şəxslərin dövlət idarəçiliyinə cəlb edilməsidir.
“Qəhrəmanlar zamanı” adlı prezident proqramı vasitəsilə müharibə veteranları və işğalçı qüvvələrin keçmiş hərbçiləri inzibati və idarəetmə vəzifələrinə irəli çəkilir.
Bu mexanizm bir neçə məqsədə xidmət edir. İlk növbədə, dövlət aparatına hərbi təcrübəsi olan şəxslər cəlb edilir. Eyni zamanda, yeni məmurların hakimiyyətdən asılılığı artırılır, regional strukturlarda Kremlin siyasi xəttinə sədaqət möhkəmləndirilir.
Təhlil müəlliflərinin fikrincə, bu kadr siyasəti Rusiyada idarəetmə sisteminin daha da hərbiləşməsinə şərait yaradır. Digər tərəfdən, məmurların karyera perspektivlərinin mövcud rejimin qorunması ilə sıx bağlanması yaxın perspektivdə hakim elita daxilində parçalanma ehtimalını azalda bilər.
Putin 2036-cı ilə qədər hakimiyyətdə qalmaq istəyir?Formalaşan modelin əsas xüsusiyyəti vahid və rəsmi şəkildə müəyyənləşdirilmiş varisin olmamasıdır. Putin 2030-cu ildən sonrakı dövrdə də fəaliyyət göstərə biləcək idarəetmə mexanizmi yaratmağa çalışır. Ancaq bu, onun hakimiyyəti kiməsə təhvil verməyə hazırlaşdığı anlamına gəlmir.
2020-ci ildə Rusiya Konstitusiyasına edilən dəyişikliklər Putinə prezidentlik müddətlərinin hesablanması qaydasını yenidən müəyyənləşdirmək və növbəti seçkilərdə iştirak etmək imkanı verib. Bu hüquqi çərçivə ona 2036-cı ilədək hakimiyyətdə qalmağa imkan yaradır.
Bu baxımdan, hazırkı kadr dəyişikliklərini Putinin siyasi səhnədən getməsinə hazırlıq kimi deyil, mövcud rejimin uzunmüddətli fəaliyyətini təmin etmək cəhdi kimi qiymətləndirmək daha doğru olar.
Nəticə etibarilə, Putin özündən sonra hakimiyyətə gələcək bir şəxsi deyil, özünə bağlı idarəçilər sistemini formalaşdırmağa çalışır. Bu sistemdə hər kəsin müəyyən səlahiyyəti olacaq, lakin son söz yenə də bir nəfərə məxsus qalacaq.
Natiq Səlim,
KONKRET.az