Putin ABŞ a getsə, onu nə gözləyə bilər? MÜHÜM DETALLAR

27.11.2026

Azpolitika.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

ABŞ Prezidenti Donald Trampın Rusiya lideri Vladimir Putini Birləşmiş Ştatlara dəvət etməsi beynəlxalq siyasi gündəmdə diqqət çəkən müzakirələrə yol açıb. Dəvət fonunda Putinin G20 sammitində iştirakı məsələsi də aktuallaşıb. Lakin Rusiya liderinin ABŞ-yə səfəri təkcə siyasi və diplomatik deyil, həm də ciddi hüquqi suallar doğurur. Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Putin barəsində həbs orderi verməsi mümkün səfərin təhlükəsizlik və hüquqi tərəflərini gündəmə gətirir. Bəs Putin G20 sammitinə qatılarsa, onu hansı siyasi ssenarilər gözləyə bilər? 

Mövzu ilə bağlı "AzPolitika"ya açıqlama verən Vətəndaş İştirakçılığının Təşviqinə Dəstək İctimai Birliyinin sədri, politoloq Taleh Əliyev bildirib ki, Rusiya prezidenti Vladimir Putinin ABŞ-da keçiriləcək G20 sammitinə dəvət olunması siyasi gündəm üçün tamamilə yeni xəbər deyil. Hələ bir müddət bundan öncə bu informasiya ictimaiyyətə məlum olmuşdu. Üstəlik, sammitin ənənəvi protokoluna uyğun olaraq liderlərin əsas görüşündən əvvəl Xarici İşlər Nazirləri səviyyəsində keçirilən toplantıda Rusiyanın XİN rəhbəri də iştirak etmişdi. Bu baxımdan, Putinin tədbirə dəvət edilməsi gözlənilməz və ya əlahiddə bir hadisə kimi qiymətləndirilməməlidir:

"Beynəlxalq Cinayət Məhkəməsi (BCM) tərəfindən Putin haqqında həbs orderinin verilməsi məsələsinə gəldikdə isə, ABŞ-ın bu məhkəmənin yurisdiksiyasını tanımadığı və üzvü olmadığı məlumdur. Vaşinqtonun BCM ilə münasibətlərinin gərgin olduğu nəzərə alınsa, sözügedən order əsasında Rusiya prezidentinin ABŞ ərazisində saxlanılması və ya hər hansı formada sorğu-suala çəkilməsi hüquqi cəhətdən mümkün deyil. Ehtimal etmək olar ki, Putinin sammit çərçivəsində səmimi və məmnunluqla qarşılanması yalnız ABŞ prezidenti səviyyəsində baş tuta bilər. Lakin tədbirin ümumi ab-havası Rusiya nümayəndə heyəti üçün heç də əlverişli olmayacaq. Daha əvvəl XİN rəhbərlərinin görüşündə Rusiyanın xarici işlər naziri Sergey Lavrovun üzləşdiyi soyuq münasibət və diplomatik təcrid mühiti böyük ehtimalla liderlərin sammitində də Putini gözləyir. Çünki G20-yə üzv olan ölkələrin əksəriyyəti Rusiya-Ukrayna müharibəsini pisləyən və Moskvaya qarşı sərt mövqe tutan dövlətlərdir".


Politoloqun sözlərinə görə, bütün bu amillər onu göstərir ki, Rusiya prezidentinin G20 sammitindəki iştirakı xüsusilə onun özü üçün xoş olmayan bir mühitdə keçəcək:

"Bu səfərin Rusiya üçün hər hansı ciddi siyasi, iqtisadi və ya maliyyə dividendləri gətirəcəyi, yaxud əlamətdar bir hadisə kimi yadda qalacağı inandırıcı görünmür. Sammitin rəsmi yekun sənədlərində əksini tapmasa belə, tədbirin kuluarlarında aparılacaq müzakirələr zamanı Rusiyanın Ukraynadakı siyasəti birbaşa çatdırılacaq. Həmçinin tədbir çərçivəsində həm jurnalistlər, həm də digər iştirakçılar tərəfindən Ukraynaya dəstək xarakterli kiçik etiraz aksiyalarının və ya simvolik nümayişlərin keçirilməsinə cəhdlərin olması da tamamilə real görünür".

Müşviq Tofiqoğlu

AzPolitika.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью